MƏMURLAR əhali ilə NİYƏ GÖRÜŞÜR?

“Məmurların vətəndaşlarla görüşlər keçirməsi əhəmiyyətli məsələdir. Bu görüşlərdə vətəndaşlar öz problemlərini deyə bilirlər”.

 

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov nazir və komitə sədrlərinin vətəndaşlarla görüşlərini şərh edərkən deyib. 

“Ölkə başçısının apardığı siyasəti, iqtisadi islahatları əhaliyə çatdırmaq lazımdır. Bu görüşlərdə yüksək vəzifədə çalışan şəxslər iştirak edəndə onlar insanlara müəyyən tələb və xahişlərini deyə bilirlər. Bundan əlavə məmularla görüşlərdə vətəndaşları narahat edən suallar cavablandırılır. Hesab edirəm ki, görüşlərin sayını artırmaq lazımdır. İqtisadi vəziyyətin ağır olduğu bu dövrdə məmurların xalqla görüşü mütləq şəkildə baş tutmalıdır”.

Deputatın fikrincə, məmurların əhali ilə görüşündə əsas məqsəd insanları narahat edən, düşündürən məsələlərlə bağlı dövlətin, hakimiyyətin mövqeyini onlara çatdırmaqdır. 

Millət vəkili hesab edir ki, yüksək vəzifə sahibləri rayonlarda insanlarla görüşüb, onların problemlərini dinləməlidir. 

“Ölkə başçısının dediyi kimi, hər bir məmur, vəzifə sahibi xalqın xidmətçisidir. Onlar yerlərdə əhali ilə görüşüb, dövlətin vətəndaşların yanında olduğunu əyani şəkildə göstərməlidirlər. Hazırda insanları bir çox problemlər narahat edir. Onları dinləmək, şikayətlərə yerindəcə baxmaq, lazımı addımlar baxmaq lazımdır. Hesab edirəm ki, prezdentin bu istiqamətdə məmurlara verdiyi tapşırıq öz nəticəsini göstərəcək”. 

Qeyd edək ki, prezident İlham Əliyev dövlət rəsmiləri ilə keçirdiyi görüşlərdə hər zaman diqqətə çatdırıb ki, məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməməli, xalqa xidmət etməlidirlər. Ölkə başçısı bu tələblərə riayət etməyən vəzifə sahiblərinin cəzalandırılacağını diqqətə çatdırıb.

Prezidentin tapşırığından sonra yüksək vəzifəli dövlət məmurları son günlər bölgələrdə insanlarla görüşlər keçirərək, onların problemlərini, şikayətlərini dinləyirlər. Bu görüşlərdə vətəndaşlara dövlətin hər zaman xalqın yanında olduğu mesajı verilir, insanların problemlərinin həll ediləcəyinə dair fikirlər səsləndirilir.






Fikirlər