FHN-nin bu şirkətə borcu məlum oldu - Yarım milyondan çoxdur...

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin "Kriogen-N” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) olan borcunun məbləği müəyyənləşib.
Etibarlı mənbədən Qaynarinfo-ya daxil olan məlumata görə, şirkət FHN-lə bağlı məhkəmədə 524 min manata yaxın borc iddiası qaldırıb. 
İddiaçı "Kriogen” MMC ilə general-polkovnik Kəmaləddin Heydərovun nazir olduğu Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzi arasında 18 mart 2022-ci il tarixli, TM-002 nömrəli "Mallar (işlər, xidmətlər) üzrə satınalma” müqaviləsi bağlanıb. 
Eyni zamanda "Kriogen” MMC ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzi arasında 20 dekabr 2021-ci il tarixli, TM-043 nömrəli "Mallar (işlər, xidmətlər) üzrə satınalma” müqaviləsi, 29 dekabr 2021-ci il tarixli TM-052 nömrəli "Mallar (işlər, xidmətlər) üzrə satınalma” müqavilələri bağlanıb. 
Müqaviləyə əsasən, MMC üzərinə düşən öhdəlikləri yerinə yetirib. Lakin bunun qarşılığında görülmüş işlərin və xidmətlərin dəyəri olan pul vəsaiti cavabdeh tərəfindən ödənilməyib. 
MMC rəhbərliyi FHN-nin Tibb Xidmətinin Tibb Mərkəzi ilə bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq. 
Məhkəmədən Tibb Xidməti ilə bağlanmış müqaviləyə əsasən təhvil verilmiş maye oksigen qazına görə 523.000 manat pulun, 400 manat mediasiya xərci və 413 manat dövlət rüsumunun, ümumilikdə 523.813 manat məbləğində pulun tutularaq "Kropgen-N” MMC-yə ödənilməsi barədə qətnamə qəbul etməsi xahiş olunur.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi, polkovnik Pərviz Vəliyev və Tibb Mərkəzinin rəisi isə polkovnik Xanım Sofiyevadır. 
 
Xatırladaq ki, dünənki yazımızda da "Kriogen-N” MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 410 min 213.18 qəpik vergi borcunun olduğunu qeyd etmişik.






Fikirlər