“Başqanlıq” sistemi: Türkiyəyə sırınan məcburi xilas resepti
Türkiyədə son parlament seçkisindən sonra AKP-nın təkbaşına hakimiyyət qurmaq istəyi baş tutdu. Bununla belə, seçicilərin yarısının səsini alan iqtidar partiyasının son hədəfini reallaşdırdığını demək çətindir. Söhbət ondan gedir ki, AKP seçkilərə Türkiyənin idarəetmə şəkilini dəyişdirmək, prezidentlik üsul-idarəsinə keçmək imkanı kimi baxırdı. Bunun üçün isə ona parlamentdə konstitusiyanı dəyişdirmək səlahiyyəti verəcək çoxluq lazım idi. Türkiyənin mövcud qanunvericiliyinə görə, konstitusiya dəyişikliyi üçün, ən azı, 330 millət vəkilinin səsi tələb olunur. Zira, deputatların 60%-nin səs verəcəyi təqdirdə, konstitusiya dəyişikliyi barədə qanun layihəsi referenduma çıxarıla bilər. Digər bir yol isə parlament üzvlərinin mütləq çoxluğunun, yəni 3/2-sinin səsini qazanmaqdır. 367 deputatın səs verdiyi layihə referenduma belə çıxarılmadan qanuni qüvvəyə minir. Deməli, hazırda 317 millət vəkili olan AKP-nin bu istəyini reallaşdırması üçün, ən azı, əlavə 13 millət vəkilinə ehtiyacı var. Görünür, AKP-nin bu istəyini və istəyindən doğan ehtiyacını nəzər alan HDP gündəmə maraqlı bir təklif gətirmək fikrinə düşüb. Dünən partiyanın həmsədri Səlahəddin Dəmirtaş prezidentlik üsul-idarəsinə eyham vururaq deyib: “Gəlin, idarəetmə modelini birlikdə müzakirə edək. Kənan Evrən getdi, anayasası qaldı. Bu anayasadan qurtulmaq hamımızın ən ümdə vəzifəsi, məsuliyyətidir”. HDP-nin irəli sürdüyü təklif Türkiyə konstitusiyasının hansısa bir maddəsində dəyişiklik yox, onu bir kənara qoyub yeni bir anayasa qəbul etməkdir. 2007-ci ildən bəri bu təklifi irəli sürdüklərini xatırladan Dəmirtaş Böyük Millət Məclisinə təqdim etdikləri layihənin bir sıra mütəxəssislər tərəfindən təqdirlə qarşılandığını bildirib. HDP-ın hazırladığı həmin konstitusiya layihəsində regional idarəçiliyin səlahiyyətlərini artırmaq, yerli hakimiyyətləri bələdiyyə orqanlarına vermək nəzərdə tutulur. Açıq dilə gətirməsə də, Səlahəddin Dəmirtaşın fikirlərindən belə çıxır ki, HDP prezidentlik üsul-idarəsinə keçmək üçün Ərdoğanla sövdələşməyə hazırlaşır. Demək istəyir ki, “sən bizim həssasiyyətlərimizi nəzərə alsan, biz də sənin istədiyini edə bilərik”. 1 Noyabr seçkilərinin nəticələrinə əsasən, HDP-nin 59 millət vəkili var. AKP ilə razılıq əldə olunarsa, hər iki partiyanın konstitusiya dəyişikliyi üçün lazım olan kvorumu ortaya çıxarmaq üçün heç bir problemləri yoxdur. 317+59= 376 etdiyindən iki partiyanın birgə hazırladığı layihənin hətta referenduma çıxarmağa belə ehtiyac duyulmadan elə parlamentdə səs vermək yoluyla qəbul etmək mümkündür. Xatırladaq ki, bu say tələb olunan kvorumdan 9 millət vəkili qədər çoxdur. Fəqət nəzəri baxımdan mümkün görünən bu ehtimalın reallaşdırılması ehtimalı isə düşünüldüyü qədər asan deyil. Nədən ki, 7 iyun seçkilərindən sonra AKP taktiki gediş edərək millətçilik qanadına meyllənmiş, MHP elektoratının rəğbəti hesabına indiki nəticəni qazanmışdır. Onun birdən-birə HDP-ylə separat danışıqlara getməsi əhali arasında xəyal qırıqlığı yarada və ölkədəki siyasi stabilliyi poza bilər.Üstəlik, AKP-nin parlamentdə təmsil olunan deputatları arasında da millətçi damarı geniş olan insanlar var. Təbii ki, sözgedən sövdələşmə əsnasında onların HDP ilə eyni sırada görünəcəyini düşünmək sadəlövhlük olardı. Bununla belə, HDP-nin bu təklifinin Türkiyənin siyasi həyatında ciddi dəyişikliklərə səbəb olacağı gözlənilir. Hər halda MHP-nin daha ciddi problemlərə yol açmamaq və kürd separatizminə yarayacaq konstitusiya dəyişikliyinin qarşısını almaq üçün artıq AKP ilə sövdələşməyə getmək üçün kifayət qədər bəhanəsi və ya əsası var. Mümkündür ki, MHP hakim partiyaya istədiyi dəstəyi verməklə onu separatçılarla anlaşmaq “ehtiyacından” “xilas etsin”. Düzdür, MHP deputatlarının sayı prezident üsul-idarəsinə keçmək üçün tələb olunan qanun layihəsinin referenduma çıxarılmadan dəyişdirilməsinə imkan vermir. Parlamentdə təmsil olunan MHP-çi sayı cəmi 40 deputatdır. Onları da AKP-çilərin üstünə gəlsək, 357 edər. Bu isə sadəcə qanun layihəsini referenduma çıxarmaq üçün yetərlidir. Fəqət AKP-nin HDP-ylə sövdələşib Türkiyəyə daha böyük zərər vurma ehtimalı türk seçicilərini də bu iradə ilə razılaşmağa məhkum edə bilər. Zənnimizcə, AKP üçün də əslində konstitusiya layihəsinin referendum yoluyla qəbulu daha məqbul variantdır. Bu variant bir başqa xalqın iradəsiylə yeni sistemə keçmək deməkdir ki, hər halda, təmsili demokratik üsuldan daha ədalətli və sivil görünür. Qardaş ölkədə oynanan bu demokratiya komediyasına nəzər salanda xalqların siyasi dəyişikliklərə necə məcbur buraxıldıqlarını əyani şəkildə görə bilərik. Bəzən onların əsla istəmədikləri “islahatlar” yaradılan təbii təhdidlər qarşısında vətəndaşların bərk-bərk sarıldığı məcburi xilas reseptlərinə çevrilir...