Test üsulu ləğv olunur?
Nazir bu fikirləri ANS kanalında səsləndirib.Rövşən Ağayev: ”Test sistemi bəlkə də Azərbaycanda yeganə şəffaf mexanizmdir. Əhali arasında sorğu keşirilsə, respondentlərin azı 90-95 faizi onun şəffaflığına şübhə etməz”
Təhsil naziri Mikayıl Cabbarovun “gələcək illərdə ali məktəblərə qəbul qaydaları dəyişməlidir. Yeni tədris sistemi ilə oxuyan məzunlarımız 3 ildən sonra məktəbi bitirirlər. Onların biliyini tesltə qiymətləndirmək doğru deyil. Onların biliklərinin qiymətləndirilməsi fərqli sistem tələb edir” açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Ancaq nazir onu da əlavə edib ki, növbəti bir neçə ildə imtahanların forma və mahiyyətində heç bir dəyişiklik gözlənilmir.
M.Cabbarov qeyd edib ki, bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarının məzmunu və həmin məzmunun müsbət tərəfləri haqqında danışmaq olar. “Test sisteminin əsas üstün cəhətin insan faktorundan asıllığın minimal olmasıdır. Yəni qiymətləndirmə faktiki olaraq insan faktorundan asılı deyil. İstərdik ki, bir sıra zəruri məsələlər qiymətləndirmədə əks olunsun. Bunlar nitq, ritorika, yazı vərdişləri, düşünmək tərzini özündə əks etdirən, sualların olmasıdır. Bunun üstünlüyü olduğu kimi çatışmayan cəhətləri də var. Dünyada mövcud olan sistemlərlə müqayisə etsək, başqa qiymətləndirmə sistemləri də mövcuddur. Hazırda qiymətləndirmə standartları adalandırılan yeni layihə üzərində iş aparılır. Bu sistem Rusiyada da mövcuddur və vahid dövlət imtahanı adlandırılır. Burada diqqət yetirməli olduğumuz əsas məsələ isə insan faktorunun məhdud olmasıdır”.
Nazir oxu, nitq vərdişlərini yazılı fikir ifadə etmək vərdişlərini inkişaf etdirən bir sistem hazırlanması istiqamətində müzakirələr aparıldığını bildirib.
İqtisadçı Rövşən Ağayev nazirin açıqlamasını Facebook səhifəsində şərh edib.
İqtisadçı dünyada, hətta inkişaf etmiş ölkələrdə belə sistemin olduğunu inkar etmir: “Lakin həmin sistemin tətbiq edildiyi ölkələrdə mühit də fərqlidir. Onlarda universitetlər inzibati və maliyyə baxımından muxtar təsisatdı. Məmurların təsirindən tam azaddırlar, pedoqoji və tələbə heyətinin tam nəzarəti, birbaşa idarəçiliyi altında fəaliyyət göstərirlər. Universitetlər beynəlxalq reytinq agentlikləri tərəfindən qiymətləndirilir, maliyyəni də məhz həmin reytinq və keyfiyyətli fəaliyyət əsasında qazanırlar. Ona görə qəbulu da şəffaf və keyfiyyətli aparmağa məhkumdurlar. Hanı belə mühit Azərbaycanda? İnkişaf etmiş Qərbin bir çox universitetlərində hətta qəbul formal sayılacaq qədər asanlaşdırılıb. Çünki şəffaf və keyfiyyətli tədris mühitində oxumayan onsuz da diplom ala bilmir. Ona görə də qəbulun əhəmiyyəti təhsili başa vura bilməyin mürəkkəblikləri və çətinlikləri içərisində nəzərəçarpmaz məsələyə çevrilir”.
Rövşən Ağayev hesab edir ki, test sistemi bəlkə də Azərbaycanda yeganə şəffaf mexanizmdir. Əhali arasında sorğu keşirilsə, respondentlərin azı 90-95 faizi onun şəffaflığına şübhə etməz. Əhalinin güvənini qazanan ikinci belə publik sistem varmı?
Nazirin Rusiya modeli barədə fikirlərinə gəlincə, iqtisadçı sual edib ki, müasir dünyada hazırkı Rusiya təhsilini model kimi götürən hansı ölkə var? Məsələ onda deyil ki, indiki qəbul idealdı. Əsas məsələ odur ki, indiki idarəetmənin bundan qat-qat pis sistemə keçəcəyinə şübhə yoxdu: “Sadəcə, test bankında açıq tipli sualların payını artırmaqla və vahid dövlət imtahanı tətbiq etməklə də keyfiyyəti yüksəltmək mümkündü”.
“Qəbul qaydalarını dəyişib Qərbdə tətbiq olunan sistemə keçmək istəyirsinizsə, buna qədər görüləcək 2 strateji əhəmiyyətli iş var: 1) universitet menecmentini Qərb standartlarına uyğunlaşdırmaq; 2) orta təhsilin menecmentini və keyfiyyətini Qərb standartlarına uyğunlaşdırmaq. Əks halda, bu əski qafa ilə modern texnologiyadan istifadəyə cəhd göstərən şəxsin durumuna bənzəyəcək”,-deyə Ağayev fikrini tamamlayıb.etməz”