Nərimanovda tədbir keçirildi - Fotolar
Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətini qeyd edib. Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəis müavini, general-mayor Novruzəli Orucov, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, şəhid ailəsi Sona Vəliyeva, “Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi” İctimai Birliyinin sədri Emin Həsənli və digər çıxış edənlər gənclərin Vətənimizin müdafiəsi, qədim tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirak etdiyini, mədəniyyət, idman, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq, dövlətçilik ənənələrini daim uca tutduğunu, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak etdiyini və dövlətimizin onlara verdiyi stimul nəticəsində öz potensiallarından səmərəli istifadə edərək və dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin daha dinamik inkişafı istiqamətində bundan sonra da Vətənə ləyaqətlə xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər. Tədbirin bədii hissəsində rayonun təhsil ocaqlarının tələbə və şagirdləri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı maraqlı konsert proqramı ilə çıxış ediblər. Sonda müharibə veteranlarına və hərbi hazırlıq fənnində yüksək nailiyyət qazanmış şagirdlərə fəxri fərman və mükafatlar təqdim edilib.