Hava kəskin pisləşəcək - Temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Hava kəskin pisləşəcək - Temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 09-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 9-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 11-16, bəzi yerlərdə 19, Bakıda gecə 5-7, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 760 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-6, gündüz 15-20, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, martın 9-u gündüzdən martın 10-u gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi, temperaturun ötən günlərlə müqayisədə aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

AzerTaym.az






Fikirlər