Müqəddəs əmanətin keşiyində- Hüseynqulu Bağırovun portreti: necə varsa, eləcə!

““Azərbaycanda yeni qızıl yataqları tapılıb”- - Nazir  

Böyük türk yazıçısı Əziz Nesin “Çirkli mühit insanın ruhunu kirlədir, çirkli ruhlar ətrafı kirlədir” deyirdi.

 Təbiəti, ətraf-mühiti qorumağın əhəmiyyətini, ekoloji mühafizənin önəmini bunun qədər aydın ifadə edən fikir tapmaq çox çətindir. Həqiqətən təmiz ətraf-mühit təmiz ruh, fiziki-mənəvi sağlamlıq üçün əsasdır.Sevindirici haldır ki, Azərbaycanda bu məsələnin əsas prioritetlərdən olduğu yaxşı dərk edilir, ölkənin ekoloji sabitliyinin qorunub-saxlanılması və daha da yaxşılaşdırılması istiqamətində böyük işlər görülür.

Ölkə başçısı İlham Əliyevin dediyi kimi, “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik”.

Qarşıya qoyulan bu mühüm vəzifənin icrası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yarandığı gündən bəri ardıcıl, planlı və sistemli fəaliyyəti bu gün demək olar ki,təqdirəlayiqdir.

DOSYE:Respublikada həyata keçirilən struktur islahatları çərçivəsində, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı istiqamətləri ilə məşğul olan və fəaliyyətlərində bir-birini təkrarlayan Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Dövlət Hidrometeorologiya Komitəsi və "Azərmeşə" İstehsalat Birliyi Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə ləğv edilib və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və Azərbaycan Respublikasının Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Yarandığı gündən bəri bu nazirliyə Hüseynqulu Bağırov kimi Azərbaycanın ən peşəkar kadrlarından biri rəhbərlik edir.Öz intellektual səviyyəsi, bilik və bacarığı  ilə tanınan Hüseynqulu müəllim düz 15 ildir ki, bu vəzifəni layiqincə yerinə yetirir. Əminliklə demək olar ki, dünyada ətraf-mühitin sürətlə çirkləndiyi barədə həyəcan siqnalları çalındığı bir vaxtda Azərbaycanda ekoloji sabitliyin bərqərar edilməsi mümkün olub.

Azərbaycan “yaşıllıqlar diyarı”na çevrilir

Hüseynqulu müəllim bütün gücünü Azərbaycanı başdan-başa “yaşıllıqlar diyarı”na çevirməyə səfərbər edib. Elə ötən ilin rəsmi statistikasından kiçik bir çıxarış bu fikirlərimizi təsdiqləyir: ” Meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması üzrə 2014-cü ildə 10125 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 2640 hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilib və 3863,72 min ədəd ağac əkilib. Meşələrin təbii bərpasına kömək tədbirləri 7485 hektar sahədə aparılıb.”

 

 

Hüseynqulu müəllimin rəhbərliyi altında ETSN-nin ölkəmizin torpaq və su, flora və fauna ehtiyatlarının, yerin təkinin və məişət tullantılarının mühafizəsi, bioloji müxtəlifliyin qorunması, balıq ehtiyatlarının artırılması, bərpası və istifadəsinin tənzimlənməsi, Xəzər dənizinin ekoloji təmizliyi və s. kimi istiqamətlərdə gərgin, yorulmaz, davamlı və prinsipial əməyini xüsusilə qeyd etməyə dəyər.

Bütün bunlar ümumi evimiz olan Yer planetinin bütün nöqtələrində ekoloji tarazlıq baxımından həyəcanlı xəbərlərin gəldiyi bir vaxtda Azərbaycanda ətraf-mühitin təmizliyi baxımından nə qədər səmərəli, genişmiqyaslı işlərin aparıldığını göğzlərimizin önünə aydın şəkildə sərməkdədir.

Dövlətçiliyə sədaqət nümunəsi

Hüseynqulu müəllim öz fəaliyyətində ölkə başçısının Azərbaycanın ekoloji siyasəti ilə bağlı konkret göstəriş və tapşırıqlarını əsas tutur, bu istiqamətdə var gücü ilə çalışır. Bunun nəticəsidir ki, dövlət rəhbəri də Hüseynqulu müəllimə etimad göstərməkdə davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu il işıq üzü görən və geniş ictimaiyyət tərəfindən maraqla və rəğbətlə qarşılanan “İlham Əliyevin uğurlu ekoloji siyasəti” kitabı da məhz Hüseynqulu müəllimin dövlətə sədaqət, dövlətçiliyə sevgi ilə yoğrulmuş nazir obrazının əyani təsdiqidir. Ekologiya və təbii sərvətlər naziri kitaba yazdığı ön sözdə Prezident İlham Əliyevin keçmişdən miras qalmış ekoloji problemlərin geniş spektrinin həllində islahatçı lider keyfiyyətlərindən söz açır, bütün istiqamətlərdə reallaşdırılan çoxsaylı ekoloji layihələrin ölkənin beynəlxalq nüfuzunun güclənməsinə təkan verdiyini vurğulayır.

384 səhifəlik 24 bölmədən ibarət olan nəfis tərtibatla və yüksək zövqlə çap edilən kitabda son illərin ekoloji nailiyyətləri, yaşıllaşdırma sahəsində atılan vacib addımlar, təbii resursların, meşələrin və biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər əksini tapıb. Ekoloji vəziyyətin yaxşılaşdırılması, təbiətin, ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə bağlı fəlakətlərin qarşısının alınması və ətraf mühiti çirkləndirən amillərə qarşı ciddi mübarizənin təşkili mövzuları kitabın ana xəttini təşkil edir. Kitabda həmçinin yeni layihələrin tətbiqi, Xəzər dənizinin ekoloji vəziyyəti, əhalinin içməli su ilə təmin edilməsi istiqamətində görülən kompleks tədbirlər haqqında ətraflı məlumat verilir, çoxsaylı layihələrə qoyulan vəsaitlərin gələcək nəslin sağlamlığına xidmət edəcəyi bildirilir. Onu da qeyd edək ki, ən diqqət çəkən məqam da odur ki, görülmüş kompleks tədbirlər, həyata keçirilmiş bütün layihələr Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilmiş və heç bir xarici donorun vəsaitindən istifadə edilməməsidir.  

Bu da Azərbaycan dövlətinin ekoloji sabitliyin qorunması, ətraf-mühitin mühafizəsi məsələsində nə qədər böyük həssaslıq, diqqət və qayğı nümyiş etdirdiyinin əyani təcəssümüdür.

Sonda:  Dekabrın 17-də Hüseynqulu Bağırovun 60 yaşı tamam oldu . Biz də öz növbəmizdə -"AzerTaym.az" saytının kollektivi olaraq Hüseynqulu müəllimi əlamətdar yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı, işlərində nailiyyətlər arzulayırıq.

Əminik ki, o, hələ bundan sonra uzun illər ərzində öz bilik və bacarığını,təcrübəsini Azərbaycanda ekoloji mühitin qorunmasına sərf edəcək, fəaliyyətində daha böyük uğurlara imza atacaq.Belə bir müdrik söz var: “Təbiət bizə babalarımızdan qalan bir miras deyil, nəvələrmizə verəcəyimiz müqəddəs bir əmanətdir”.      

Bu əmanətin qorunması və gələcək nəsillərə çatdırılması işində uğurlar sizə, Hüseynqulu müəllim! 

 P.S.    Bu günlərdə ölkə prezidenti İlham Əliyev tərəfindən  Hüseynqulu Bağırov  "Şöhrət" ordeni ilə təltif  edildi.

Bu bir daha dövlətin ona olan ən yüksək etimadının və dövlətə sədaqət, dövlətçiliyə sevgi ilə yoğrulmuş nazir obrazının əyani təsdiqidir!        

   

 

 Azər Abdul.

 

 

 

 

 

 

 

 

 

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

   

 

 

 

 

 

 

 

 






Fikirlər