“Kollektiv Qərbin Rusiyanı təcrid etmək planı iflasa uğradı” iddiası: gerçəklik, yoxsa...
Yanvarın 17-də iqtisadi məsələlərə həsr olunmuş hökumət müşavirəsi keçirən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, 2022-ci ilin sosial-iqtisadi yekunları bir çox proqnozlardan daha yaxşı olub. İlkin məlumata əsasən, Rusiyada ötən ilin yekununda 2,5 faizlik iqtisadi daralma qeydə alınıb ki, bu da əksər proqnozlardan daha yaxşı göstəricidir. Putin iddia edib ki, çoxsaylı sanksiyalara baxmayaraq, ölkə iqtisadiyyatında müsbət tendensiyalar var və Rusiya bu tendensiyaları möhkəmlətmək iqtidarındadır. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə parlamentin yanvarın 17-də keçirilən plenar iclasında bildirib ki, “Vaşinqton və Brüsselin Rusiyanı təcrid etmək planı” iflasa uğrayıb: “Beynəlxalq aləmdə çoxqütblülük tələbi var. Bizim digər ölkələrlə münasibətləri inkişaf etdirməklə bağlı yanaşmalarımız qarşılıqlı hörmətə, suveren dövlətlərin işlərinə müdaxilə etməmək və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır”. Maraqlıdır ki, yalnız Rusiya rəsmiləri deyil, bəzi Qərb yazarları da sanksiyaların gözlənilən effekti vermədiyini bildirirlər. “The Washington Post” qəzetinin yazarı Adam Teylor hesab edir ki, Qərbin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına gözlənilən qədər təsir etməyib. Putinin iqtisadi müşavirədəki çıxışını şərh edən Teylor Rusiyanın dünyadan tam təcrid olunmadığını bildirib: “Ölkənin hazırkı hesablar balansı, yəni onun dünya ilə ticarətinin həcmi ötən il elə artıb ki, adi vaxtda bunu ciddi iqtisadi artımın göstəricisi kimi qəbul etmək olardı”. Yazara görə, sanksiyaların real təsirləri yaxın gələcəkdə daha sərt hiss olunacaq ki, bu da özünü neft-qaz gəlirlərinin azalmasında büruzə verəcək.
Şahin Cəfərli: “Yaxın illərdə Rusiya böyük büdcə kəsirləri ilə yaşamağa davam edəcək, əhalinin real gəlirləri daha da azalacaq, yoxsulluq dərinləşəcək” Politoloq Şahin Cəfərlinin fikrincə, sanksiyaların Rusiyaya necə təsir etdiyini anlamaq üçün ilk növbədə enerji sektoruna nəzər salmaq lazımdır: “Çünki bu sektor Rusiya istisadiyyatının aorta damarıdır və bütün iqtisadi sistemin əsasını təşkil edir. Qeyd etmək lazımdır ki, Rusiyanın neft-qazdan ciddi asılılığı davam edir. Məsələn, 2022-ci ilin birinci yarısının nəticələrinə əsasən federal büdcənin gəlirlərinin 45,5 faizi neft-qaz gəlirlərindən ibarət olub. Putin rejimi təbiətin bəxş etdiyi təbii ehtiyatları yerin altından çıxarıb satmaqla gəlirləri artırmasından qürrələnmək əvəzinə, hakimiyyətdə olduğu uzun illər ərzində iqtisadi sistemi modernləşdirə və onun ixrac strukturunu dəyişdirə bilmədiyini öz xalqına izah etməlidir. Lakin Rusiyada rejimin imitasion-dekorativ demokratiyadan tamamilə imtina edərək diktatura yolunu seçməsindən sonra artıq kiməsə izahat vermək ehtiyacı da qalmayıb, çünki belə bir izahat və hesabat tələb edəcək institutlar artıq yoxdur. Rusiya rəhbərliyinin nikbin açıqlamaları ötən il yüksək neft qiymətlərinin ölkə büdcəsi üçün yaratdığı komfortdan irəli gəlir. Belə ki, 2022-ci ildə Rusiyanın “Urals” markalı neftinin orta qiyməti 76 dollar təşkil edib. Xüsusən ilin birinci yarısında qiymətlər çox yüksək idi və bu müddətdə “Urals”ın orta qiyməti 85 dollardan çox olub. Lakin ilin sonlarında - dekabrın 5-dən etibarən Avropa Birliyinin dəniz yolu ilə daşınan Rusiya neftinə embarqo tətbiq etməsi, eləcə də AB, G-7 ölkələri və Avstraliyanın Rusiya nefti üçün 60 dollar tavan qiymət müəyyənləşdirməsindən sonra “Urals”ın ciddi şəkildə ucuzlaşdığını görürük. Rusiya öz neftini sata bilmək üçün alıcılara ciddi endirimlər (“Brent”ə nisbətən iki dəfəyə yaxın) etmək məcburiyyətində qalıb, daşınma xərcləri də xeyli artıb ki, bu da mənfəəti azaldan amillərdən biridir. Ötən il dekabrın ortalarından bu il yanvarın ortalarına qədər olan 1 aylıq dövrdə Rusiya neftinin orta qiyməti 46,82 dollar təşkil edib. Halbuki Rusiyanın 2023-cü il üçün dövlət büdcəsində neftin qiyməti 70,1 dollardan götürülüb. İlboyu bu şəkildə davam edərsə, büdcə gəlirlərinin xeyli azalacağını anlamaq üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Rusiya Maliyyə Nazirliyi 70 dollarlıq orta neft qiymətinə əsaslanaraq 2023-cü ildə ÜDM-in 2 faizi həcmində büdcə kəsiri proqnozlaşdırıb. Nazirlik 50 dollar orta qiymət və sutkalıq hasilatın 10 milyon barel olacağı ssenaridə neft-qaz gəlirlərinin bu il dörddə bir həcmdə - 2,1 trilyon rubl azalacağını gözləyir. Lakin noyabrdan bəri hasilat azalır və sanksiyalar səbəbi ilə bazar problemi yarandğı üçün bu il də azalacaq. Əgər hasilat gözlənildiyi kimi 9 milyon barelə düşərsə, gəlirlərin 2,9 trilyon həcmində azalacağı proqnozlaşdırılır". Politoloq bildirir ki, Rusiya neft sektoruna qarşı yeni sanksiyaların təbiqi gündəmdədir: “Avropa Birliyi fevralın 5-dən etibarən Rusiya neft məhsullarının (mazut, dizel, liqroin və s.) AB məkanına idxalına da embarqo qoyaraq üçüncü ölkələrə ixracı üçün neftdə olduğu kimi, tavan qiymətlər müəyyən etmək niyyətindədir. Bu da Rusiya büdcəsinin gəlirlərinə əlavə zərbə vuracaq. Ukraynaya qarşı işğalçı müharibəni maliyyələşdirmək isə getdikcə ağır yükə çevrilir. Hərbi xərclərin büdcədə nəzərdə tutulan miqdarı aşacağı şübhəsizdir. Xüsusən növbəti səfərbərlik elan olunarsa, Rusiya büdcəsini əlavə stres gözləyir. Rusiyanın neftlə yanaşı, digər strateji ixrac məhsulu olan təbii qazla bağlı durum isə daha mürəkkəbdir. 2022-ci ildə "Qazprom"un hasilatı bir il əvvələ nisbətən 19,6 faiz az olub. Uzaq ölkələrə ixrac isə az qala yarıbayarı - 45,1 faiz aşağı düşüb. Məsələnin geosiyasi tərəfinə nəzər salsaq, Rusiyanın Avropa qaz bazarında stratej tədarükçü rolunu itirdiyini və bir daha bərpa edə bilməyəcəyini qeyd etməliyik. Bu, həm də o deməkdir ki, Moskva Avropa Birliyi üzərində təsir imkanlarını itirib. 2022-ci ilin ən önəmli geosiyasi və geoiqtisadi nəticələrindən biri budur". Ş.Cəfərlinin fikrincə, ümumiyyətlə, yaxın illərdə Rusiya böyük büdcə kəsirləri ilə yaşamağa davam edəcək, əhalinin real gəlirləri daha da azalacaq, yoxsulluq dərinləşəcək: “Ağır demoqrafik böhran, müharibə başladıqdan sonra ölkədən beyin axınının güclənməsi, kvalifikasiyalı işçilərin, xüsusən İT mütəxəssislərinin mühacirəti, bütün bunların nəticəsində əmək resurslarının azalması, eləcə də Putin rejiminin getdikcə daha çox öz içinə qapanaraq irticalaşması onu deməyə əsas verir ki, Rusiyanın nəinki qısamüddətli, hətta ortamüddətli perspekstivdə hər hansı inkişafı mümkün deyil. Rusiyanın düşünə bilən beyinləri bu qaranlıq perspektivi görür, lakin onlar vəziyyəti dəyişmək gücündə deyil”.
Natiq Cəfərli: “2023-cü il Rusiya iqtisadiyyatı üçün daha vacib il olacaq” İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Rusiya rəsmi statistikasının açıqladığı rəqəmləri doğru hesab etmək mümkün deyil: “Doğrudur, hələlik sanksiyaların gözlənilən effektini müşahidə etmirik. Lakin Rusiya statistik məlumatlarını da reallığı əks etdirən mütləq həqiqət kimi qəbul etmək düzgün olmazdı. Çünki Rusiyada statistika kifayət qədər siyasiləşib. Amma makroiqtisadi göstəricilərə, birjalardakı vəziyyətə vizual olaraq baxdıqda, sanksiyaların gözlənildiyi qədər kəskin təsir etmədiyi görünür. Hesab edirəm ki, bu, müvəqqəti haldır. Çünki sanksiyaların orta və uzunmüddətli dövrdə təsirləri daha güclü ola bilər. Ona görə də 2023-cü il Rusiya iqtisadiyyatı üçün daha vacib il olacaq. Əgər tərəfdaş ölkələr və əvvəlki resurslar imkan verməsə, sanksiyaların daha sərt tətbiqi mümkün olsa (açığını demək lazımdır ki, hazırda sanksiyalarda qara dəliklər çoxdur, yan keçmək mümkün olur, xüsusilə də Ermənistan kimi ölkələr bu məsələdə Rusiyaya böyük dəstək verirlər), o zaman cari ildə Rusiya iqtisadiyyatında daha ciddi təlatümlər, dalğalanmalar ola bilər”. Qeyd edək ki, Avropa Komissiyası Rusiyaya qarşı sayca 10-cu sanksiya paketini hazırlayır. Bu barədə açıqlama verən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bəyan edib ki, bu paketdə əsas diqqət sanksiyalardan yayınma imkanlarının aradan qaldırılmasına yönəldiləcək. Onun sözlərinə görə, Avropa Komissiyası Rusiyanın sanksiyalardan yayınmasına dəstək verən, buna şərait yaradan, habelə prosesdə bilavasitə iştirakçı olan fiziki və hüquqi şəxslərə qarşı ciddi tədbirlər hazırlayır: “Avropa İttifaqının sanksiyalarından yan keçənləri ciddi nəticələr gözləyir”. Avropa Komissiyasının Prezidenti həmçinin bildirib ki, sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbə vuracaq, onu “onilliklər boyu” tənəzzüldə qalmasına, Rusiya sənayesinin qabaqcıl texnologiyalardan məhrum olmasına gətirib çıxaracaq. Xanım Lyayenin sözlərinə görə, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları, Ukraynaya isə dəstəyi davam etdirəcək. Onu da bildirək ki, Rusiyada iri dövlət şirkətlərindən birdəfəlik vergi adı altında böyük həcmdə pulların toplanması qərarı alındığı deyilir. "Bloomberg" agentliyinin yazdığına görə, Rusiya hökuməti müharibə xərclərini qarşılamaq üçün gübrə, neft, kömür istehsalçısı olan şirkətlərdən dvident gəlirlərinin 50 faizi həcmində “birdəfəlik” vergi almağa hazırlaşır. Bu prosesin adının “gəlir səfərbərliyi” qoyulduğu bildirilir. Bu isə Rusiyada iqtisadi vəziyyətin heç də ölkə rəhbərliyinin açıqladığı kimi müsbət dinamikalı olmadığını göstərir... Dünya SAKİT,
“Yeni Müsavat”