Azərbaycan 7 gün ərzində QƏRAR VERMƏLİDİR.

Aida Qəmbər: “İslam koalisiyasına qoşulmaq Azərbaycanın maraqlarına cavab vermir”

Azərbaycanın Suriya böhranının həllində islam koalisiyasına qoşulmaq təklifini alması xəbəri təsdiqini tapıb. Son dövrlər Azərbaycana Səudiyyə Ərəbistanı və Türkiyə tərəfindən bu koalisiyaya daxil olmaq təklif edildiyi xəbəri yayılsa da, bu barədə müzakirələr daha çox ictimai müstəvidə gedirdi. Nəhayət, xarici işlər nazirinin müavini Araz Əzimovun Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən açıqlama ilə çıxış etməsi rəsmi Bakının artıq seçim etməsi kimi şərh olundu.

Fevralın 18-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya rəsmi səfəri zamanı bu məsələyə dair Azərbaycan rəsmi mövqeyini açıqladı. Xarici işlər naziri Elmar Məmmədyarov Suriya böhranı ilə bağlı Azərbaycana İslam koalisiyasına daxil olmaq təklif edildiyini dedi. Lakin nazir bu məsələnin böyük və geniş olduğunu əsas gətirərək hələ qərar verilmədiyini bildirib. Azərbaycanın qeyd edilən koalisiyaya qoşulması məsələsi hələ 2015-ci il dekabrın 15-də E.Məmmədyarovun Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyrlə telefon danışığı zamanı qaldırılıb. Həmin vaxt Azərbaycan XİN bu məsələnin qanunvericilik səviyyəsində baxılaraq, ona uyğun qərar çıxarılacağını bildirib. Sonradan eyni təklifin Azərbaycan prezidentinin Londonda Suriya böhranına həsr olunmuş beynəlxalq tədbirdə irəli sürüldüyünə dair xəbər yayıldı. Hətta qeyri-rəsmi mənbələrdən əldə olunan məlumatlara görə, cari ilin yanvar ayında rəsmi Bakı yaranmış maliyyə böhranını həll etmək üçün Səudiyyə Ərəbistanından kredit istəyib və Ər Riyad buna qarşılıq olaraq, Azərbaycanın sözügedən hərbi alyansa daxil olması şərtini irəli sürüb. Lakin Azərbaycan hökumətinin buna razılıq verməməsi anlaşmanın baş tutmaması ilə sonuclanıb. E.Məmmədyarovun M.Çavuşoğlu ilə görüşündən sonrakı açıqlaması koalisiyaya qoşulmaqla bağlı müzakirələrin diqqət mərkəzində qaldığını deməyə əsas verir. Buna baxmayaraq, nazirin qəti fikir söyləməməsi rəsmi Bakının bu dəvətə hələ razılıq vermədiyinə işarə kimi başa düşülə bilər. Terrorizmə qarşı İslam Koalisiyasının mart ayında keçiriləcək toplantısında Azərbaycanın da iştirakı gözlənilir. Amma Azərbaycanın bu toplantıda Rusiyanın və İranın əleyhinə formalaşmış hərbi-siyasi cinahda yer almağa razı olacağını demək çətindir. Türkiyə və Səudiyyə Ərəbistanı isə rəsmi Bakıdan konkret mövqe ortaya qoymasını istəyir. Ona görə də yəqin ki, sözügedən toplantıya qədər Azərbaycan öz qərarını açıqlamalıdır. Türkiyə Suriya böhranında yalnız müsəlman dövləti olan Azərbaycanın deyil, həmçinin Gürcüstanın və Ukrayanın da dəstəyinə ümid bağlayır.

Siyasi ekspertlər isə hesab edir ki, Azərbaycan Suriya böhranı kimi gərgin siyasi münasibətlər sistemində tərəf olaraq iştirak etməkdə maraqlı görünmür. Çünki belə bir addımın atılması Rusiya və İran tərəfindən Azərbaycana qarşı təhdidlərin artması ilə nəticələnə bilər.

Şərqşünas alim Aida Qəmbər bildirir ki, Azərbaycanın müsəlman dövləti olması və Yaxın Şərqə yaxın regionda yerləşməsini nəzərə alsaq, İslam koalisiyasına dəvət edilməsi təbii haldır:

“Azərbaycanın indiki halda bu birliyə qoşulması dövlət maraqlarına o qədər də cavab vermir. Çünki Azərbaycanın indiki halda hazırlıqsız şəkildə bu hərbi alyansa daxil olması məqbul deyil. Amma təkliflər paketini gözdən keçirmək, Azərbaycanın maraqlarına cavab verən şərtləri də nəzərə almaq lazımdır”.

Aida Qəmbər onu da əlavə edir ki, rəsmi Bakı indiki şəraitdə Səudiyyə Ərəbistanı və Türkiyənin yanında yer almaqla Rusiyanı qıcıqlandırılan addımlar atmasını istəməz. Əgər Azərbaycan Suriya məsələsində Türkiyənin xeyrinə seçim edərsə, Rusiya tərəfindən pərdəarxası təhdidlər ala bilər. Ona görə də Azərbaycan hakimiyyəti bu məsələdə neytrallıq nümayiş etdirməyə çalışacaq və dəqiq cavab verməyəcək. Lakin ekspert Azərbaycanın bitərəf qalmaq cəhdlərinə görə, Türkiyə ilə münasibətlərdə gərginlik yaşanacağıni inandırıcı hesab etmədiyini deyir:

“Azərbaycan hakimiyyəti yaranmış vəziyyəti Türkiyə tərəfinə izah edə və diqqəti ölkənin daxili problemlərinə yönəldə bilər. Onlar da Azərbaycanın düşdüyü vəziyyəti nəzərə alacaqlar”.

  






Fikirlər