İşğalçıya və onun havadarlarına aprel XƏBƏRDARLIQ
Beynəlxalq təşkilatlar ikili standratlara son verəcəkmi; Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Qarabağla bağlı Azərbaycan xalqının və dövlətinin yekun mövqeyini ifadə etdi; “Tarixən bizə məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyik”... Prezident İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının (Aİ) Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşü zamanı Dağlıq Qarabağla bağlı rəsmi Bakının qəti və prinsipial mövqeyini bir daha bəyan etdi. Bundan əvvəl dövlət başçısı BMT Baş Assambleyasının tribunasından Ermənistanın işğalçı siyasətinə beynəlxalq aləmin anormal reaksiyasından bəhs etmiş, başında cinayətkarın dayandığı Ermənistanın cəzalandırılması zərurətini nəzərə çatdırmış, ərazi bütövlüyümüzün güzəşt predmeti olmadığını bildirmişdi. Aİ təmsilçiləri ilə görüşdə də prezident İ.Əliyev çox açıq və aydın şəkildə Qarabağla bağlı dövlət siyasətimizi ifadə etdi. Ölkə rəhbəri bildirdi ki, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir. Bu, Azərbaycanla əməkdaşlıq etmək istəyən hər bir beynəlxalq təşkilata verilən mesajdır. Açıqlaması budur ki, Azərbaycanla tərəfdaşlığa önəm verən, Bakını müttəfiq görən istənilən qurum ilk növbədə Dağlıq Qarabağın Azərbaycanın əzəli və əbədi ərazisi olduğunu bütün sənədlərində xüsusi qeyd etməlidir. Fransa səfirinin Dağlıq Qarabağ məsələsinə toxunmasından sonra danışıqların perspektivləri barədə danışan prezident İ.Əliyev bunları vurğulayıb: “Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi. Bildiyimə görə, Ermənistan rəhbərliyinə müxtəlif mənbələrdən, o cümlədən Avropadan mesajlar verilib ki, bu ölkə özünü belə apara bilməz. Onlar əraziləri işğal etməklə yanaşı, etnik təmizləmə aparıb və işğal olunmuş əraziləri viran ediblər. Bütün bunlardan sonra onlar danışıqların bərpası üçün hələ şərtlər də irəli sürürlər. Ancaq bu gün hesab edirəm ki, danışıqlar formatı bərpa olunmaqdadır. Bir neçə gündən sonra mən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin səfirləri ilə görüşəcəyəm və biz gələcək danışıqları, habelə prezidentlər səviyyəsində mümkün görüşü müzakirə edəcəyik. Münaqişəyə yanaşma məsələsinə gəldikdə, xüsusilə də Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik”. İlham Əliyev bir daha bildirib ki, bu səbəbdən Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir: “Ümumilikdə isə bütün beynəlxalq formatlarda belə məsələlər müzakirə edilərkən bizim mövqeyimiz ondan ibarətdir ki, bütün münaqişələrlə bağlı vahid yanaşma olmalıdır. Bütün ölkələrin ərazi bütövlüyü məsələsinə gəldikdə, biz hər bir dövlətin ərazi bütövlüyünü tanıyırıq və bu mövqe tərəfimizdən BMT Baş Assambleyasında və Avropa Şurasında keçirilən səsvermələrdə açıq ifadə olunur. Bu bizim üçün sual deyil, biz istənilən ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Bundan əlavə, hesab edirik ki, ölkənin rəhbərliyinin və xalqının razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz. Bu gün biz İspaniyada və İraqda nələrin baş verdiyini görürük və nəhayət ki, beynəlxalq ictimaiyyət separatizmlə bağlı məsələlərə daha çox diqqət ayırmağa başlayır. Çünki separatizm böyük təhlükədir. Hesab edirəm ki, ərazi bütövlüyü və öz müqəddəratının təyin edilməsi arasında tarazlığı müəyyən etmək çox asandır. Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, burada hər şey aydın ifadə olunub. Ermənistan isə hər iki prinsipin bərabər hüquqa malik olduğunu iddia edərək ictimai rəyi manipulyasiya etməyə çalışır. Öz müqəddəratının müəyyən edilməsi ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağın gələcəyi məsələsinə gəldikdə isə, bizim mövqeyimiz hər zaman ondan ibarət olub ki, gələcəkdə azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə Dağlıq Qarabağda yaşamalıdırlar”. Prezidentin “bizə məxsus torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyik” bəyanatı Azərbaycanı hansısa yollarla güzəştlərə, təslimçi sülhə vadar etməyi qarşısına məqsəd qoyan paytaxtlara ünvanlanan tutarlı mövqedir. Prezident deyib: “Bizim mövqeyimiz çox aydın və sadədir, dəfələrlə ifadə olunub. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Tarix bu faktı təsdiqləyir. Dağlıq Qarabağ Azərbaycanın qanuni hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Biz tarixən bizə məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməli, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır. Sonra sülh olacaq və vəziyyət sabit hesab ediləcək”. Prezident qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək: “Mənim buna şübhəm yoxdur. Məsələ burasındadır ki, biz bunu sülh yolu ilə etmək istəyirik”. Prezident AŞ PA haqda gözləntiləri barədə danışarkən də diqqəti Qarabağ məsələsinə yönəldib: “Bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da”.
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdən danışan prezident qeyd edib ki, seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin, demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı... Göründüyü kimi, Azərbaycanın dövlət başçısı səfirlərlə görüşündə hər şeyi açıq danışıb, kifayət qədər ciddi mesajlar verib. Bu mesajların ana xəttini təşkil edən məqam ondan ibarətdir ki, Azərbaycan onun ərazi bütövlüyünə sayğılı davranmayan qurumlarla əməkdaşlıq etməyəcək, normal əməkdaşlıq yalnız əks halda baş tuta bilər. Bu mövqedən sonra beynəlxalq aləmin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı münasibətində hansı dəyişikliklərin olacağı, işğalçı Ermənistana təzyiqlərin olub-olmayacağı, danışıqlarda yeni mərhələnin yaranıb-yaranmayacağı ətrafında müzakirələrin aparılması təbiidir. Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, prezident İlham Əliyevin istər BMT Baş Assambleyasındakı nitqi, istərsə də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlər Azərbaycanın mövqeyini dəqiq və prinsipial şəkildə ifadə edir: “Cənab prezidentin fikirlərinin alt qatında yatan məna ondan ibarətdir ki, Azərbaycan bu gün regionda və dünyada nəyin baş verdiyinin fərqindədir, beynəlxalq hüququn prinsiplərinə münasibətdə tətbiq olunan ikili standartların hansı geosiyasi maraqlardan qaynaqlandığını yaxşı başa düşür. Və rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllinə, ölkənin ərazi bütövlüyünün təmin olunmasına maneə yaradan real səbəblərin fərqli adlar və məzmunlarla təqdim olunmasına, prosesin süni şəkildə uzadılmasına müşahidəçi qalmaq niyyətində deyil. Kifayət qədər açıq mesajdır və bu mesajlar onu ifadə edir ki, Azərbaycan mövcud status-kvonun qorunub saxlanılmasına xidmət edən prosesdə hadisələrin axarı ilə hərəkət etmək niyyətində deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmalı, işğalçı sülhə məcbur edilməlidir”. Perspektivlərdən bəhs edən E.Mirzəbəylinin sözlərinə görə, əgər beynəlxalq hüquqdan irəli gələn sülhə məcburetmə mexanizmləri beynəlxalq təhlükəsizliyə görə məsuliyyət daşıyan dairələr tərəfindən işə salınmırsa, o zaman Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün öz Konstitusiyasından və BMT nizamnaməsindən irəli gələn vəzifələrin icrasına başlayacaq: “Şübhəsiz ki, bu mesajlardan sonra müəyyən müddət ərzində danışıqlar prosesində irəliləyiş olmazsa, işğalçıya qarşı konkret tədbirlər həyata keçirilməzsə, o zaman problemin hərbi yolla həlli qaçılmaz olacaq. Zənnimcə, ikili standartların düşünmək üçün verilmiş taym-autun çox davam etməsi üçün heç bir yol və vasitə qalmayıb. Azərbaycan prezidentinin çıxışlarında da bu mövqe açıq-aşkar görünür”. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı sözünü dedi. Bu, həm də Azərbaycan xalqının mövqeyini ifadə edir. Prezidentin “ölkənin rəhbərliyi və onun xalqının razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz” mövqeyi əslində Dağlıq Qarabağı Azərbaycandan qoparmaq istəyənlərə və onların havadarlarına növbəti aprel xəbərdarlığıdır.