Qadınlar 2015-ci ildə

 

Merkel-11.jpg

Angel Merkel

Almaniya kansleri Angel Merkel “Time” jurnalının ilin adamı seçildi.

Almaniyanın təkcə ilk qadın deyil, həm də kommunist Şərqdə anadan olub boya-başa çatmış ilk lideri kimi tanınan xanım Merkel, kansler kimi hakimiyyətdə 10-cu ilini qeyd etdi. Merkel Forbes jurnalının hər il açıqladığı dünyanın ən nüfuzlu 100 qadını siyahısında da ən yuxarı yeri tutdu. 60 yaşlı Angela Merkelin dünyanın ən nüfuzlu lider kimi göstərilməsinin səbəbləri onun qarşılaşdığı mürəkkəb seçimlərlə izah edilir. Angela Merkel Yunanıstanın maliyyə böhranından çıxması səylərində aparıcı yol oynayıb, Ukrayna münaqişəsinin həlli məqsədilə Rusiya ilə danışıqlarda əsas vasitəçi olub və Avropaya Suriyadan miqrant axını ilə bağlı böhranda mənəvi liderlik edib.   

 

Hillari Klinton

hillari.jpg

ABŞ-ın keçmiş Dövlət katibi, birinci xanımı və senatoru Hillari Klinton Amerika tarixində ilk qadın prezident seçilmək üçün rəsmən yarışlara qatıldı.

O, sosial mediada “Mən prezident seçilmək üçün yarışlara qoşuluram. Amerikalılara çempion lazımdır və mən o çempion olmaq istəyirəm”, - sözlərilə seçki kampaniyasına başladığını elan etdi. Hillari Klinton Demokrat partiyasından ABŞ prezident seçkilərində nominasiya almaq üçün yarışlarda öndə gedərək, favorit hesab edilir. “Gallup” institutunun keçirdiyi son sorğuya əsasən, Hillari Klinton amerikalıların ən çox pərəstiş etdiyi qadındır.

Kraliça Yelizaveta

yelizaveta.jpg

Kraliça İkinci Yelizaveta Britaniyada ən uzun müddət taxtda qalan monarxı kimi tarixə düşdü.

Britaniya taxtına 27 yaşında sahib olan kraliça Yelizaveta aparılmış son sorğulara görə britaniyalılar arasında hələ də çox sevilir. Kraliçanın ölkənin bütün siyasətçilərindən daha populyar olmasının sirrini Britaniya monarx ailəsinin bioqrafları onun hər zaman nə deyəcəyini əvvəlcədən dəfələrlə düşündüyü və olduqca diqqətli olması ilə izah edir. Lakin 89 yaşlı İkinci Yelizaveta populyar monarxiniya olmaqla yanaşı, həm də dünyanın ən yüksək zövqə malik eleqant kraliçası kimi bir imicə malikdir. 63 ildən artıq Britaniya taxtında olan kraliça hər zaman dəbdədir!

Svetlana Alekseyeviç

Svetlana-11.jpg

Belarus yazıçıçı və jurnalist Svetlana Alekseyeviç 2015-ci il ədəbiyyat üzrə Nobel mükafatının laureatı oldu.

O, ədəbiyyat sahəsində prestijli mükafata layiq görülən 14-cü qadındır. Nobel komitəsi Svetlana Alekseyeviçin əsərlərini “dövrümüzün əziyyətləri və cəsarətinin abidəsi” adlandırıb. Onun müharibə və münaqişələr haqda yazılarında hadisələrin tarixi deyil, onların mərkəzində olan insanın emosiyalarını göstərməsi yüksək qiymətləndirilib. Svetlana Alekseyeviç yazıçı missiyasını belə ifadə edib: “Mən nə üçün yazıram? Məni fəlakətlər yazıçısı adlandırırlar, amma bu belə deyil.  Mən həmişə sevgi dolu sözlər axtarıram.  Nifrət bizi xilas etməyəcək. Yalnız sevgi bunu edəcək və mənim ümidim var…”

Malala qaçqınlar üçün məktəb açır

Malala-11.jpg

Ən gənc Nobel mükafatı laureatı, pakistanlı fəal Malala Yusifzai 18 yaşını Livanda suriyalı qaçqın qızlar üçün  məktəb açaraq, qeyd edib.

Qızların təhsil hüquqlarını müdafiə etdiyinə görə Pakistanda başından güllə ilə vurulan Malala Yusifzai təhsil hüquqları uğrunda mübarizənin beynəlxalq simvola çevrilib. Malala öz missiyasını belə ifadə edir:

“Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişdirə bilər. Gəlin öz hüquqlarımızı müdafiə edək, mübarizə edək.”

Malala Yusifzainin ad günü BMT tərəfindən "Malala Günü" elan edilib. Hər il bu gün təhsil almaq qarşısında maneələrlə qarşılaşan uşaqlara dəstək bildirilir.

Amerika ordusunda qadın döyüşçülər

esger-qadinlar.jpg

Amerikanın qadın əsgərlərinin döyüşlərdə iştirak etməsinə icazə verildi.

ABŞ Müdafiə Nazirliyi 2016-cə ildən başlayaraq, qadınların hərbi əməliyyatlarda iştirak edə biləcəyini açıqlayıb. Qadınlar döyülşlərə qatıla bilmək üçün 1970-ci illərdə hərbi xidmət göstərməyə başladıqları zamandan kampaniya aparırdı. Pentaqonun qərarına qədər qadınlar hərbi qüvvələrdə, döyüş hissələrindən başqa bütün sahələrdə xidmət göstərə bilərdi. Döyüşən hərbi hissələr ABŞ hərbi qüvvələrinin 10 faizini təşkil edir.

Səudiyyə Ərəbistanında seçkilər

Seudiyye-qadinlari.jpg

Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə olaraq seçkilərdə səs vermək və bələdiyyə seçkilərində iştirak etmək hüququndan istifadə edib.

İlk dəfə olaraq, yerli seçkilərdə iştirak edən qadınlar 17 yer qazana bilib. 2013-cü ildə Səudiyyə kralı Abdullanın qərarı ilə ölkə tarixində ilk dəfə olaraq qadınlar Məsləhət Şurasına təyin edilib. Buna qədər Səudiyyə Ərəbistanı dünyada qadınların siyasi prosesdən kənarda qaldığı yeganə ölkəsi idi.

Səudiyyə Ərəbistanı dünyada qadınlar üçün ən ciddi məhdudiyyətlərin mövcud olduğu bir ölkədisi hesab edilir. Ölkədə kral ailəsinə mənsub şahzadələrdən tutmuş bütün qadınlar yaxın kişi qohumlarının müşayiəti olmadan xarici səfərə çıxa bilməz. Qızlar və qadınların təhsil alması ata, ər və bəzi hallarda oğulun razılığı əsasında olmalıdır. Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə hələ də icazə verilmir.

Serena Uilyams

Serena-11.jpg

Serena Uilymas ABŞ-da mötəbər "Sports Illustrated" idman jurnalının İlin "İdman Adamı" adını qazanan ilk qadın oldu.

34 yaşlı Uilyams idman karyerası boyu 53 qələbə qazanıb. O həm də dünyanın ən böyük dörd tennis turnirlərindən üçünün, Uimbldon, Avstraliya və Fransa Açıq Turnirlərinin qalibi olub. Sports Illustrated jurnalının üz qabığında yerləşdirilmiş fotoda Serena Uilyams atletik güclə qadın incəliyinin vəhdinin simvolu olaraq göstərilib.

Misti Kopland

Kopland-11.jpg

ABŞ balerinası Misti Kopland Amerika Balet Teatrının 75 illik tarixində ilk dəfə olaraq teatrın prima balerinası statusuna yüksələ bilib.

Misti Koplandın bu yüksəlişi Amerikada balet sənətində olduqca az təmsil olunmuş qaradərili rəqqaslar üçün böyük stimul oldu. Prima ballerina baletsevərlərin ənənəvi auditoriyasından kənarda da olduqca populyardır. Misti Kopland bestsellərə çevrilmiş tərcümeyi-hal və uşaqlar üçün kitabın müəllifidir. "Time" jurnalı onu 2015-ci ildə "Sənət sahəsində ən nüfuzlu insanlardan biri" adlandırıb.

Adel

Adel-11.jpg

Müğənni Adel yeni “25” adlı albomu ilə musiqi dünyasını fəth etdi.

2011-ci ildən sonra buraxdığı albomun artıq təkcə Amerikada 7 milyondan çox nüsxəsi satılıb. Müğənninin özü isə Billboard jurnalının siyahısında iki aydır ən yuxarı yeri tutur. Adelin fotosu mötəbər Time jurnalının üz qabığını bəzəyir. Dünyanın ən böyük pop ulduzlarından biri olan Adel populyarlığının ən yüksək zirvəsində də sadə, təvazökar və təbii eleqantlığa malik bir qadın olaraq qalır.

D.Əliyarlı

"Amerikanın səsi"

 

 






Fikirlər