Paşinyan müharibədən sonra İLK DƏFƏ ETİRAF ETDİ: Əliyev məni məcbur etdi ki...

"Nikol Paşinyanın açıqlaması onu deməyə əsas verir ki, hazırda mühim geosiyasi proseslər fonunda Ermənistan regional təhlükəsizliyi gücləndirmək üçün mühim çağırışlara cavab verməlidir".

Bunu Milli.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa heç bir yolu yoxdur:

"Ermənistan tərəfi təəssüflər olsun ki, pozucu niyyətlərindən əl çəkmir, regional kommunikasuya xəttlərinin açılması, iqtisadi fəaliyyətin bərpa olunması, diplomatik əlaqələrin qurulması ilə bağlı çox yaxşı imkanlar olsa da bu imkanlardan imtina edir. Ermənistan baş nazirinin İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə bütün çıxışları təzadlıdır, birmənalı deyil və məhz regional sabitliyə qarşı yönəlib. 

Ermənistan üçün kapitulyasiya bənzər bir sənəd olmayan sülh müqaviləsinə imza atmaqda qərarlı olduğunu bildirən Nikol Paşinyan hələ indidən artıq öz şərtlərini irəli sürür. Sanki ona eyham vurur ki, üçtərəfli birgə bəyanat kapitulyasiya sənədi idi və Ermənistan müharibənin gedişində buna razı oldu. 

Paşinyan bununla bildirmək istəyir ki, bir də bundan sonra özləri üçün hansısa qəbulolunmaz sənədə imza atmayacaq. Bunun özü qüsurlu yanaşma, qüsurlu düşüncədir. Çünki regional sabitıiyi möhkəmləndirmək üçün atılan addımlar heç də tərəflərin maraqlarına qarşı yönəlməyib.

Bu gün dünyada nə qədər ərazi bütövlüyünə, suverenliyinə qarşı möhkəm iradə varsa, Azərbaycan da bu iradənin daha da gücləndirilməsini tələb edir. Digər tərəfdən qeyd etməliyik ki, Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa heç bir yolu yoxdur. Bu yekun, qəti bir mövqedir. Məhz buna görə Münhen Təhlükəsizlik Konfransında tərəflər plenar iclasa dəvət olunmuşdular, məhz buna görə bu gün ABŞ, Avropa İttifaqı və Rusiya vasitəçi qismində çıxış edir, məhz buna görə regionda maraqları kəsişən güclər var və məhz buna görə də tərəflərin sülh müqaviləsini imzalaması regional sabitliyə töhvə verəcək. 

İrəli sürülən bütün bu istiqamətləri Ermənistan hökümətinin rəhbəri anlamalı və buna uyğun davranmalıdır. Bəli, məsuliyyəti üzərinə götürməli və tarixi sənədə imza atmaq zamanıdır. Bu gün hər hansısa tələblər irəli sürmək yolverilməzdir. Vətən müharibəsində qalib gələn Azərbaycan özü tələbləri müəyyənləşdirir və ona uyğun addımların atılmasını da məcbur edir".

Qeyd edək ki, Nikol Paşinyan bu gün mətbuata bəyanatla çıxışı zamanı Azərbaycanla sülh müqaviləsi barədə danışıb: "Mən Azərbaycanla sülh müqaviləsi imzalamaq məsələsində tam qətiyyətliyəm, lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzəyən sənəd olmamalıdır. Bu, regionumuzda real və davamlı sülh haqqında sənəd olmalıdır və mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram".






Fikirlər