2015-ci ildə Səhiyyə Nazirliyi ilə “Arash Medical Company” MMC arasında ümumi məbləği 10 milyon manata çatan üç anlaşma əldə edilib. Bu barədə Qaynar.info-nun Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında apardığı araşdırma nəticəsində məlum olub.
Belə ki, nazirliklə adıçəkilən şirkət arasında:
- Göyçay rayon Mərkəzi Xəstəxanasının avadanlıqlarla və inventarla təchizatı işlərinin alınması məqsədilə 3.350.201 manatlıq;
- Bakı şəhərində akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının avadanlıqlarla və inventarla təchizatı işlərinin alınması məqsədilə 1.857.049 manatlıq;
- Gəncə şəhərində Abbas Səhhət adına avadanlıqlarla və inventarla təchizatı işlərinin alınması məqsədilə 5.106.059 manatlıq anlaşma əldə edilib.
Amma təəssüf ki, bu qədər iri layihələrin icrası zamanı Satınalmalar haqqında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə necə cavab verildiyi açıq qalır. Belə ki, araşdırmalarımıza rəğmən, yuxarıda barəsində bəhs olunan satınalmalar barədə tender elan-edilib edilmədiyinə dair hər hansı bilgi əldə edə bilmədik.
Qeyd edək ki, “Arash Medical Company” Azərbaycan tibb bazarında 1994-cü ildən fəaliyyətdədir. Hazırda şirkətin fəaliyyəti hər növ tibbi avadanlıqlar və ləvazimatların satışı, işçi heyətinin təlimi, tibbi avadanlıqların quraşdırılması, təmiri və sazlanmasından və səhiyyə obyektlərinin layihələndirilməsindən ibarətdir.
Şirkətin rəsmi saytında bildirilir ki, “Arash Medical Company” fəaliyyət miqyasına görə Azərbaycanın ən qabaqcıl şirkətlərindən biri olaraq, tibbi avanlıqlar üzrə dünyanın 40-a yaxın aparıcı istehsalçıları ilə sıx əməkdaşlıq edir. Şirkət ABŞ-ın “Alcon”, “Armstrong Medical”, “Hill-Rom”; Almaniyanın “Hettich”, “Carl Storz”, “Lesiegang”, “Metrax”, “Riester”, “Trilux”, “Weinmann”; C. Koreyanın “Medison”, “Bionet”, İtaliyanın “Cardioline”, “FL Medical”, “Fazzini”, “Rimsa”; İsveçrənin “Belimed”; Türkiyənin “Hitas”, “Nüve”, “Varitex”; Yaponiyanın “Toshiba”, “Olympus”, “Fuji” və s. istehsalçılarını Azərbaycanda birbaşa təmsilçisidir.
Belə məlum olur ki, “Arash Medical Company” Azərbaycanın səhiyyə ocaqları ilə sıx əməkdaşlıq şəraitindədir, bir neçə xəstəxana və klnikalarını hər növ tibbi avadanlıqlar və ləvazimatlarla təchizatçısıdır.
Amma Səhiyyə Nazirliyinin bu MMC ilə yaxın əməkdaşlığının məhz yuxarıda sadalanan göstəricilərlə müəyyənləşdiyini deməyə çətinlik çəkirik. Çünki şirkətin rəhbəri Cavid Əsədovun Milli Məclisin spikeri Oqtay Əsədovun qardaşı oğlu olduğu bildirilir. Bu isə istər-istəməz müəyyən sualların yaranmasına gətirib çıxarır.
(Azərtaym.az)