ABŞ NİYƏ AVROPANI VƏ UKRAYNANI “SATIR”?... - Yaxud Vaşinqtonun əsl məqsədi nədir?

ABŞ Prezidenti Donald Tramp Ukraynada gedən müharibənin dayandırılması ilə bağlı Vladimir Putinlə apardığı telefon danışığını Ağ Evdə jurnalistlər qarşısında şərh edəndən sonra Ukrayna və eləcə də Avropanın göstərdiyi sərt reaksiyadan aydın olur ki, onlar bunu gözləmirmişlər.

Çox təəssüf ki, bir çox siyasi liderlər ABŞ və Rusiya münasibətlərinin tarixinə və dərinliklərinə baş vurmurlar, yalnız səthdə dayanan ümumi mənzərə əsasında nəticə çıxarırlar. Hansı ki, bəzi politoloqlar son 150 illik tarixə nəzər salaraq, hətta Rusiyanın ABŞ-nin Avropa qitəsindəki “gizli marionetkası” olmasına dair qənaətə gəlirlər. Hazırda tarixin dərin qatlarında gizlənmiş həqiqətlər müasir informasiya dövründə bütün qəribəlikləri və forma dəyişiklikləri ilə yenidən önümüzə çıxıb.

Beləliklə, görünən odur ki, mahiyyət baxımından Ukrayna məsələsində Donald Tramp Cozef Baydenin siyasətini davam etdirir, lakin bu siyasəti elə həyata keçirmək istəyir ki, bütün baş verənlərdə günah yalnız keçmiş prezidentin üstündə qalsın. Baydenin siyasəti ondan ibarət idi ki, müharibə uzansın, Rusiya məğlub olmasın, Ukrayna isə Rusiya tərəfindən məhv edilməsin və müharibənin sonunda Rusiya işğal etdiyi torpaqları öz əlində saxlasın. Nədən? Səbəb çox sadədir - ABŞ Rusiyadan Avropaya qarşı qorxu aləti kimi istifadə edır. Yəni, zahirdə ABŞ prezidentləri ö aralarında fikir ayrılıqlarını göstərsələr də, ümumi siyasət vahiddir...

 

 

 

İndi elə bir təsəvvür yaradılır ki, guya Bayden Ukraynanın qələbəsi üçün əlindən gələni edirmiş, lakin Tramp Rusiya qarşısında Kiyevi dəstəksiz buraxacaq.

 

Əvvəla,Ağ Evin köhnə administrasiyası hərbi yardımları vəziyyətə müvafiq olaraq dozalarla “damcı-damcı” verib, hətta elə dövrlər olub ki, Vaşinqton səkkiz ay müddətində Ukraynaya heç bir kömək göstərməyib. Bir çox hallarda isə vəd etdiyi silahları ya cüzi şəkildə verib, ya da heç verməyib. Əgər Bayden istəsəydi, Ukrayna bu savaşda qalib gələrdi...

Ukrayna dronları ilk dəfə Rusiya Neft Emalı Zavodlarına zərbələr vuranda Bayden bunun əleyhinə çıxış etmiş və demişdi ki, bu, ABŞ-də yanacağın qiymətini qaldıracaq. O, bu fikrini dəfələrlə təkrar edib. Hansı ki, bu iddianın absurd olduğu üzə çıxdı. Buna paralel olaraq, Rusiyaya qarşı tətbiq olunan sanksiyalara məhəl qoyulmamasına həm ABŞ, həm də Avropa ölkələri göz yumdular. Yəni, Rusiyanın səsinin batırılmasının çoxsaylı variantları varkən, bunların çoxu işə salınmadı. Putin isə Qərb dünyasının hərəkət etmədiyini yaxşı görürdü.

 

 

Məsələn, son günlərdə Danimarka hökuməti bəyan etmişdi ki, Rusiya neftini daşıyan tankerlərin ona aid boğazlardan keçməsinə icazə verməyəcək. Ancaq hələlik ortada heç nə yoxdur. Bax, beləcə sözü deyirlər, amma əməl etmirlər. Əgər Danimarka belə bir addım atarsa, Rusiya böyük ölçüdə pulsuz qalacaq. Üç il ərzində belə bir addımın atılması çətiniydimi? Xeyr! Sadəcə, istəməyiblər. Əvəzində isə Danimarka Ukraynaya müharibənin gedişinə heç bir ciddi təsir göstərməyəcək səviyyədə silah yardımı edib və bunu da geniş şəkildə reklam edib. Sözsüz ki, bu məsələdə birbaşa Danimarkanı günahlandırmaq düz deyil, çünki Avropanın da ümumi siyasəti müharibənin uzanmasından yana olub.

İndi avropalılar Prezident Donald Trampın və vitse-prezident Cey Di Vensin üzərinə gedirlər və “həyəcan təbili çalırlar” ki, Ukraynanı təcavüzkar qarşısında tək qoymaq olmaz.

 

 

Münhen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidentinin Avropanın ünvanına səsləndirdiyi tənqidi fikirlərdə həqiqət payı heç də az deyildi. Cey Di Vens deyir ki, biz bundan sonra Avropanın təhlükəsizliyinə xərc çəkməyəcəyik və yaxşı olar ki, bu istiqamətdə gərəkən tədbirləri özünüz həyata keçirəsiniz. Bir qədər keçmşə ekskursiya etsək, görərik ki, hələ Donald Tramp birinci prezidentlik dönəmində NATO üzvü olan Avropa ölkələrindən ÜDM-in 2 faizini hərbiyə ayırmağı tələb edirdi. Üç ildir ki, Rusiya Ukraynada müharibə aparır, lakin Avropa ölkələri ordu quruculuğu və silah istehsalının artırılması istiqamətində demək olar ki, ciddi və faydalı sayılacaq heç nə etməyiblər.

Cey Di Vensin sözlərindən sonra avropalı nümayəndələrin çıxışlarından belə anlaşılır ki, onlar ABŞ-nin xəbərdarlığından gərəkən nəticəni çıxarmaq istəmirlər. Bu konfrans zamanı Avropa liderləri həmişəki kimi “atəşli” nitqlərlə Ukraynanı dəstəkləyəcəklərini bəyan etdilər. Amma ortalıqda konkret plan yenə də yoxdur. Düzdür, Ukraynaya edilən ümumi hərbi yardımda Avropa ölkələrinin də ciddi payı var. Ancaq bu yardımlar planlı surətdə həyata keçirilməyib və Ukraynaya göndərilən silahların böyük hissəsi ya vaxtında çatdırılmayıb, yubadılıb, ya da miqdarı vəd etdiklərindən az olub. İndi kim zəmanət verir ki, ABŞ Ukraynaya edilən hərbi yardımları kəsəcəyi təqdirdə avropalılar nəhayət “letargiya yuxusu”ndan ayılıb öncə öz müdafiə büdcələrinin artırılmasına start verəcəklər, sonra isə mövcud mümükün imkanlarla Ukraynanı tələb olunan həcmdə silahla təchiz edəcəklər.

 

 

Ad - 00:28

 

Ona görə də Ukrayna bütün baş verənləri nəzərə almalı və öz sənayesi hesabına silah istehsalını müharibə tələbləri səviyyəsinədək qaldırmalıdır. Hazırda Ukraynada bu istiqamətdə müəyyən müsbət işlər görülür, lakin burada da gecikmələr var. Hələliksə arxa planda böyük geostrateji oyun gedir və Ukryna poliqon rolunu oynayır.

Rusiyanın da bu başgicəlləndirici oyunda hansı rolu ifa etdiyi dərk olunmalıdır. Vaxtilə ABŞ-nin strategiya qrosmeysteri və nüfuzlu diplomatı Henri Kissincer deyirdi ki, biz (ABŞ) Rusiya ilə yaxşı münasibətlər saxlamalıyıq və onun maraqlarına hörmət etməliyik. Kissincer Vladimir Putinlə tez-tez görüşürdü. Kissincerin nə düşünməsindən asılı olmayraq, Rusiya superdövlət deyil, onun imkanları Sovet İttifaqı ilə müqayisədə xeyli zəifdir.

Kissincer həmişə özünəməxsus diplomatik dildə danışıb, Trampın isə qətiyyən belə bir bacarığı yoxdur və o, fikirlərini qaba formada izhar edir. Əlbəttə, Tramp hadisələrin məğzinə ilk növbədə biznesmen təfəkkürü ilə yanaşır. Amma yaxşı diqqət etdikdə görərik ki, Trampın Rusiyaya münasibəti Kissincerin baxışlarından köklü surətdə fərqlənmir, əksinə, oxaşr məqamlar daha çoxdur.

 

 

 

ABŞ Rusiyaya hələ 19-cu əsrdən kömək etməyə başlayıb. Həmin əsrin axırlarında Rusiyada aclıq tüğyan edirdi və bu gözlənilməz fəlakətin genişlənməsinin qarşısını ABŞ almış, ruslara taxıl və ərzaq göndərmişdi. Bu hal bir daha 1921-ci ildə təkrarlanmışdı, amerikalılar yenə də rusların köməyinə gəlmişdi. Vətəndaş müharibəsi bitdikdən sonra Rusiyada elə bir aclıq vüsət almışdı ki, əgər ABŞ vaxtında yardım göstərməsəydi, insan tələfatı daha böyük miqyas alacaqdı. Bəlkə də sovet hökuməti məhz bu yardımlar sayəsində ayaq üstə dura bilmişdi. Eyni məsələ Hitler Almaniyası ilə SSRİ arasındakı müharibəyə də aiddir...

Qayıdaq ABŞ Prezidenti və onun komandasının Avropa qitəsini necə görmək istəməsinə. ABŞ Rusiyadan indiyədək Avropa qitəsini əlində saxlmaq və təhükəsizlik baxımından özündən asılı vəziyyətə salmaq üçün istifadə edib. İstər Sovet İttifaqı və istərsə də Rusiya Avropanı qorxutmaqla məşğul olub.

SSRİ dağıldı və 1990-cı illərdə Rusiyanı məhz ABŞ-nin maliyyə dəstəyi məhv olmaqdan qurtardı. Yeltsin dönəmində neftin qiyməti aşağı olduğundan Kreml Qərbin qarşısında ələbaxım və fağır durumdaydı. Sonradan Putin gəldi və ABŞ-nin manipulyativ təsir mexanizmi sayəsində neftin qiyməti yüksəldi və Rusiya dikbaşlıq etməyə başladı. Avropa isə İkinci Dünya Müharibəsindən bu günə kimi ABŞ-nin yedəyində gedib və NATO çətiri altında bütün təhlükəsizliyini Vaşinqtonun ixtiyarına verib. Avropa ölkələri Avropa Birliyi adı altında siyasi-iqtisadi ittifaq yaradıblar və bu təşkilat şərqə doğru genişləndikcə buna müvafiq surətdə NATO da həmin ölkələri öz cərgəsinə qoşub.

Bəs, NATO özünü, daha doğrusu, Avropanı kimdən qorumalıdır? Şübhəsiz ki, Rusiyadan. Əgər Rusiya səssiz- səmirsiz dayansa və təcavüzkar siyasət yürütməsə, onda alyansın üzvləri niyə hərbi xərcləri artırmalıdırlar? İndi ABŞ rəhbərliyi deyir ki, Avropa özünü müdafiə etmək üçün pul xərcləməlidir və bütün məsrəfləri bizim üzərimizə yıxmamalıdır. Yəni, amerikalılar demirlər ki, Avropa özünə vahid ordu yaratsın, deyirlər ki, biz Avropada qalırıq, lakin xərcimizin əsas hissəsini siz ödəyin. Əks təqdirdə Rusiyaya qarşı dayana bilməyəcəksiniz.

 

 

 

Avropadakılar heç də axmaq deyillər və onlar yaxşı anlayırlar ki, Rusiya zəifdir, onun ordusunun başını elə Ukraynada əzmək mümkündür. Lakin Avropanın böyük dövlətləri bunu etmək üçün Ukraynaya lazımi köməkliyi hələ ki, göstərmirlər. Görəsən, niyə? Çünki onlar da müharibənin uzanmasının tərəfdarıdır.

Avropada başa düşürlər ki, müharibə uzandıqca Ukrayna taqətdən düşdüyü kimi, Rusiya da yorulur. Bu gün Rusiya iqtisadiyyatı hərbi sənayenin caynağında çabalayır və bu, qətiyyən uzun sürə bilməz, qırılma anı getdikcə yaxınlaşır. Son aylar Rusiya ordusu döyüş meydanında böyük itkilər verir. Ukrayna hərbi komandanlığı müharibənin gedişini müxtəlif təyinatlı dronlar vasitəsilə tədricən öz leyhinə çevirir. Rusiya Ukrayna ilə müqayisədə müasir texnoloji döyüş taktikasından istifadə edə bilmir.

Görünən odur ki, Avropa Rusiyanın ağır məğlubiyyətə uğraması ssenarisində maraqlı deyil. Avropanın böyük dövlətləri müharibənin mövcud təmas xəttində durdurulmasına və bu xətt boyunca öz qoşunlarının sülhməramlı kimi yerləşdirilməsinə çalışırlar. Böyük Britaniyanın Baş naziri Kir Starmerin təklifi buna bariz nümunədir. Avropa liderləri bu məsələni öz aralarında müzakirə etdikdən sonra yekun qərara gələ bilərlər.

Amma burada bir nüans açıq qalır. Ukraynanın işğal altındakı ərazilərinin aqibəti necə olacaq? Belə görünür ki, Qərb bu torpaqların beynəlxalq hüquqa əsasən Ukrayna ərazisi kimi təqdim edilməsinə çalışacaq. O zaman Rusiya nə qazanacaq? Müharibəni davam etdirəcəkmi?

Moskvada yaxşı bilirlər ki, müharibənin uzadılması onları üzür, taqətdən salır, qələbə isə görünmür. Əksinə, Avropanın köməyi ilə Ukrayna ordusu daha da güclənə bilər. Əlbəttə, bu ssenarinin gerçəkləşməsi Vladimir Putin üçün böyük fəlakətdir. Məsələn, təsəvvür edirsinizmi, Avropa ordularının Rusiya ilə sərhədə toplaşması nə deməkdir? Ancaq bu, yalnız ssenarilərdən biridir və onun həyata keçirilməsi mexanizmi heç də asan deyil. Çünki ABŞ-nin iradəsi olmadan Avropada bunu heç kim etməyəcək. ABŞ isə asanlıqla Avropanı öz nəzarətindən və orbitindən kənara buraxmayacaq.  /“AzPolitika.info”

 

 






Fikirlər