YUSUBOV VƏ HÜSEYNOV YÜKSƏK VƏZİFƏLƏRƏ TƏYİN OLUNDULAR - Prezident sərəncamlar imzaladı + DOSYELƏR
Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, E.Yusubov 1975-ci il avqustun 8-də anadan olub. 1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmənin təşkilatçısı ixtisası üzrə, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçı ixtisası üzrə bitirib. Özəl sektorda, Ticarət Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində, Nazirlər Kabineti yanında “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2020-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 3 övladı var. Qeyd edək ki, Prezident İlham Əliyev Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında da Sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olunub. Qeyd edək ki, Emin Hüseynov sonuncu təyinata qədər Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib. Daha əvvəl - 2021-ci ilin mayından dekabrınadək isə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib və həmçinin həmin ilin dekabrınadək bu vəzifədə işləyib. Qeyd edək ki, Emin Zamin oğlu Hüseynov 1974-cü ilin 12 noyabr tarixində Sumqayıtda anadan olub. E. Hüseynov orta təhsilini də Sumqayıtda alıb. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb. Emin Hüseynova 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən başlamış Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycan ofisində, 2001–2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində iqtisadçı işləyib. E.Hüseynov 2005-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Baş Direktoru vəzifəsində çalışıb. Emin Hüseynov bundan əlavə ADA Universitetinin Strategiya və İnkişaf üzrə Prorektoru vəzifəsində çalışıb. O, 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində iqtisadi və maliyyə sistemləri, 2009-cu ildən isə liderlik mövzuları üzrə təlim kursları keçirib. Prezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə E. Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin olunub. O, 29 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. 2021-ci ilin 24 may tarixində Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Ailəlidir, üç övladı var.