“Ərəb baharı” zamanı müşahidə olunan proses yenidən qayıtdı
2011-ci ilin əvvəlində başlanan ərəb inqilabları zamanı olduğu kimi yenə də icra orqanlarında rüşvətə “stop” qoyulub. Bu barədə əldə etdiyimiz xəbərlərdə deyilir ki, notariuslardan tutmuş, əhalinin tez-tez müraciət etdiyi digər bütün dövlət orqanlarında son vaxtlar rüşvətsiz işləmək sisteminə keçilib. Hakimiyyət yuxarı dairələrindən əhalinin maddi vəziyyətinin ağır olduğu və rüşvətxorluğun narazılığı bir qədər də artırdığını nəzərə alaraq belə bir göstəriş verilib.
Xatırladaq ki, “ərəb baharı”nın baş qaldırdığı zamanlarda da dövlət orqanlarında rüşvətə son qoyulmuşdu. 2011-ci ildə bölgələrdə etiraz aksiyalarının bir-birilə əvəzləməsi də məhz özbaşınalıqlardan bezən xalqın üsyanı idi. Məsələn, həmin dövrdə “ərəb baharı”ının rüzgarından ehtiyatlanan hakimiyyət rüşvət yığılmasına “məzuniyyət” verdi, məhkəmələr sadə vətəndaşların xeyrinə qətnamələr çıxardı, notariat kontorlarında rüşvət dayandırıldı, nazirlər bir-bir bölgələrə vətəndaşların qəbuluna göndərildi, icra başçıları camaatın ayağına getməyə başladılar. Bundan
inqilabi bir proyekt həyata keçirdi. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin filialları fəaliyyətə başladı. Lakonik adı ASAN xidmət olan bu layihə iqtidarın “ərəb baharı”ndan qorunması ilə yanaşı sosial narazılıqların qismən azalmasına yardım etdi.
İnsafən, indi şəxsiyyət vəsiqəsi, nikah şəhadətnaməsi, müxtəlif dövlət orqanlarından zəruri sənədləri ASAN xidmətdən çox asanlıqla əldə etmək olar. Həm operativ, həm də qeyri-rəsmi rüsum tələb edilmədən lazımi sənədləri almaq mümkündür.
ASAN xidmət dayanıqlı olsa da icra orqanlarında rüşvətə “stop” deyilməsinin müvəqqəti, kampaniya xarakterli olduğu ortaya çıxdı. “Ərəb baharı” təhlükəsi ötüşdükdən sonra əvvəlki sistem bərpa edildi.
Aradan beş ilə yaxın keçib “ərəb baharı” təhlükəsi olmasa da ondan heç də geri qalmayan iqtisadi böhrandan doğa biləcək etiraz dalğası təhlükəsi hiss edilir. Rüşvətə “stop” da bunun üçün verilib.
Bu mövzuda danışan politoloq Qabil Hüseynli bildirdi ki, hansı situasiyada həyata keçirilməsindən asılı olmayaraq rəsmi strukturlarda rüşvət hallarının qarşısının alınması müsbətdir. Təsadüfi deyil ki, bu, sadə insanlar tərəfindən rəğbətlə qarşılanır: “Bu gün insanlar üçün qəpiyin belə, əhəmiyyəti var. Yəni böhran amilləri insanları o qədər sıxışdırıb çətin vəziyyətə salıb ki, onlar üçün qəpik də əhəmiyyətli dəyər daşıyır. Belə bir durumda insanların hansısa işləri üçün az miqdarda rüşvət verməsi belə, insanlar üçün yükdür. O baxımdan da rüşvətə “stop” deyilməsi əhalidə məmnunluq yaradır və insanları ruhlandırır. Ölkə prezidenti də bildirmişdi ki, bütün bu mənfi hallara mübarizə aparmaq üçün ictimai rəy fəal olmalıdır, ictimai rəyin, medianın gücündən istifadə etməliyik. Ona görə də rüşvətxorluq hallarına, insanlardan bac-xərac yığılmasına qarşı hər bir fərd fəal olmalıdır, rüşvət verməkdən imtina etməlidirlər. Müvafiq orqanlara, prezidentin yeni yaratdığı Apelyasiya Şurasına müraciət etməlidirlər. Ölkədə vətəndaşların ərizə və şikayətlərinə baxılması proseduru təkmilləşdirilir. Bu da ictimai fəallığın artmasına gətirib çıxarmalıdır”.
Q.Hüseynli vurğuladı ki, rüşvət alma hallarının dayandırılmasının “Ərəb baharı”nın ilk vaxtlarında olduğu kimi kampaniya xarakteri daşımaması, müəyyən müddətdən sonra rüşvətxorluğun yenidən başlamaması üçün insanların özləri də ciddi şəkildə fəal olmalıdırlar, rüşvət verməməli, rüşvət istəyənlərdən şikayət etməli, öz haqları uğrunda mübarizə aparmağı bacarmalıdırlar. İmkan verməməlidirlər ki, rüşvətxor və dələduz məmurlar onların haqlarını yesin: “Rüşvətxorluğa birdəfəlik son qoyulması üçün bu amillər mütləqdir.Kadr islahatları da yəqin ki, davam etdiriləcək. Kadr islahatları iş başına rüşvətdən uzaq adamların gətirilməsinə ümid edək ki, səbəb olacaq. Belə olsa rüşvətə, məmur özbaşınalığına qarşı mübarizə aparmaq xeyli asanlaşacaq”.
AzerTaym.az