Növbədə Fazil Məmmədovdur?

 

img1870289İki nazirlikdə aparılan “əməliyyatlar”ın vergi sisteminə də şamil ediləcəyi iddia olunur; Natiq Miri: “Proseslər cəmiyyət və dövlətə xeyirlidir”

 

Noyabrın 12-də prezidentin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edildi. Ötən ayın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov, indi də Ə.Abbasov sabiq nazir statusu qazandılar….
Hazırda Rabitə və Texnologiyalar Nazirliyi də MTN-in taleyini yaşamaqdadır. Təhlükəsizlik orqanında oktyabrın 17-dən başlayan “inqilab”, artıq bu nazirliyin üzərinə gətirilir. Təsadüfi deyil ki, indiyə qədər bu qurumun 10-dan çox yüksək rütbəli məmuru həbs edilib. Bu hələ üzdə olan faktlardır, gizlində olanlar yəqin ki olmamış deyil, qarşıdakı günlərdə bunlar da üzə çıxacaq…
Ekspertlər hesab edirlər ki, nazirlərin “yarpaq tökümü” davam edəcək. Artıq hədəfdə olan növbəti nazirin kimliyi barədə ilkin versiyalar ictimaiyyət arasında səsləndirilməkdədir. Bu, vergilər naziri Fazil Məmmədovdur. Yayılan xəbərlərdə iddia olunur ki, qarşıdakı günlərdə vergilər sahəsində yoxlamalara start veriləcək. Vergilər nazirinin də taleyinin əvvəlki iki qurumun rəhbərinin taleyini yaşayacağı iddia olunur.
Ə.Abbasovun vəzifəsindən uzaqlaşdırılacağı barədə ilk xəbəri günlər öncədən xəbər verən istiqlal.az saytının rəhbəri, iqtisadçı ekspert Qadir İbrahimli bildirdi ki, hazırda nazirlərlə bağlı proses sahibkarlığa qənim kəsilən sahələri əhatə edir: “Təxminən 10 gün qabaq Əli Abbasov öz aparatı ilə vidalaşmışdı. Sadəcə olaraq, onunla bağlı sərəncam bir qədər gecikdi. Buna səbəb də ətrafında əməliyyatların aparılması ilə bağlı idi. Ölkənin gəlirləri getdikcə azalır. Hökumət iqtisadiyyatın liberallaşdırılması prosesini həyata keçirməlidir. Əvvəlki kimi hökumətin  maliyyə resursları yoxdur. Yeganə çıxış yolu sahibkarlığın dəstəklənməsidir. Bu yolda yeganə maneə hakimiyyətdə sahibkarlığa qənim kəsilən bəzi strukturlardır. Hazırda işdən çıxarılma və həbs olunma halları daha çox sahibkarlığa qənim kəsilən sahələri əhatə edir. Bu sırada dayanan qurumlardan biri də Vergilər Nazirliyidir. Bu qurumla bağlı kifayət qədər məlumatlar var. Növbəti mərhələdə bu nazirliklə bağlı müəyyən addımların atılması real görünür. Vergilər sistemində düşünürəm ki, təmizləmə işinin aparılmasına ehtiyac var. Daşınmaz Əmlak üzrə Dövlət Komitəsini də bu təhlükə gözləyir. Çünki sahibkarlara bu qurum da ciddi problemlər yaradır. Onların əmlakının müsadirə edilməsi prosesində Vergilər Nazirliyi də aktiv görünür. Əgər hakimiyyət sahibkarlığa qənim kəsilən qurumların, şəxslərin qarşısını almasa, ölkəni iqtisadiyyat böhranından çıxarmaq mümkün olmayacaq. Hakimiyyətin son addımları bunun fərqində olmalarının göstəricisidir. Bu proseslər may-iyun aylarına qədər davam edəcək. Çünki sahibkarlığa təkcə Vergilər Nazirliyi və MTN problem yaratmır”.
Politoloq Natiq Miri baş verən proseslərin digər nazirlikləri də əhatə edəcəyini istisna etmir: “Əli Abbasovun vəzifədən uzaqlaşdırılması MTN-də baş verən proseslərlə bağlıdır. Ümumi bir prosesin tərkib hissəsidir. Hesab edirəm ki, bu prosesi qapanmış hesab etmək olmaz. Prezident və hüquq-mühafizə orqanları tərəfindən müəyyən işlər aparılır. Kələfin ucu ola bilsin ki, Vergilər Nazirliyindən, yaxud ağla gəlməyən digər qurumlardan çıxsın.  MTN dövlətin dayağı sayılır. Bu nazirliyin bütün dövlət qurumlarına təsir imkanları var. Bu baxımdan proseslər digər qurumlara dolayısı yolla təsir edir. Cəzalandırılmalar davam edəcək. Düşünürəm ki, proseslər cəmiyyət və dövlətə xeyirlidir. Amma bu prosesdə iştirak edən şəxsləri cəzalandırmaqla, idarəetmədə kökündən islahatlar aparılmadan müsbət keyfiyyətlər əldə etmək mümkün deyil. Mütləq mənada bu islahatlara ehtiyac var. Kadrların seçilməsində dəyərlər sistemi, layiqlilik prinsipi əsas götürülməlidir. Bu insanlara dövlət və ictimai nəzarət təmin olunmalıdır. Bu yolla qanunsuzluqların qarşısını almaq olar. Əks təqdirdə, bunlar lokal xarakter daşıyacaq”.
/Musavat.com/

 

 






Fikirlər