Ağalar Bayramov "vurğunpərəstlərin" cavabını verdi - "Birinin cəsarəti çatırmı ki, Moskvaya..."
Respublikanın Əməkdar artisti Ağalar Bayramov yazıçı Əlisa Nicatın “Səməd Vurğun yaltaq olub” ifadəsindən sonra tənqidlərə məruz qalması ilə bağlı fikirlərini açıqlayıb. "AzPolitika" xəbər verir ki, əməkdar artist özünün sosial şəbəkə hesabında bunları yazıb: ”Qatır Məmməd ” filmində çar Rusiyası generalının dilindən: ” Mən bu müsəlmanı yaxşı tanıyıram, sözü at ortaya, çəkil dur kənarda , qırsınlar bir – birini” … İndi baxıram, deputatı, yazıçısı, şairi sosial şəbəkələrdə növbəyə düzülüblər… Putinin- Kremlin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, qoca bir kişinin – Əlisa Nicatın Səməd Vurğun haqqında dediyi sözün quyruğundan yapışıblar. Gör, onların birinin cəsarəti çatırmı ki, Moskvaya olan nifrətini ortaya qoysun?! Qoya bilməz, çünki, o tip ” ziyalı”lara ucuz, özünə sərfəli mövzu lazımdır…" Qeyd edək ki, AYB-nin sədri, yazıçı Anar Əlisa Nicatın Səməd Vurğun ilə bağlı dediklərinə ən şərt şəkildə etiraz edənlərdən biridir: “Səməd Vurğun haqqında danışmaq üçün gərək adamın ləyaqəti olsun. Hər küçədən keçən böyük bir yazıçı haqqında ağlına gələni deyə bilməz. Təsadüfi adamların, cızma-qaraçıların böyük klassikləri təhqir etməsinə, küçə söyüşləri söyməsinə nə zaman son qoyulacaq? Səməd Vurğunun oğulları yoxdur, mən sağam. İmkan verməyəcəm ki, Səməd Vurğun haqqında ağızlarına gələni danışsınlar. Səməd Vurğun şöhrətli adamdır. Bilirlər ki, onun adını çəkib 2 gün gündəmdə olacaqlar. Gündəmdə olmaq üçün təkcə Səməd Vurğunu yox, elə dədələrini də satarlar”. Onun dediklərinə Cumhuriyyətimizin qurucularını, o cümlədən Məhəmməd Əmin Rəsulzadəni təhqir edib, türk düşməni Şaumiyanı, Stalini məhd edən Səməd Vurğuna "aşiq" olan bir dəstə "vurğunpərəst" də qoşulub. Səməd Vurğunun məşhur “26-lar” poemasında yer almış aşağıdakı misralar onun kimliyini ifadə edir: “İndi xəbər verim oxucuma mən (“26-lar” poeması, Bakı, 1986, səh. 59). “Ağır fikirlərə dalmış Şaumyan,
O “millət rəhbəri” Rəsulzadədən;
Toplamış məclisdə müsəlmanları,
Yağlı vədələrə tutmuş onları;
Deyir: “Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun qılınc çəkərək.
Parlasın ədalət, mehri-hürriyyət,
Ucalsın göylərə şərəfi-millət!..
– Şarlatan!
– Afərin!
– Rəhbərə bir bax!..
– Vətəni yadlara bunlar satacaq!..
– Bir dayan!
– Nə dedin?– O bir xaindir.
Sözünün pərdəsi millətdir, dindir…”
Xəyalı göyləri hey yara-yara,
Əlvida söyləyir qaranlıqlara…
Onun üzündəki fırtınaya bax!
Böyük bir həsrətlə boğulmuş rəngi;
Onun baxışları alovlanaraq,
Döyünür köksündə polad ürəyi,
Böyük bir həsrətlə boğulmuş rəngi.
(“26-lar” poeması, Bakı, 1986, səh. 61).