Paşinyan Əliyevin şərtlərini qəbul etdi - Ermənistan seçki və referenduma gedir

Paşinyan Əliyevin şərtlərini qəbul etdi - Ermənistan seçki və referenduma gedir

2026-cı ilin parlament seçkilərindən sonra Ermənistanın yeni Konstitusiyasının qəbulu ilə bağlı referendum keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasının efirində hakim “Vətəndaş müqaviləsi” parlament fraksiyasının rəhbəri Ayk Koncoryan deyib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan respublika Konstitusiyasının dəyişdirilməsinin zəruriliyini bəyan edib.

"Yeni Konstitusiyanın qəbulu böyük əhəmiyyət kəsb edir, çünki hazırkı Konstitusiyanın qəbulu üçün keçirilən bütün referendumlar ictimai rəydə qeyri-legitimdir. Yeni Konstitusiyanın qəbulunun strateji məqsədi vətəndaşlığı olmayan millətin qalıq fəaliyyətindən dövlət quran xalqın fəaliyyətinə keçiddir", - Paşinyan televiziya ilə müraciətində vurğulayıb.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev ötən ilin dekabrında Ermənistanla sülh müqaviləsinin imzalanmasının şərtlərini açıqlayıb:

"Ermənistan tərəfinin görməli olduğu iki şey var. Birincisi, öz Konstitusiyasını dəyişdirməkdir. Çünki Konstitusiyada müstəqillik bəyannaməsinə istinad var ki, bu da öz növbəsində keçmiş "dağlıq Qarabağ" muxtar vilayətinin Ermənistanın bir hissəsi elan edildiyi Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim şıltaqlığımız yox, obyektiv şərtlərdir".






Fikirlər