Azərbaycan xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, Xüsusi İdarənin istefada olan polkovniki, hazırda bizneslə məşğul olduğunu bildirən Tofiq Rəcəbov “Yeni Müsavat” qəzetinə İran əsilli azərbaycanlı Seyid Saleh Hüseyni adlı şəxsin Azərbaycana 18 milyard avro nağd pul gətirdiyinə dair sənədləri təqdim edib
Virtualaz.org saytı xəbər verir ki, keçmiş xüsusi xidmət zabiti bir neçə gün bundan əvvəl “xarici qüvvələrin” Azərbaycana hakimiyyəti devirmək üçün 18 milyard avro nəğd pul göndərdiyini və vəzifəsindən uzaqlaşdırılan keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun da bu planda yer aldığını iddia etmişdi.
Bu iddia haqlı olaraq sosial şəbəkələrdə istehza obyektinə çevrildi. Çünki hansısa mistik xarici qüvvənin bu məbləğdə nağd pulu “inqilab həyata keçirmək üçün” Azərbaycana göndərməsi sadəcə olaraq əfsanəni xatırladırdı.
İndi isə keçmiş xüsusi xidmət zabiti öz iddialarını sübuta yetirmək üçün qəzetə 2012-ci ilin fevralında Seyid Saleh Hüseyni adlı İran vətəndaşı tərəfindən hərəsində 100 milyon avro olmaqla 168 bağlama avronun (cəmi 16 milyard 800 milyon avro) Bakı aeroportuna gətirildiyini, daha sonra pulların Azərbaycan Beynəlxalq Bankına mədaxil edildiyini göstərən sənədlərin surətini təqdim edib.
Sənədlərdən məlum olur ki, pullar Almaniyanın “Deutsche Bank”ının Frankfurt şöbəsindən çıxarılıb, təyyarə ilə Bakıya göndərilib. Yükün sahibi kimi isə Seyid Saleh Hüseyni adlı İran vətəndaşı göstərilir.
T.Rəcəbov iddia edir ki, bu pullar kağız üzərində Beynəlxalq Banka mədaxil edilsə də əslində mənimsənilib və ölkədən çıxarılıb, bir hissəsi İsveçrənin JBS bankına transfer edilib.
Keçmiş xüsusi xidmət zabiti bu əməliyyatda MTN rəhbərliyinin iştirak etdiyini deyir. Bildirir ki, hökumətdə bir neçə nazir hakimiyyətə yiyələnmək üçün Avropa ölkələrində iş aparırdılar və özlərinə dayaq tapmağa çalışırdılar.
Beləliklə, 16,8 milyard avro nağd pulun Azərbaycanda hakimiyyəti dəyişdirmək üçün göndərildiyi haqda iddialar cəfəngiyyat kimi görünsə belə keçmiş xüsusi xidmət zabiti hər halda ölkəyə bu qədər nağd pulun daşındığına dair sənəd təqdim edə bilib. Və həmin sənədlərdən birində pulların Beynəlxalq Banka mədaxil edildiyinə dair bankın rəhbəri Cahangir Hacıyevin imzası da var.
Bəs həmin Seyid Saleh Hüseyni kimdir və onun Azərbaycana gətirdiyi 16,8 milyard avro kimə, hansı dövlətə məxsus ola bilərdi?