NATO, RUSİYANIN SƏRHƏDLƏRİNDƏ MÖHKƏMLƏNİR – “Moskva, düşmənimiz olmağa qərar verib”

“Pribaltikanın uzunmüddətli NATO yardımına ehtiyacı var”

nato

NATO-ya daxil olan Şərqi Avropa dövlətləri, alyansdan onların ölkələrindəkı hərbi kontingentin qalma müddətini uzatmağı istəyirlər. Digər tərəfdən isə, onlar NATO-nun Brüsseldəki mənzil-qərargahından gələ biləcək formal siyasi qərarı gözləmədən, həmin hərbi hissələrə Rusiyanın müdaxiləsinə qarşı çevik reaksiya göstərmək hüququnun verilməsinə çağırırlar.

İyul ayında NATO-nun Varşavada keçirilən sammitində Baltik ölkələri alyansdan xahiş edəcəklər ki, onlar bu ölkələrdə kifayət qədər güclü hərbi birləşmələrin saxlanması barədə qətiyyətli bəyanat səsləndirsinlər. Latviyanın xarici işlər naziri Edqar Rinkeviç məsələ ilə əlaqədar deyib: ”NATO qoşunları Baltik ölkələrində lazımı qədər çox qalmalıdırlar, çünki bizim elə bir qonşumiz var ki… Latviya alyansın ona qarşı münasibətini çox yüksək qiymətləndirir, lakin buna baxmayaraq, NATO Pribaltikadakı ağır silahların və həmçinin də tankların sayını artırmalıdır”.

Bu çağırışlar, NATO-nun Mərkəzi və Şərqi Avropada hərbi kontingentinin sayının artırılması barədə qərarından sonra səslənib. Bundan başqa ABŞ-ın büdcə layihəsində Rusiya ilə sərhəddə yerləşən ölkələrdə hərbi təlimlərə ayrılan xərclər dörd dəfə artırılaraq, 3.4 milyard dollara çatdırılıb.

ABŞ konqresində çıxış edən NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı general Filip Bridlav bildirib ki, Rusiya, ABŞ və onun avropalı müttəfiqləri üçün təhlükədir. Bridlav deyib: “Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatçıları dəstəkləməsi, digər yandan isə rusların NATO sərhədləri yaxınlığında təxribatçı hərəkətləri, Rusiyanın bizim düşmənimiz olmağa qərar verdiyini göstərir”.

25 fevral tarixində ABŞ müdafiə naziri Eşton Karter bildirib: ”Amerika heç zaman Rusiyanı düşmən etməyə cəhd göstərməyib, baxmayaraq ki, ola bilər, bizim haqqımızda məhz bu cür təsəvvür formalaşdırılıb. Ancaq yaddan çıxarılmasın ki, biz öz maraqlarımızı, müttəfiqlərimizi və beynəlxalq nizamın əsaslarını qoruyacağıq”.

NATO, onun üzvü olan Şərqi Avropa ölkələrinin ərazisində yerləşən qoşunlarını daimi ordu birləşmələri adlandırmaqdan yayınır. Soyuq müharibənin sona çatmasından sonra – 1994-cü ildə bağlanmış müqavilədə deyilir ki, NATO bu ərazilərdəki təhlükəsizliyi, orada daimi ordu birləşmələri saxlamaqla deyil, kifayət qədər əlavə döyüş qüvvəsi göndərməklə təmin edəcək.

Rusiya bəyan edir ki, NATO-nun Şərqi Avropa ölkələrində ordu sayını artırması, bu müqavilənin pozulması deməkdir. Lakin NATO ekspertlərinin bir çoxu iddia edir ki, bu müqavilə hər hansı öhdəlik deyil.

Rinkeviç bildirib: ”Rusiya təxribatçı hərbi addımlar da daxil olmaqla, təbliğat fəndlərindən istifadə etməklə, strateji təhlükə daşıyan hibrid müharibəsi aparır. Əvvəllər Rusiyanın təbliğatı ilk növbədə Baltik ölkələrinin rusdilli azlığı üçün nəzərdə tutulurdusa, ancaq onların indiki təbliğatı düşünülmüş şəkildə əhalinin bütün təbəqələrinə təsir etməyə yönəlib. Rus və latış dilindəki informasiya mənbələri Avropa Birliyini qaralamaq və oradakı neqativ hadisələri önə çəkib yaymaqla məşğuldurlar”.

Digər tərəfdən isə Rusiya tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatları müxtəlif proqramlar hazırlayırlar. Bu proqramlar çərçivəsində yeniyetmələr və gənclər ilk baxışda qeyri-siyasi tədbirlər çərçivəsində, məsələn, müxtəlif idman yarışlarında iştirak etmək üçün Rusiyaya dəvət olunurlar.

Rinkeviçin sözlərinə görə, Pribaltikada reportyor təhqiqatı aparmaq istəyənlər üçün yerli jurnalistləri hazırlama mərkəzi yaradılıb. Ölkələrində işləmələrinə imkan verilməyən müstəqil rusiyalı jurnalistlər, Rusiya təbliğatına qarşı Pribaltikada öz informasiya nəşrlərini qura bilərlər.

(The Wasington Post)






Fikirlər