RUSİYA MEDİASI YENƏ ÖZ ANTİ-AZƏRBAYCAN “SİFƏTİNİ” GÖSTƏRDİ – Erməni təxribatlarına açıq dəstək

Son zamanlar Ermənistan dövləti və cəmiyyətinin əksər hissəsinin açıq anti-Rusiya ritorikasına, hətta Moskvaya ünvanlanan təhqir və təhdidlərinə rəğmən, rus mətbuatı öz anti-Azərbaycan və açıq ermənipərəst mövqeyindən əl çəkmir. Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş məlum insidentin qeyri-obyektiv, birtərəfli, qərəzli şəkildə işıqlandırılması bunun açıq sübutudur.

“AzPoplitika.info” xəbər verir ki, Rusiya mətbuatı ötən gün qanunsuz erməni silahlı birləşmələrinə qarşı xüsusi təyinatlı bölmələrimizin həyata keçirdiyi əməliyyatı və iki hərbçimizin şəhid olduğu məlum insidenti həmişəki kimi, öz ampluasında təqdim edib.

Demək olar, Rusiyanın Kremlin nəzarətində olan və olmayan bütün aparıcı media orqanları bu insidenti Ermənistanın və qondarma rejimin açıqlamaları, təbliğat yalanları əsasında işıqlandırıblar. Bütün rəsmi və qeyri-rəsmi mətbuat orqanları Azərbaycanın ayrılmaz tərkib hissəi olan ərazilərimizi “müstəqil” qurum olaraq, “dağlı Qarabağ” kimi təqdim ediblər. Azərbaycan hərbçilərinin tam qanunlarımıza uyğun davranışlarını isə “diversiya” kimi qələmə veriblər.

Məsələn, məşhur “Kommersant” nəşri saxtakarlıq edərək “dağlıq Qarabağda” Azərbaycan tərəfinin diversiya törətdiyini iddia edir: “Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupu polisin pasport-viza idarəsinin növbətçi avtomobilini atəşə tutub”.

Xəbərdə separatçıların dedikləri gen-bol tirajlanarkən, Azərbaycanın mövqeyi barədə bir kəlmə də yoxdur. Onu da soruşan yoxdur ki, Azərbaycanın suveren ərazisində hansı qondarma “dağlıq Qarabağ polisi”, hansı “pasport-viza” şöbəsindən söhbət gedə bilər?

Bu isə Rusiyanın rəsmi TASS agentliyinin məlumatıdır: “Ermənistan XİN Azərbaycan diversantlarının fəaliyyətini terrorçuluq adlandırıb. Nazirlikdən xəbər verilir ki, diversiya hücumu nəticəsində dağlıq Qarabağ DİN-in pasport-viza şöbəsinin 3 əməkdaşı həlak olub”.

Eyni məlumatları, eyni tərzdə “Vedomosti”, “İnterfaks” və demək olar bütün digər tanınmış Rusiya nəşrləri, telekanalları və agentlikləri yayıblar.

Bu isə bir daha onu göstərir ki, Rusiya hər nə qədər Azərbaycanla “strateji tərəfdaşlıq haqqında” sənəd imzalasa da, sözdə bitərəflik, vasitəçilik, sülhməramlılıq və s. barədə nağıllar danışsa da, heç zaman ermənipərəstliyindən əl çəkməyəcək. Ona görə öz “sülhməramlı missiyasını” nə qədər tez başa vurub, şələ-küləsini də götürüb torpaqlarımızdan çıxsa, bir o qədər yaxşıdır.

 






Fikirlər