Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun məzarı ziyarət edilib – FOTOLAR

 

956

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpağa verilməsinin ildönümü münasibəti ilə onun məzarlığının ziyarəti davam edir. Musavat.com xəbər verir ki, bu gün Müdafiə Nazirliyinin və Daxili Qoşunlar heyətinin bir qrupu şəhidin məzarını ziyarət edib, onun qəbrinə gül dəstəsi qoyub.   
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılıb.
Hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz hücumla birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.Mübariz İbrahimovun şəhid olmasına baxmayaraq, ermənilər onun cəsədini 141 gün saxlayıblar. Ermənilər tutduqları əməldən zövq alırmış kimi, İbrahimovun şəkillərini internet saytlarında yayımlamışlar. Danışıqlardan sonra hərbçi Mübariz İbrahimovun meyiti 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında qarşı tərəfdən alınıb. Proses əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasimindən sonra şəhid qəhrəman dəfn edilib.






 






Fikirlər