“1988-1989-cu illərdən başlanan xalqımızın apardığı azadlıq mübarizəsini də tariximizdən kənarda saxlamaq mümkün deyildir...”
Sabah – dekarın 31-də qeyd edəcəyimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsasının qoyan hadisə 31 dekabr 1989-cu ildə baş verib. Həmin gün İran ərazisindəki Güney Azərbaycanla Quzey Azərbaycan Respublikası arasındakı o vaxt rəsmən SSRİ-İran sərhədləri olan sərhədlərin tikanlı məftilləri xalq kütlələri tərəfindən dağıdılıb-söküldü. Bundan sonra 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi...
1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-inin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrildi.
Tanınmış araşdırmaçı və tarixçi, professor Nəsiman Yaqublu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:
“Əslində bütün o dövr hadisələrini əhatə edən “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabımda bəhs edilən tarixi olaylardan da geniş bəhs etmişəm... Bilirsiz, 1988-1989-cu illərdən başlanan xalqımızın apardığı azadlıq mübarizəsini də tariximizdən kənarda saxlamaq mümkün deyildir. Həmrəylik anlayışının siyasi həyatımıza gətirilməsində isə Məhəmməd Əmin Rəsulzadənin əvəzsiz xidmətləri vardır. İlk dəfə olaraq 1936-cı ildə Polşada, Varşavada keçirilən konfransda M.Ə.Rəsulzadə geniş bir məruzə ilə çıxış etmiş və Azərbaycan cəmiyyəti üçün həmrəyliyin - milli təsanüdün vacibliyini qeyd edib. M.Ə.Rəsulzadə həmrəyliyin əsasında bu formulanı başlıca olaraq irəli sürürdü: “Nə çox dövlət, nə çox fərd, solidarizm, həmrəylik, milli təsanüd”...”
Sultan Laçın