Bilgəh sanatoriyasının şöhrəti GERİ QAYIDIR
Son illərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) səyləri nəticəsində Azərbaycanda əmək hüquqlarının müdafiəsi sahəsində görülən işlər göz önündədir. Konfederasiya sədri Səttar Mehbalıyevin gərgin və səmərəli fəaliyyəti ölkəmizin bu sahədə dünyanın qabaqcıl ölkələri ilə müqayisə ediləcək dərəcədə mühüm uğurlar əldə etməsinə gətirib çıxarıb. Əminliklə demək olar ki, işçilərin əməyinin və sağlamlığının mühafizəsi daim Azərbaycan həmkarlar ittifaqlarının prioritet vəzifələrindən olub. Yeni Əmək Məcəlləsinin qəbul olunması və işçilərin sosial müdafiəsinin baş sazişlərdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində gücləndirilməsi məqsədi ilə AHİK-in verdiyi təkliflərə əsasən, Azərbaycan Milli Məclisi tərəfindən texniki təhlükəsizlik, istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirməsi hallarından icbari sığorta haqqında qanunlar qəbul edilib. İş və istirahət rejimi, əmək mühafizəsi xidmətində işləyənlərin say reqlamenti, zərərli iş şəraitində işləyənlərin profilaktik qida əldə etdiyi müəssisələrdən vergi tutulmaması ilə bağlı Əmək və Vergi məcəllələrinə düzəlişlər edilib, ilin isti və soyuq vaxtlarında işçilərə fasilələr verilməsi, işi dayandırmaq imkanı verən hərarət reqlamentinə dəyişikliklər edilib. Birmənalı şəkildə demək lazımdır ki, bu sadalanan nailiyyətlər Səttar müəllimin rəhbərlik etdiyi AHİK-in öz işinə peşəkar və ciddi münasibətinin məntiqi sonluğudur. Xüsusilə işçilərin sağlamlığının və istirahətinin düzgün təşkili istiqamətində görülən işləri təqdir etməmək, Səttar müəllimin bu məsələyə həssas yanaşmasını vurğulamamaq mümkün deyil. Nəticədə isə ölkədəki sanatoriyalar müasir standartlar səviyyəsində yenidən qurulub və həmkarların ixtiyarına verilib. Hazırda hər il yüz minlərlə işçi bu sağlamlıq və istirahət mərkəzlərində həm müayinə və müalicə imkanından, həm də dincəlmək fürsətindən faydalanmaqdadırlar. Bu sırada Bilgəhdəki sanatoriyanın işini ayrıca qeyd etməyi vacib bilirik. Paytaxt Bakının cəmi 40 km.-liyində yerləşən bu sanatoriya vaxtilə nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə, şöhrət tapmışdı. Sovet İttifaqının dağılmasından bir müddət sonra Bilgəh sanatoriyasının fəaliyyətində də obyektiv səbəblərdən müəyyən durğunluq yaranmışdı. Amma son illərdə yenidən qurulan, modernləşən Bilgəh sanatoriyası əvvəlki şöhrətini geri qaytarmaqdadır.
AHİK sədri Səttar Mehbalıyev qurumun tabeliyindəki “Kurort” QSC-yə daxil olan digər sağlamlıq ocaqları kimi, Bilgəh sanatoriyasının da müasir standartlar səviyyəsində fəaliyyət göstərməsi üçün lazımi addımların atılmasını təmin edib. Nəticədə Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Bilgəh qəsəbəsində yerləşən sanatoriyada istirahətdən həzz almaq və ürək-damar sistemi xəstəliklərindən müalicə olunmaq üçün hazırda burada hər cür şərait mövcuddur. Sanatoriyanın yerləşdiyi təbii amilləri, dəniz, quru və mülayim iqlim ürək-damar xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir. “Bilgəh” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur. Baş həkim Muxtar Əhmədov başda olmaqla, sanatoriyanın rəhbərliyi və kollektivi AHİK-in onlara göstərdiyi yüksək etimadı doğrultmaq üçün əllərindən gələni edirlər. Bu sağlamlıq və istirahət ocağında işlər sözlə ifadə edilməsi mümkün olmadığı dərəcədə peşəkarlıqla qurulub. Belədə isə Bilgəh sanatoriyasının uzun illər öncə olduğu kimi, insanların böyük həvəs və inamla üz tutduğu bir ünvana çevrilməsinə təbii yanaşmaq lazımdır. Məxsusi olaraq qeyd etməliyikl ki, hazırda bu sanatoriya müasir diaqnostik və müalicə aparaturası ilə təchiz edilmiş komfortlu müalicə şöbəsinə malikdir. Burada funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, oksigenoterapiya, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana və həmçinin kliniki-diaqnostik və biokimya laboratoriyaları fəaliyyət göstərməkdədir.
Arxitektur cəhətdən milli memarlıq ənənələrinə sadiq qalan sanatoriya korpusları ən son komfort təsəvvürlərinə tam cavab verir. Pasientlərə hər cür rahatlıqlı tək və ikinəfərlik otaqlar təqdim olunur. Zövqlə tərtib edilmiş, rahat və səliqəli müalicəvi qidalanma zalı sözsüz ki, iştahının yaxşılaşmasına yardımçı olur və müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxinin bəxş etdiyi təəssüratları daha da gücləndirir. Dincələnlərin asudə vaxtı da olduqca maraqlı şəkildə təşkil olunur. Park boyunca gəzintilər, dəniz vannaları və çimərlikdə istirahətdən savayı, ziyarətçilərin qulluğunda videosalon, kitabxana, bilyard otağı, kafe və digər müəssisələr fəaliyyət göstərir. Onu da qeyd etmək lazımdır ki, sanatoriya ərazisində poçt, teleqraf, mağaza yerləşir və müxtəlif məişət xidmətləri təklif olunur. Bu sadalananlar qısa vaxtda Bilgəh sanatoriyasında kifayət qədər böyük işlərin həyata keçirildiyini təsdiqləyir. Əminliklə vurğulamalıyıq ki, hazırda Bilgəh sanatoriyasının timsalında Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrindəki sağlamlıq və istirahət ocaqları ilə rəqabət apara biləcək bir sanatoriya möbcuddur. Bu isə yuxarıda da vurğuladığımız kimi, AHİK sədri Səttar Mehbalıyevin həmkarlar ittifaqlarında təmsil olunan 1 milyon 600 mindən artıq əməkçinin səhhətinə və istirahətinə verdiyi önəmin nəticəsidir. Belə bir nəticəni isə yalnız və yalnız ayaqda alqışlamaq olar! Eyni zamanda o da sevindiricidir ki, hazırda Bilgəh sanatoriyasında öz işinə vaqif olan, məsuliyyətlə yanaşan bacarıqlı rəhbərlik və professional kollektiv çalışır. Bu da Bilgəh sanatoriyasının şöhrətinin qarşıdakı illərdə ölkəmizdən çox-çox uzaqlara yayılacağına qətiyyən şübhə yeri qoymur.
Yazını isə yüz minlərlə işçinin Bilgəh sanatoriyasının nümunəsində Azərbaycanda əməkçilərin sağlamlıq və istirahət hüququnun təmin edfilməsi istiqamətində misilsiz işlər görən Səttar müəllimə və rəhbəri olduğu AHİK-ə minnətdarlığını dilə gətirməklə nöqtə qoyuruq. Baxmayaraq ki, istənilən minnətdarlıq həmin nəhəng işlərin qarşısında xeyli kiçik görünür. Həm də Səttar müəllimin bu uğurlara imza atarkən qarşılığında heç bir təşəkkür gözləmədiyini yaxşı bilirik. Amma bu, nə bizə, nə də həmkarlar sıralarında birləşən yüz minlərlə işçiyə əməkçi hüquqlarının yüksək səviyyədə qorunması sahəsində əldə edilən nailiyyətlərə görə səmimi minnətdarlıq ifadə etməyə mane olmamalıdır. Təşəkkürlər, Səttar müəllim! Azər Abdul. ''AzerTaym.az''