20 YANVAR FACİƏSİndən 26 il ötür (TARİXİ FOTOLAR)

20 Yanvar faciəsindən 26 il ötür (TARİXİ FOTOLAR)

 

 

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 26 il keçir.
Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.
 
Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər.
 
Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən, 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si səhər saat 8.00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 
 
Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
 
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.
 
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
 
1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.























































Fikirlər