Məşhur arestantın vəkilindən sensasion müsahibə
Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Ali Məhkəmədən ərizəsinin təmin olunmaması ilə bağlı qərarı alıb. Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun imzaladığı qərar haqda H.Məmmədovun vəkili Afət Qazıyeva ilə söhbətləşdik.
- Hacı Məmmədovun ərizəsi ilə bağlı hansı əsasla belə bir qərarın qəbul olunduğu izah edilibmi?
- Biz hesab edirdik ki, yeni hallar üzrə araşdırma aparılmalı idi. Çünki Hacı Məmmədov öz ərizəsində konkret faktları qeyd etmişdi. Məhkəmə isə belə qərar verib. Biz nə deyək? Hacı Məmmədov qərardan narazıdır, amma heç bir mübahisələndirmə olmayacaq. Çünki bu qərar qətidir. O ümid edirdi ki, ərizəsi üzrə araşdırma aparılacaq, ərizəsi üzrə prokuror ondan ifadə alacaq, bu işə yenidən məhkəmədə baxılacaq. Ümid etməsəydi, məhkəməyə ərizə ilə müraciət etməzdi. O ümid edirdi, məhkəmə də belə bir qərar qəbul etdi.
- Hansı yeni hallardan söhbət gedirdi?
- Hacı Məmmədov Ali Məhkəməyə ərizəsində yazmışdı ki, o vaxt, 2005-ci ildə həbs olunandan sonra MTN-in rəhbər işçiləri, Akif Çovdarov, Mövlam Şıxəliyev və başqaları ona hədə-qorxu, təzyiq etməklə Zakir Nəsirov, Məmmədəli Əliyev barəsində yalan ifadələr verməyə məcbur ediblər. Ona görə də ərizəsində bu yeni halların araşdırılmasını istəyirdi.
- Belə ehtimallar var ki, Ali Məhkəmədə müvəkkilinizin məlum ərizəsinin araşdırılması zamanı 2007-ci ildə Hacı Məmmədovun işi üzrə hökm çıxarmış hakim Əli Seyfəliyevdən də məsləhət alınıb. Bununla bağlı nə deyə bilərsiz?
- Bu haqda məlumatsızam. Qərarı Cinayət Kollegiyasının sədri Şahin Yusifov imzalayıb.
- Hacı Məmmədovun Qobustan həbsxanasına köçürülməsi gündəmdədir?
- Özü ora köçürülməsi üçün DTX rəhbərliyinə müraciət edib. Biz ərizəyə hansı qaydada baxılacağını bilmirik.
- Deyirsiniz ki, ərizə üzrə verilmiş qərarın doğru olmadığını hesab edirsiniz. Belədirsə, qərarı mübahisələndirməməyiniz nə ilə əlaqədardır?
- Çünki bu qərardan şikayət və protest verilə bilməz.
- Qanun həqiqətin üzə çıxmasını qadağan edə bilməz. Hər halda, şikayət etmək yolu var, yeni bir mübahisə açıla bilər...
- Hacı Məmmədov dedi ki, artıq heç yana şikayət etməyəcək.
- Belə çıxır ki, Hacı Məmmədov ədalətli araşdırma aparılmasına olan ümidini tamamilə itirib?
- O, ömürlük cəzasını alıb və çəkir. O, bu ərizəni təkcə özünə görə yazmamışdı. Ən azından istəyirdi ki, ədalət yerini tapsın. Özü də Hacı Məmmədov eyni məzmunlu ərizə ilə illərdir ki, Ali Məhkəməyə müraciətlər edib. 4 il əvvəldən ərizələr yazıb. Deyir ki, bütün aidiyyəti orqanlara yazmışam, əfsus ki, ərizələr oradan çıxmayıb. Vəkil kimi onun hüquqlarının müdafiəsinə qoşulandan sonra ərizəsinin aidiyyəti üzrə çatmasına nail oldum.
- Kənardan belə görünür ki, Hacı Məmmədov ədalət istəyir, amma ona həmin ədalətə çatmağa imkan verilmir.
- Bu, Hacı Məmmədovun hüququdur və o, öz hüququndan istifadə etdi. O, haradasa vicdan əzabı çəkirdi və istəyirdi ki, nəhayət ki, haqq öz yerini tapsın. O, öz hüququndan istifadə edib yazdı, müraciət etdi...
- Belə görünür ki, Hacı Məmmədov həqiqətin üzə çıxması üçün əlindən gələni etdi və haradasa məsuliyyəti öz üzərindən atmış oldu. Sizcə, həqiqətin üzə çıxmamasına görə hazırda məsuliyyət kimin üzərindədir?
- O yazdı, məhkəmə də qərar qəbul etdi ki, əsas yoxdur. Məsuliyyət kimin üzərində ola bilər. Bu göz qabağındadır.
AzerTaym.az