Bu gün İham Əliyev və Nikol Paşinyan arasında görüş olacaq
İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. "AzerTaym.az" musavat.com-a istinadən xəbər verir ki, beştərəfli görüş İlham Əliyev, Nikol Paşinyan, Emmanuel Makron, Şarl Mişel və Olaf Şolzun iştirakı ilə baş tutacaq. Bu barədə Rusiyanın TASS xəbər portalı məlumat yayıb. Məlumatda qeyd edilir ki, Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Almaniya, Fransa liderləri və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel beştərəfli görüş keçirəcək. Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib ki, o, Qarabağın daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin erməni əhalisinin təhlükəsizliyini təmin etmək şərti ilə. Cümə axşamı Paşinyan təsdiqləyib ki, İrəvan və Bakı bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər. O, Ermənistan və Azərbaycan arasında iyunun 1-də Kişinyovda sammit çərçivəsində belə bir sənədin imzalana biləcəyı barədə razılaşdırılmadığını bildirib. Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun da iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşə Qərbdə böyük ümidlər var. Kişinyov görüşü ərəfəsi həm ABŞ-dan, həm Avropa Birliyindən, həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldən optimist bəyanatlar səslənib. Bu fonda İrəvan və Bakıdan Qərb tərəfdaşlarının nikbinliyinə əks bəyanatlar səslənirdi. İrəvan təkrar edir ki, onun üçün qırmızı xətlər var və onları keçməyəcək, Bakı isə bəyan edir ki, ermənilərin vaxtı azdır və düşünməlidirlər.