Üzeyir Hacıbəylinin məktəbi necə dağıdılır? - Musiqişünasdan SƏRT fikirlər...

Üzeyir Hacıbəylinin məktəbi necə dağıdılır? - Musiqişünasdan sərt fikirlər

Bu gün Azərbaycanda musiqi təhsili sistemində hər hansı bir şəxsin iki əsas hədəfi mövcuddur:
1.Təhsil almaq;
2.Təhsil vermək;
Hər iki istiqamətdə tamamilə yaxından-uzaqdan musiqiyə aidiyyəti olmayan, hətta qeyd edərdim ki, ciddi maneə yaradan amillər vardır. Təbii ki, bu, hazırda təhsilalana və təhsilverənə çox ciddi şəkildə mənfi təsir edir. Xoşagəlməz tendensiyanın birmənalı şəkildə öz mənfi təsirini gələcək nəsillərə göstərəcəyinə də şübhə yoxdur.
Musiqi təhsilini uçuruma aparan imtahan suallarına nəzər yetirək. Öncə bir şəxsin musiqi sahəsində magistr təhsili almaq üçün rastlaşdığı “random” xarakterli bir neçə suala nəzər yetirək. Xahiş edirəm, suallara çox diqqətlə baxın.
Sual № 1. Mövzu “Sahə və perimetr”
Bakupost.az
Sual № 2. Mövzu “Qeyri-aşkar cədvəllər”
 
 
Bakupost.az
Sual № 3. Mövzu “Şifrələr”
Bakupost.az
Məntiq fənnindən işə və magistraturaya qəbul üçün Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan suallar tipinə dair nümunələrlə tanış olduq. Əlbəttə, mən DİM-i bir qurum kimi çox bəyənirəm. Bu məsələdə problemin qaynağı onlar hesab edilsə də, əslində elə deyil. Məsələyə nəzarət Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən düzgün mütəxəssilər dəvət edilməklə olmalıdır. Əfsuslar olsun ki, nazirlik bu istiqamətdə heç bir ciddi addım ortaya qoymur və heç qoymaq fikrində də deyil. Bundan ziyadə ali təshil ocaqlarında çalışan pedaqoji heyətin professorları, rəhbərləri kimi şəxslər də bu ciddi problemla bağlı susurlar.
Bu nədir? Bu necə suallardır?!
İnformatika fənnindən olan suallar insanda bilirsiz, hansı təəssüratı yaradır?..
Düşünürəm ki, bir o qalıb, musiqiçi magistr imtahanı verəndə PC-nin ana platasının təmirinin necə olmasını da praktiki olaraq göstərsin. Nümunə üçün bir sual:
Bakupost.az
Ayıbdır…
İstər orta təhsil, istərsə də ali təhsil ocaqlarında tədris alan tələbələrin əksəriyyəti, heç düz-əməlli öz ixtisaslarını öyrənə bilmirlər. Qaldı ki, bu tipli qəliz məntiq və informatika suallarını…
Özü kiçik və sadə, təhsil baxımından əhəmiyyəti böyük olan maraqlı bir məqamı nəzərinizə çatdırmaq istərdim. Musiqişünaslıq ixtisasında təhsil alan bir sıra tələbələr tanıyıram ki, elementar olaraq sadə bir akkordu qura bilmirlər. Məsələ bununla bitsə, dərd yarıdır. Həmin tələbənin “arxasında” ya fakültə dekanı, ya da daha böyük bir fiqur dayanır. Özü də necə deyərlər, dağ kimi. Hətta həmin tələbənin əlaçılıq təqaüdü alması üçün müəyyən maraqlar müstəvisində vuruşur da. Musiqiçi olmayanların bu dramatik vəziyyəti başa düşməsi üçün belə bir müqayisə aparım: Zənn edin ki, ali riyaziyyat fənni üzrə ixtisaslaşan biri üçbucağın sahəsinin nə oldğunu bilmir və əlaçı təqaüdü alır. Nəticə etibarilə başqa bilikli birinin haqqına girmiş olur. Bu da ali təhsil ocaqlarında başqa bir aktual problemdir...
İndi isə əsas mətləbə keçək. Bu tipli suallara cavab vermək əlbəttə ki, mümkündür. Amma bizə bir o qədər də lazım deyil. Çoxlarınız düşünə bilərsiniz ki, məntiq də, informatika da gərəklidir. Bəli, mən də bu fikirlə birmənalı şəkildə razıyam. Lakin bu dərəcədə mürəkkəb suallar imtahan zamanı vaxt aparır. Bu da öz növbəsində bizim musiqi elmimizə qəti şəkildə lazım deyil!
Bu səbəbdən hal-hazırda ali musiqi təhsili ocaqlarında olan tələbələrin 100/95-nin "Azərbaycan muğamları", " Musiqi nəzəriyyəsi", "Musiqi əsərlərinin quruluşu", "Harmoniya", "Polifoniya", " Musiqi tarixi", "Azərbaycan xalq musiqisinin əsasları" kimi fənlərdən düz-əməlli xəbərləri yoxdur.
Məgər Üzeyir bəy Şərq musiqi tarixində təkrarı olmayan "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi-nəzəri fundamental kitabı ərsəyə gətirəndə bu tipli məntiqi məsələlərin biliklərini arxalanırdı?
Bakupost.az
Qeyd edim ki, dahi bəstəkarımızın ərsəyə gətirdiyi bu böyük nəzəri sistemə malik kitabın nə bu tip məntiqə, nə də ki informatikaya ehtiyacı yox idi.
Üzeyir bəyin əsasını qoyduğu Bakı Musiqi Akademiyası vaxtilə bizim musiqi ictimaiyyətimizə görün, necə böyük şəxsiyyətləri bəxş edib. Musiqişünaslardan - Məmmədsaleh İsmayılov, Ramiz Zöhrabov, Əminə Eldarova, Bayram Hüseynli və b.
Bəstəkarlardan - Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Arif Məlikov, Aqşin Əlizadə və onlarla digər şəxslər...
Açıq etiraf etmək lazmdır ki, bu sualları Azərbaycan musiqi elmində olan on professordan ən yaxşı halda bir, nadir hallarda iki nəfəri işləyə bilər. Hörmətli professorlar! Sizlər də susmayın. Bu məsələni tədris ocaqlarında müzakirəyə qoyun və problemi DİM ilə müştərək bir masaya qədər gətirib çıxarın. Bu tipli suallar ucbatından xeyli istedadlı gənclər işə qəbul oluna bilmirlər. Orada bizlər üçün belə əhəmiyyətsiz suallar vardır. Bu problem eynilə bakalavr təhsilini başa vurub magistr pilləsinə qəbul olmaq istəyən qeyri-adi ifaçıların təhsil arzularını da gözündə qoyur. Axı bu məsələ burada bitmir. Çox istedadlı gəncləri musiqi sahəsindən ayırır, akademik mühitdən uzaqlaşdırır və restorana doğru üz tutmağa məcbur edir. Bu isə xalis bədbəxtçilikdir...
Əlbəttə ki, həm məntiq, həm də informatika fənnindən olan bu sualların cavabı var. Ancaq bu abituriyentin ali təhsil müəssisələrinə qəbul olması və yaxud bir tələbənin işə qəbulu üçün mizan ola bilməz! Dünyanın heç bir ölkəsində musiqi sahəsində belə bir formatda imtahan tələb olunmur.
Musiqi sahəsində magistr imtahanında verilən məntiqə dair 40 sualdan 35-ni düz cavablandıran tələbələr bu gün ali təhsil müəssisələrində “Harmoniya”, “Elementar nəzəriyyə”, “Musiqi tarixi”,”Polifoniya” kimi mürəkkəb fənnlərdən tədrislə məşğul olurlar. Onların musiqi biliklərini yoxlasanız əksəriyyəti öz ixtisaslarını bilmirlər! Çünki musiqiyə aid imtahan vermək əvəzinə məntiq və informatika kimi sahələrə yönəlib, sonra müəyyən “üsullar”la işə qəbul olunurlar.
Mən bu sözləri özümdən demirəm. Bunları mənə tələbələr danışır ki, filankəs müəllim bizə bu fənni tədris edə bilmir. Filankəs müəllim musiqini bilmir. Biri deyir ki, müəllim fortepiano ixtisas dərsində telefon ilə oynayır və s. Hətta bir tələbə mənə yazdı ki, “üçtonlu intervalları” natural minor qammasında qurmuşam, müəllim mənə bunun səhv olduğunu deyir. İsrarla tələbənin üzünə durur ki, “üçtonlu intervallar” ancaq harmonik minor qammasında qurula bilər. Hələ bu “müəllimin” kvinta dairəsindən də xəbəri yoxdur. Həmin müəllimin magistr pilləsinə qəbul olunanda test cavablarına baxsaq, görə bilərik ki, ixtisas əvəzinə məntiqdən imtahan verib və indi özünəməxsus “məntiqi” ilə musiqi nəzəriyyəsini tədris edir.
Nə deyim….İndi həmin şəxs Azərbaycanda müasir, yeni yaradılan universitetdə tədrislə məşğuldur. Ümid edirəm ki, “üçtonlu” intervalların bütün quruluş qaydalarını öyrənib.
Bu kimi nümunələr çoxdur əslində, saymaqla bitməz ki…..
Dövlət imtahanına buraxılışda Dünya musiqi tarixində ən nəhəng bəstəkarlardan biri olan L.V.Bethovenin məşhur “Patetik” sonatasını “Slujebnıy roman” filminin musiqisindən ayırd edə bilməyən Şəki Musiqi Kollecinin rəhbərliyi və onun fortepiano üzrə şöbə müdirinin cəmiyyətə hansı faydası ola bilər ki? Hələ direktorun Üzeyir bəyin yubileyində verdiyi sual... “Sənsiz” romansının sözlərini kim yazıb? Kollecdə olan başqa “şəffaf” bazar iqtisadiyyatını heç qeyd etmirəm. Necə deyərlər, eşitməyən qulaq qalmayıb. Bu isə başqa bir dərddir...
İşin ən tragikomik tərəfi isə budur ki, Üzeyir bəyin "Sənsiz" romansından bixəbər olan direktoru təhsil naziri işdə saxlayır, həmin tip müəssisələrə işə qəbul olmaq istəyən şəxslərə isə məntiqdən sual hazırlayanlara dəstək verir!
Hansı səbəbə görə qəbul imtahanında qabiliyyət tipli test suallarını çıxarıb ancaq məntiq, informatika və xarici dil əlavə edirsiniz? Əlbəttə, bu fənnlər üzrə sualların olması əhəmiyyətlidir, lakin müəyyən dərəcədə. Hətta deyərdim ki, elementar formada. Sadə bilikləri yoxlamaq məqsədilə olarsa, arzuediləndir.
Niyə bu işlə Elm və Təhsil Nazirliyi ciddi bir şəkildə maraqlanmır!? Hər halda problemin həlli üçün müvafiq komissiya yaratmaq olar. Lakin bu komissiyaya da gərək həqiqətən elmi, biliyi olan şəxsləri dəvət edəsiniz....
Bizlərə dərs deyən müəllimlərdən Ramiz Zöhrabov, Elxan Babayev, Gövhər Hüseynova, Lalə Mehdiyeva, Ülviyyə İmanova, Elnara Dadaşova, Zümrüd Dadaşzadə, Cəmilə Həsənova, Oqtay Abbasquliyev, Tofiq Bədirxanov, Pərviz Quliyev, Kəmalə Neymanova və adlarını çəkmədiyim bir çox pedaqoqlar məgər məntiq imtahanı ilə elmi nailiyyətlər əldə ediblər? Heç onların bu məntiqə ehtiyacı belə yox idi. Öz fənnlərini bizlərə kifayət qədər yaxşı tədris edirdilər.
İndi Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi müəssisələrdə təhsil alan tələbələr bu cür məntiqi suallardan keçib magistr olurlar və sonra da təcrübəli müəllimlər haqqında elə sözlər, elə boş ifadələr işlədirlər ki, insan bu sənətə nifrət edir.
Azərbaycan Milli Konservatoriyasının professoru İradə xanım Hüseynova kimi ciddi nəzəri biliklərə malik olan mütəxəssislə "5 dənə məntiqi" suala cavab verib magistri bitirib dərsə başlayan biriləri baş-başa gəlmək istəyir. Siz o müəllimin yanından yel olub ötə bilməzsiniz axı! Bir baxın, kimsiniz onun qabağında?!
Sizlərə təəccüblü gəlməsin, tələbələr ali təhsil ocağında dörd il oxuduqdan sonra yenidən repititora müraciət edir. Səbəb aydındır: bilikləri yetərli deyil. Bu cür misalların davamını gətirə bilərəm...
Heç kim sual etmir ki, niyə musiqişünaslıq ixtisası üzrə magistr pilləsində qabiliyyət imtahanını ləğv edir, əvəzinə ali təhsil müəssisələrini belə savadsız kadrlarla doldurmağa zəmin yaradırsınız?!
Bu məsələdə ən gülünc hal isə odur ki, bakalavr üzrə hansı ixtisası istəyirsən, bitir - klarnet, gitara, saz, nağara, fərqo yoxdur. Sonra məntiq, informatika və xarici dil fənnlərindən test imtahanı ver, gəl ol musiqişünas. Sonra da tarix nəzəriyyə üzrə magistr dissertasiyası yaz və müdafiə elə! Hara baxırsınız, hörmətli Elm və Təhsil naziri Emin Əmrullayev və onun aidiyyatı əməkdaşları?
Heyf sizin qurduğunuz musiqi “binası”na, Üzeyir bəy! O indi müasirlik adı altında dağıdılır...
Bütün bunların səbəbi isə bu sahədə səlahiyyətli şəxslərin ağızlarına su alıb oturmasıdır. Məsələyə “məndən ötsün, kimə istəyir dəysin” prinsipi ilə yanaşma var. Bu səbəbdən də nə təshilalan, nədə təhsilverən düzgün istiqamətdə inkişaf edə bilmir!
Bu işlər doğrudan da çox ciddi fəsadlara yol açıb və açmaqda da davam edir...
Bakupost.az
Aslan Mustafazadə,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
dissertantı, musiqişünas və pianoçu.






Fikirlər