Rusiyada “QARABAĞ” konfetləri istehsal olunur — FOTO
Rusiyanın Sibir regionundakı “Sladunitsa” şirniyyat şirkəti “Qarabağ” adı daşıyan konfetlər istehsal edir. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, şirkət Rusiyanın Omsk şəhərində qeydiyyatdan keçib. “Sladunitsa” ASC-nin baş direktoru Yuliya Şestakova, marketinq xidmətinin rəhbəri isə Anastasiya Perminovadır. Anastasiya Perminova şirkətin “Qarabağ” adı altında konfet istehsal etməsinin səbəblərini belə izah edib: “Konfetlərin “Qarabağ” adı ilə istehsalı marketinq şöbəsinin ekspertləri tərəfindən irəli sürülüb. Vurğulamaq istəyirəm ki, məmulatın belə adlandırılması siyasi səbəblərlə bağlı deyil. Şirkətimiz beynəlxalq siyasətdən tamamilə uzaqdır”. A. Perminova şirkətin sahiblərinin Qazaxıstan vətəndaşı olan etnik ruslardan ibarət olduğunu və “Sladunitsa” şirkətinin rəhbərliyində erməni, yaxud azərbaycanlı şəxslərin çalışmadığını deyib. Şirkət Rusiyanın 65 subyektində marmelad, şəkərli peçenye, şərq şirniyyatları və konfetlər istehsal edir. “Qarabağ” konfetlərinə gəlincə, 1 kiloqramı 430 rubla (8 manat 70 qəpik) satılan konfetlər şokolad və kakao tərkiblidir.