PARLAMENTİN YENİ VİTSE-SPİKERİ... - Adil Əliyevin yerinə kimin təyin ediləcəyi məlum oldu...
Xəbər verdiyimiz kimi, VI çağırış Milli Məclisin 50 saylı Qobustan-Abşeron seçki dairəsindən deputatı olmuş, lakin 2022-ci il martın 3-də prezidentin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunduğu üçün mandatı ilə vidalaşan Şahin Seyidzadə yenidən parlamentə qayıdır. Onun yenə də bitərəf kimi namizədliyini yeni dislokasiyada Abşeron və Qubustan rayonunun kəndlərini əhatə edən seçki dairəsindən irəli sürdüyü bildirilir.
İki ildən bir qədər artıq müddətdə qoruq sədri vəzifəsini tutan Seyidzadənin yenidən parlamentə qaytarılması ətrafında müxtəlif mülahizələr var idi. Bunun onun “İçərişəhər”də etimadı doğrultması ilə, yoxsa əksinə, qoruqda hansısa maliyyə problemlərilə, çatışmazlıqlarla bağlı olduğu müəmmalı olaraq qalırdı. Digər yandan, Azərbaycan reallıqlarında qoruq sədrinin, yoxsa deputatın daha nüfuzlu vəzifə, məqam olduğunu müəyyən etmək çox zaman asan olmadığından, Ş.Seyidzadənin yenidən parlamentə qaytarılması ilə “vurulduğunu”, ya əksinə, önə çəkildiyini müəyyən etmək çətin görünürdü...
Lakin “AzPolitika”-ya mötəbər mənbələrdən daxil olan məlumat onu deməyə əsas verir ki, Ş.Seyidzadənin Milli Məclisə qaytarılması onun daha yüksək vəzifəyə gətirilməsi planı ilə bağlıdır. Belə ki, əldə etdiyimiz məlumata görə, Ş.Seyidzadə növbəti dəfə deputat olandan sonra parlamentin vitse-spikeri vəzifəsinə seçiləcək. Onun Suraxanı rayonunun icra başçısı vəzifəsinə təyin edilən Adil Əliyevin yerinə Milli Məclis sədrinin bitərəfləri təmsil edən müavini postunu tutacağı gözlənilir.
Qeyd edək ki, VI çağırış Milli Məclisdəki yarımçıq deputatlığı dövründə Ş.Seyidzadə Adil Əliyevin sədri olduğu Gənclər və İdman Komitəsinin üzvü olub. Bizə daxil olan məlumata görə, Ş.Seyidzadə də A.Əliyev kimi həm sözügedən komitənin sədri, həm də parlamentin vitse-spikeri vəzifəsini daşıyacaq. Onun bu cür kifayət qədər siyasi yüklü, məsul vəzifəyə gözlənilən təyinatının hansı xidmətlərilə, yaxud nailiyyətlərilə bağlı olduğu sualı isə açıq qalır...