Ölkədə YENİ XİDMƏT – heç kim YALAN danışa bilməyəcək

Azərbaycanda ilk dəfə “Personalın poliqrafda (yalan detektorunda) yoxlanması” mövzusunda peşəkar xidmət fəaliyyətə başlayıb.

Modern.az xəbər verir ki, GRBS Beynəlxalq Tədris Mərkəzi tərəfindən göstəriləcək xidmət yalnız biznes sahəsi üçün açıq olacaq.

Yeni xidmətin təqdimat mərasimində xidmət haqqında məlumat verən GRBS Beynəlxalq Tədris Mərkəzinin rəhbəri Bəhram Qurbanov bildirib ki, hər hansı bir şirkət yeni əməkdaş işə götürərkən və ya mövcud işçilərini yalan detektorunda testdən keçirərək onların psixoloji vəziyyətini, ixtisasa uyğunluğunu, düzgünlüyünü, məsuliyyətliliyini, spirtli içkilərə, narkotik vasitələrə meyilliliyini, şəxsi keyfiyyətlərini, işə zərər verə biləcək pis vərdişlərini, o cümlədən cinayət işinin olub-olmaması, mənfi keyfiyyətlərini və s. xüsusiyyətlərini müəyyən edə, onun işə qəbul edilən vəzifə üçün nə dərəcədə yararlı olub-olmadığını aydınlaşdıra bilər.

B.Qurbanov deyib ki, xidmət, eyni zamanda biznes məqsədləri üzrə fərdi şəxslər üçün açıq olacaq: "Hər hansı bir ailə öz övladına dayə və ya ailə sürücüsü işə götürərkən yalan detektorları vasitəsilə onları testdən keçirə və həmin iş üçün yararlılığını müəyyən edə bilər".

Onun sözlərinə görə, biznes və kadr təhlükəsizliyini təmin etmək baxımından bu metodun səmərəliliyi böyükdür: "Personalın poliqrafda yoxlanması Rusiyadan və ABŞ-dan gətirilmiş müasir poliqraflar vasitəsilə həyata keçiriləcək".

Tədbir zamanı həmçinin qeyd olunub ki, poliqrafda yoxlanmanın nəticələri işçinin işə götürülməməsi və ya hər hansı bir işçinin işdən azad edilməsi üçün əsas ola bilməz. Poliqraf yoxlanmasının nəticəsi hüquqi əhəmiyyət daşımır. Bu nəticə işəgötürən üçün istiqamətləndirici xarakter daşıyır.






Fikirlər