HƏBSDƏKİ MTN GENERALI DANIŞMAQDAN İMTİNA EDİR – ELDAR MAHMUDOV milyardları geri qaytarır

Sabiq nazirin taleyinə bu proses yekunlaşdıqdan sonra aydınlıq gələcək

eldar-elcin

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev istintaqla əməkdaşlıqdan imtina edir. Ötən il dekabr ayının 25-də həbs olunan E.Quliyev, ona qarşı irəli sürülmüş ittihamlarla bağlı ifadə vermir. Bu barədə “AzPolitika”ya məlumatlı mənbə bildirib.

Xatırladaq ki, E.Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun bu həbsi müəyyən qədər gözlənilməz olmuşdu. Çünki Eldar Mahmudovun vəzifəsindən azad olunması və MTN ətrafında baş verən hadisələrdən sonra E.Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasında kafedra rəisi təyin edilmişdi. Bu təyinat belə bir fikir formalaşdırmışdı ki, hansısa səbəbdən bu generalın həbs olunmaması barədə qərar verilib. Baxmayaraq ki, onun müavini İlqar Əliyev elə ilk dalğada həbs olunmuşdu, Antiterror Mərkəzinin adı isə MTN cinayətlərində qırmızı xətlə keçirdi.Lakin elə həmin İlqar Əliyevin Kürdəxanı təcridxanasında müəmmalı intiharından bir neçə gün sonra Elçin Quliyev də həbs olundu.

Bəzi mənbələr E.Quliyevin gözlənilməz həbsini Eldar Mahmudovun həbsinə hazırlıq kimi dəyərləndirmişdilər. Belə iddialar var idi ki, məhz E.Quliyevin ifadəsi əsasında sabiq nazir həbsə atılacaq. Lakin belə görünür ki, E.Quliyev hələlik dirəniş göstərir və ifadə vermir.

Qeyd edək ki, yaxın günlərdə Eldar Mahmudovun vəzifəsindən azad olunmasından dərhal sonra MTN-də başlayan istintaq və həbslərin 4 ayı tamam olacaq. İndiyədək 20-dən artıq general və yüksək rütbəli zabit həbs olunub, onların əksəriyyəti barəsindən 4 aylıq həbs qətimkan tədbiri seçilib. Çox böyük ehtimalla, yaxın günlərdə onların həbs müddətləri uzadılacaq. Çünki istintaqın belə qısa zamanda işini yekunlaşdıracağı inandırıcı deyil.

MTN işində əsas fiqirantın – Eldar Mahmudovun həbs olunub-olunmayacağı məsələsinə isə hələ də tam aydınlıq gətirilməyib. Məlumatlara görə, sabiq nazir ev dustaqlığındadır və ölkədən çıxardığı milyardların geri qaytarılması işi ilə məşğuldur. Çox güman ki, onun taleyinə də bu proses yekunlaşdıqdan sonra aydınlıq gəlmiş olacaq.

AzerTaym.az






Fikirlər