PUTİNİN ƏLİYEV VƏ PAŞİNYANA XƏBƏRDARLIĞI – “Moskva bu mesajla demək istəyir ki...”

Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Azərbaycana və Ermənistana xəbərdarlıq mesajı göndərib: “Qarabağla bağlı vəziyyətin həlli üçün Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatların alternativi yoxdur. Problemlərin həlli və gərginliyin azaldılması ancaq üçtərəfli sənədlər əsasında mümkündür”.

Vaşinqtonda danışıqların getdiyi ərəfədə Kremldən belə bir bəyanatın səsləndirilməsi necə qiymətləndirilə bilər?

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Putin bu mesajıyla “Bakı və İrəvan Vaşinqtonun və ya Brüsselin vasitəçiliyi ilə sülh sazişi imzalamamalıdır” demək istəyir. “Kreml açıq-aşkar ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda xarici işlər nazirlərinin üçtərəfli görüşündən və müzakirələrindən narahatdır”, - təhlilçi əlavə edib.

E.Şahinoğlu hesab edir ki, Kreml məsələləri qarışdırır: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladıqları üçtərəfli bəyanat Qarabağla bağlı məsələləri tənzimləyir. Vaşinqtonun hazırkı vasitəçiliyinin isə Qarabağa dəxli yoxdur, əsas məqsəd Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Rusiya bu prosesə ona görə mane olmaq istəyir ki, sülh sazişi Vaşinqtonun vasitəçiliyi ilə imzalanarsa, Rusiyanın Cənubi Qafqaza təsir imkanlara daha da azalacaq”.

“AzPolitika.info”






Fikirlər