Karaciç CƏZASINI aldı, BƏS Sərkisyan...

Karaciç cəzasını aldı, bəs Sərkisyan...

Srebrenitsa soyqırımı kimi Xocalı soyqırımını törədənlər də cəzalandırılmalıdır 

 

Xəbər verdiyimiz kimi,  Srebrenitsa soyqırımında  günahlandırılan keçmiş serb lideri Radovan Karaciçə  hökm oxunub. Haaqa Hərbi Tribunalı onu 11 ittihamdan 10-da təqsirkar bilib. O, soyqırım törətməklə bərabər, müharibə cinayətləri ilə də mühakimə edilib. Karaciç törətdiyi bütün cinayətlərə görə  40 il müddətinə azadlıqdan məhrum edilib. Bunların arasında 1995-ci il Srebrenitsa soyqırımı da var. 
 
Qeyd edək ki, Srebrenitsa soyqırımı Xocalı soyqırımı kimi dünya tarixində ən dəhşətli faciələrdən sayılır. 20 il sonra bu soyqırımı törədən şəxsin beynəlxalq məhkəmədə cəzasını alması Xocalı canilərinin də cəzalandırılması məsələsini gündəmə gətirir. Bəs görəsən,  Azərbaycan hökuməti hazırda Ermənistan dövlətinin rəhbərliyində olan və əli Xocalı şəhidlərinin qanına bulaşmış  şəxslərin həbsi üçün nə edə bilər? Biz bunun üçün gecikmiş sayılırıqmı?
 
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Srebrenitsa soyqırımının səbəbkarlarının cəzalandırılması həm hüquqi, həm də tarixi baxımdan çox mühüm bir presedentdir: “İlk növbədə bu bir mesajdır ki, tarixdə kütləvi qırğın törədənlər dövlətlərarası məhkəmə qarşısında durub cəzalarını alacaqlar. Xocalı soyqırımını törədənlər heç də Srebrenitsa soyqırımının təşkilatçılarından az cinayət törətməyiblər. Ən əsası isə Ermənistan cinayətkarları öz cinayətlərini açıq etiraf edirlər. Həm öz ölkələrində, həm də xarici mətbuat qarşısında bununla bağlı açıqlamalarını veriblər. Onların arasında indiki prezident Serj Sərkisyan, keçmiş prezident Robert Köçəryan, indiki  müdafiə naziri Seyran Ohanyan və digərləri də  var”. 
Deputatın sözlərinə görə, Azərbaycan hökuməti bununla  bağlı dəfələrlə beynəlxalq məhkəmələrə müraciət edib, lakin hələ də heç bir nəticə yoxdur: “Çünki  Avropanın müəyyən dairələri onların mühakimə edilməsində maraqlı deyillər. Srebrenitsa qətliamını törədənlərin mühakimə edilməsində isə Avropanın aparıcı siyasi dairələri birbaşa maraqlıdırlar. Çünki  həmin dövrdə onların apardığı siyasi xətt Avropanın siyasi xəttinə qətiyyən uyğun gəlmirdi. Bu baxımdan həm hüquqi, həm siyasi cəhətdən Serbiyanın keçmiş rəhbərləri cəzalandırılır. Ermənistana gəldikdə isə bu gün Avropada bu ölkənin işğalçı siyasətini açıq bildirməkdən çəkinirlər. Xocalı soyqırımını Avropanın müəyyən dairələri soyqırım hesab etmir, sadəcə, hərbi əməliyyatlarda bir hadisə kimi qiymətləndirməyə çalışırlar. Ortada kifayət qədər faktlar olmasına baxmayaraq, Xocalı soyqırımının təşkilatçıları və iştirakçılarını cinayətkar kimi məhkəmə qarşısına çıxartmaqdan imtina edirlər. Bu reallıqlar və ikili standartlar məhkəmə prosesində də özünü göstərir. Ancaq bundan asılı olmayaraq, Azərbaycan hökuməti vaxtaşırı məhkəmə prosesi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edir, faktları və sənədləri təqdim edir. Hesab edirik ki, gec-tez cinayətkarlar öz cəzalarına çatacaqlar”.
Hüquqşünas Müzəffər Baxış isə Xocalı soyqırımı cinayətkarlarının cəzalandırılmamasının günahını Azərbaycan hökumətində görür: “Əlbəttə, Xocalı soyqrımında əli olan cinayətkarların da beynəlxalq məhkəmələrdə həbs olunması mümkündür. Lakin Azərbaycan hökuməti bildirir ki, biz beynəlxalq məhkəmələrin statusuna daxil deyilik. Ona görə də Xocalı ilə bağlı belə bir cinayət işi açılmayıb. Bu səbəbdən biz onların cəzalandırılmasına nail ola bilmirik. Lakin ən böyük günah Azərbaycan hakimiyyətindədir. Əgər hökumət Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımi  sübutları təqdim etsə, onda həmin soyqırımı törədənlərin beynəlxalq məhkəmələr vasitəsilə cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür. Amma hakimiyyət bu sübutları təqdim etmir, əksinə, bəzi insanlar vasitəsilə cəmiyyətdə ictimai rəy yaradırlar ki, biz bu məsələnin beynəlxalq səviyyədə həllinə nail ola bilmərik”. 

 






Fikirlər