Vasif Talıbovla bağlı daha bir iddia: Əfv sərəncamları imzalayırmış?

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclis sədri Vasif Talıbovun qanunsuz əməlləri barədə məlumatların ardı-arası kəsilmir. Yeni məlumatlardan biri Vasif Talıbovun konstitusiyaya zidd təyinatları barədədir. Məlumatı musavat.com yayıb. Bildirilir ki, Vasif Talıbov yaxın adamlarını hakim təyin edərkən konstitusiyanın tələblərinə əməl etməyib.
"Məhkəmələr və hakimlər haqqında" Qanunun 93-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq, yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.
Vasif Talıbovun təyin etdiyi hakimlərin iş təcrübəsi isə 5 il deyil, 3 il hesablanıb. Həmin hakimlər aşağıdakılardır:
Naxçıvan MR Hərbi Məhkəməsinin sədri Həsənov Polad Vəli oğlu - Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin 2005-ci ildə bitirib. 3 il sonra Culfa Rayon Məhkəməsinə hakim təyin edilib.
Naxçıvan Şəhər Məhkəməsinin sədri Məmmədov Qabil Neymət oğlu - Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsi 2000-ci ildə bitirib. 2003-cü ildə Şərur Rayon Məhkəməsinin hakimi təyin olunub.
Culfa Rayon Məhkəməsinin sədri Məmmədov Mehrab Fərmayıl oğlu - 2010-cu ildə hüquq fakültəsini bitirib. 2013-cü ildə hakim olub.
Vasif Talıbovun konstitusiyaya zidd daha bir əməli haqqında isə Qaynarinfo-ya məlumat daxil olub. İddialara görə, "xan” o qədər müstəqilləşibmiş ki, əfv sərəncamları imzalayırmış. 
Əfv etmək konstitusiya ilə Azərbaycan Prezidentinin səlahiyyətinə aiddir. Deməli, Vasif Talıbov əfv sərəncamı imzalaması konstitusiyaya ziddir. 
Bu faktlar Vasif Talıbovun son illər mərkəzi hakimiyyətə tabel olmamağa cəhd göstərməsi barədə iddiaların əsassız olmadığını göstərir.






Fikirlər