Azərbaycan prezidenti Əsədə , YOXSA SÜLHƏ “HƏ” deyib?
Prezident İlham Əliyevin İran səfərində Suriya ilə bağlı səsləndirdiyi fikirlər dünya mətbuatının əsas gündəminə çevrilib. Azərbaycan ictimaiyyəti arasında da ölkə başçısının sözləri geniş müzakirələrə səbəb olub.
Prezident iranlı həmkarı Həsən Ruhanı ilə görüşündə Suriya məsələsində həmfikir olduqlarını söyləyib: “Biz şadıq ki, ABŞ və Rusiya gələn həftə sonu reallaşacaq hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər. Biz Suriya böhranı ilə bağlı daha əvvəl də vurğulamışdıq ki, Suriya xalqı öz gələcəyi ilə bağlı qərar qəbul etməlidir. İran və Azərbaycan bu məsələdə ortaq mövqeyə sahibdir”.
İ.Əliyevin bu fikirlərində bəzi müəmmalı məqamlar ortaya çıxıb. Belə fikirlər səslənir ki, ölkə başçısı Suriya məsələsində ABŞ və Rusiya arasında atəşkəs əldə olduğu üçün bu açıqlamanı verib. Lakin onun çıxışından başqa cür nəticə çıxaranlar, açıqlamanı başqa istiqamətə yozanlar da var. Amma görünən odur ki, çıxış mətnində “biz Suriya məsələsində İranın yanındayıq” kimi fikirlər yoxdur. Ölkə başçısı dövlətinin sülhün yanında olduğunu bildirib.
Ləğv edilmiş MTN-in keçmiş zabiti, polkovnik İlham İsmayıl məsələyə iki aspektdən yanaşmağın doğru olduğunu söylədi: “Burada həm Azərbaycanın maraqları gözlənilə, həm də İranın xətrinə dəyməmək siyasəti aparıla bilər. Dağlıq Qarabağ kimi problemimiz olduğuna görə, hər hansı bir ölkənin ərazi bütövlüyü vacib məsələ olanda, biz mütləq o ərazi bütövlüyünü dəstəkləməliyik. Çünki özümüz buna məruz qalmış dövlətik. Yəni Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik. İranla bu mövzuda həmfikir olmağı demək mümkündür. Amma bu mesajı verəndən sonra demək lazımdır ki, biz də atəşkəs istəyirik, necə ki, İran da bunu istəyir. Yəni açıqlamaları başqa formaya salmaq olardı. Çünki ”biz İranın yanındayıq" deyəndə Türkiyə kimi yaxın dövlətin, eləcə də Qərbin əleyhinə olmuş duruma düşürük.
Bu baxımdan diplomatik gediş başqa cür olmalı idi. Necə ki, Araz Əzimovun Suriya məsələsi ilə bağlı dediklərində həqiqət var idi, amma səhv qəbul edildi. Diplomatik tərz var. Çalışmalıyıq ki, digər dövlətlərin maraqlarına toxunan fikirlər səsləndirməyək. Diplomatiyanın əsasını “nə şiş yansın, nə də kabab” məsələsi təşkil edir. Amma təəssüf ki, bu cür olmayanda Qərb səmimiyyətə inanmır. Amma Suriya məsələsində başqa cür mövqe tutmaq mümkün deyil. Çünki Qarabağ problemimiz var".
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, prezidentin çıxışında müzakirələrə səbəb olan cümlə yoxdur: “Mətnlə tanış olanda mən də o cür anlamışdım. Amma mətndə bu ifadənin olmadığını gördüm. O, kontekstdən çıxarılıb. Belə bir ifadə yoxdur. Orada, sadəcə, bildirilib ki, Suriyada atəşkəsin əldə olunması bölgədə sülhün xeyrinədir, biz bu addımları alqışlayırıq. Eyni açıqlamanı Səudiyyə Ərəbistanının rəhbəri də verdi. Onlar da bunu müsbət qarşıladıqlarını bildirdilər. Ona görə də bu məsələdə nəyisə şişirtməyə ehtiyac yoxdur. Mən də mətbuatdan eşitdim ki, Suriya məsələsində İranın mövqeyi dəstəklənib. Amma bu ifadəni mətndə tapmadım. Ona görə də belə məsələlərə şərh vermək də yerinə düşməz”