1 noyabr Məzahir Pənahovun keçirdiyi son seçki imiş – Sensasion iddialar
Noyabrın 1-də baş tutan parlament seçkiləri Mərkəızi Seçki Komissiyasının (MSK) Məzahir Pənahovun rəhbərliyi altında keçirdiyi son seçki ola bilər. Bu barədə Qaynar.info-ya hakimiyyətə yaxın mənbədən məlumat verilib. Məlumatı verən mənbənin iddiasına görə, hələ 2013-cü ildə keçirilən preziden seçkisi zamanı MSK-nın bariz xətalara yol verməsi Məzahir Pənahovun kürsüsünü əməlli-başlı laxladıb: “Yadınızdadırsa, həmin vaxt seçkiyə bir gün qalmış l MSK komik bir səhvə yol verməklə hökumətin seçki nəticələrini əvvəlcədən müəyyənləşdirdiyini ortaya qoyub. Həmin vaxt MSK ilə müqavilə əsasında “Happy Baku” adlanan firma seçki nəticələrinin elan olunması üçün mobil telefon proqramı hazırlayıb. Proqram istifadəyə hazır olduqdan sonra isə seçkidən bir gün əvvəl artıq nəticələr elan olunub. Bu o zaman həm ölkə daxilində, həm də ondan kənarda geniş əks-səda doğurmuşdu. Hakimiyyət daxilində MSK-nın bu xətası ciddi qəzəblə qarşılanmış, amma qarşıdan bələdiyyə və parlament seçkilərinin gəldiyi nəzərə alınaraq, belə bir ərəfədə qurumun sədri postunda dəyişikliyin problemlərə yol aça biləcəyi düşünülmüş və Məzahir Pənahovun sədrlik postundan uzaqlaşdırılması ertələnmişdi”. Mənbə bildirib ki, 1 noyabr seçkisi Məzahir Pənahov üçün son şans olub: “Müxalifətin aparıcı qüvvələrinin seçkidə iştirak etmədiyi nəzərə alınaraq, MSK sədrinə son parlament seçkisinin hay-küysüz keçirilməsi tapşırılıb. Bununla belə, yenə də MSK kobud xətalarla yadda qalıb. Bəzi dairələrdə, xüsusilə 35 saylı üçüncü seçki dairəsindəki qanun pozuntuları Pənahova etimadı tamamilə tükədib. Bu, eləcə də bir neçə başqa dairədə əvvəlcədən nəzərdə tutulan deputatlığa namizədin qələbəsi rəsmiləşsə də, ümumilikdə seçkinin demokratikliyini şübhə altına alan mənzərənin ortaya çıxması, naşıcasına həyata keçirilən saxtakarlıq hallarının video və foto faktlarda əks etdirilməsi MSK sədrinin əvəzlənməsi zərurətini ortaya qoyub. Hakimiyyət 2018-ci ildə keçiriləcək prezident seçkisinin mümkün olduğu qədər az səs-küysüz baş tutması üçün Məzahir Pənahovu postundan uzaqlaşdırmaq niyyətindədi. Bu addımın ən qısa vaxtda atılması gözlənilir, çünki yeni sədrin kifayət qədər məsul vəzifəyə “isinişməsi” lazımdı”. Xatırladaq ki, Məzahir Pənahov 2000-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmiş və MSK-nın sədri seçilib. 22 fevral 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) təqdimatı ilə yenidən MSK-nın üzvü, 24 fevral 2011-ci ildə isə MSK -da keçirilən səsvermə ilə bir daha Mərkəzi Seçki Komissiyasının sədri seçilib. M. Pənahov “Şöhrət” ordeni ilə təltif olunub(Azərtaym.az)