“PUTİNİN HƏBSİNƏ DAİR ORDER VERİLƏ BİLƏR” - Beynəlxalq Cinayət Məhkəməsinin qərarı gözlənilir...
Rusiya-Ukrayna müharibəsindən bir il sonra Beynəlxalq Cinayət Məhkəməsi (BMC) Ukraynada törədilmiş hərbi cinayətlərə görə ilk həbs orderini verməyə hazırlaşır. “AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, BCM-nin prokuroru Kərim Xanın Ukraynada insanlıq əleyhinə qarşı cinayətlər və soyqırım ilə bağlı başlatdığı istintaqda həbs ediləcək şəxslərin kimliyi məlum olmasa da, Rusiya lideri Vladimir Putinin də həbsi ilə bağlı order verilə biləcəyi deyilir. Bunun hələ hüquqi əsası yaradılmasa da, presedent nümunələri Putinin də məhkəməyə verilə biləcəyini göstərir. Kərim Xan Ukraynadan Rusiyaya uşaqları qaçırmaqda və bu ölkənin mülki infrastrukturunu hədəfə almaqda iştirak edən çoxlu sayda rusiyalının indiyədək toplanmış sübutlara əsaslanaraq ilkin dinləməsini keçirir. O, hakimdən həmin şəxslərin həbs edilməsi üçün qərar çıxarmasını xahiş edəcəyini bildirib. Məlumatda bildirilir ki, Ukrayna və ona dəstək verən dövlətlərin iradəsi əsasında xüsusi məhkəmənin yaradılması mümkündür. Belə bir məhkəmənin yaradılması çətin görünsə də, keçmişdə presedentlər var. Məsələn, Almaniyada yəhudilərə qarşı soyqırım törətməkdə ittiham olunan Adolf Hitlerin tərəfdarlarının Nürnberqdə mühakimə olunduğu, Yuqoslaviya, Ruanda və Liberiyadakı hərbi cinayətlərin məhkəmə qarşısına çıxarıldığı hər kəsə məlumdur. Qeyd olunur ki, Liberiyanın keçmiş lideri Çarlz Taylor hərbi cinayətlərə görə mühakimə olunduğu Haaqadakı Sierra Leone Xüsusi Müharibə Cinayətləri Tribunalında 50 il həbs cəzasına məhkum edilmişdi. Çarlz Taylor 1991-2002-ci illərdə qonşu Sierra Leonedə qanlı vətəndaş müharibəsi zamanı terrorizm, zorlama, qətl və uşaq əsgərlərdən istifadə də daxil olmaqla 11 maddə üzrə mühakimə olunmuşdu. O, ikinci dünya müharibəsindən sonra beynəlxalq müharibə cinayətləri məhkəməsi tərəfindən məhkum edilən ilk lider idi.