Yeni təyinat: İki universitet birləşir? – Millət VƏKİLİ
Kamal Abdullanın Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsini çox gözəl və müsbət hadisə kimi qiymətləndirirəm. Bu sözləri Axar.az-a açıqlamasında akademik Kamal Abdullanın Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsinə münasibət bildirən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, akademik K.Abdulla uzun illər Bakı Slavyan Universitetinin rektoru olub və bu ali təhsil müəssisəsinin inkişafında çox böyük xidmətlər göstərib: “Kamal Abdulla görkəmli ziyalıdır, dünyada tanınan yazıçıdır, eyni zamanda, təhsil sistemində böyük təcrübəyə malikdir. Bu baxımdan Kamal Abdullanın Azərbaycan Dillər Universitetinə rektor təyin edilməsini çox gözəl və müsbət hadisə kimi qiymətləndirirəm. Kamal müəllimin gələcəyimiz üçün böyük əhəmiyyət daşıyan Azərbaycan Dillər Universitetinin inkişafında böyük işlər görəcəyi şübhəsizdir”. Millət vəkili Kamal Abdullanın yeni təyinatını Azərbaycan Dillər Universitetinin inkişafı baxımından uğurlu hesab edib: “Son zamanlar Azərbaycan Dillər Universitetində bir sıra ciddi problemlər yaranmışdı. Son tələbə etirazları və universitet ətrafında bəzi söz-söhbətlərin yaranması hamını narahat edirdi. Əminəm ki, Kamal müəllim təcrübəli bir insan kimi bu universiteti düzgün yola qaytaracaq və inkişafına nail olacaq”. A.Mollazadə Azərbaycan Dillər Universiteti ilə Bakı Slavyan Universitetinin birləşdirilməsi məsələsinin yenidən gündəmə gəlmə ehtimalına da aydınlıq gətirib: “Hesab edirəm ki, bu dövr ərzində Bakı Slavyan Universiteti ilə Azərbaycan Dillər Universitetinin bilrəşdirilməsi tam məntiqli bir qərar olardı. Bu universitetlərin birləşdirilməsi fonunda böyük bir universitetin yaradılması isə Azərbaycan təhsil sistemində əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaq. Çünki böyük universitetlərin imkanları da böyük olur. Xüsusilə də mahiyyətcə bir-birinə yaxın olan bu iki universitetin vahid sistem halında inkişafına ehtiyac var. Nəzərə alsaq ki, Kamal Abdulla BSU-nun qurulması və inkişafının əsas simasıdır və bu universiteti çox yaxşı tanıyır, onda bu birləşmənin çox uğurla gedəcəyini də indidən təxmin etmək mümkündür”. Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev AMEA-nın həqiqi üzvü Kamal Abdullayevin Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.