Kamal Abdulla ADU ilə bağlı sərəncamdan DANIŞDI
Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan Dillər Universitetinin yenidən təşkili, universitetə publik hüquqi şəxs statusunun verilməsi barədə imzaladığı sərəncam çox ciddi bir sənəddir. Bunu ADU-nun rektoru, akademik Kamal Abdulla deyib. Rektor bildirib ki, sərəncama əsasən universitetin nizamnaməsi yenidən hazırlanacaq, profildə nəzərdə tutulan istiqamətlər genişlənəcək: “Sərəncama əsasən universitetin öz daxili quruluşunda daha çox müstəqillik əldə etdiyi göz qabağındadır. Bu müstəqillik hər bir bölmənin qarşısında yeni üfüqlər açacaq. Bu, həm də yeni ixtisasların, yeni qurumların, yeni elmi-tədqiqat institutlarının yaradılması deməkdir”. K.Abdulla qeyd edib ki, ADU-nun genişlənməsi pərakəndəliyə gətirib çıxarmamalıdır: “Bu sərəncam bizi bu gün və sabah üçün öz imkanlarımızı səfərbər etməyə, təhsil istiqamətində öz sözümüzü deməyə səsləyir”. ADU-nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayev qeyd edib ki, ADU bu etimada layiq görülən ikinci ali təhsil müəssisəsidir: “İki ay müddətinə Nazirlər Kabineti tərəfindən universitetin nizamnamə layihəsi hazırlanmalıdır. Bundan sonra bizim fəaliyyət dairəmiz genişlənəcək. Beynəlxalq təhsil layihələrində daima Təhsil Nazirliyinə universitetlərin müstəqilliyinin artırılması təklif edilirdi. Cənab prezidentin imzaladığı sərəncam artıq universitetə fəaliyyət müstəqilliyi verən sənəddir. Eyni zamanda idarəetmə mexanizmi işlək və sadə olacaq”. Ə.Abdullayevun sözlərinə görə, bu sərəncama əsasən ADU-nun maliyyə cəlb etmə imkanları artacaq. AzerTaym.az