"CUMHURİYYƏTİN QURUCULARI BU GÜN AZƏRBAYCANI görsələr, FƏXR EDƏRDİLƏR"
"Bu gün Bakıda ilk dəfə Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək".
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib. O bildirib ki, gələn ay Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edir. Azərbaycan hazırda Avropa İttifaqı ilə yeni əməkdaşlıq sənədi üzərində işləyir. Bütün bunlar Azərbaycanın məqsədinin dostluq və tərəfdaşlığa yönəldiyini göstərir. Nailiyyətlər göstərir ki, Azərbaycan düzgün yoldadır".
Prezident xatırladıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək: "İlk dəfə Şərqdə Azərbaycan xalqı 100 il əvvəl demokratik cəmiyyət quruculuğunu həyata keçirib. İlk dəfə Şərqdə qadınların səsvermə hüququ təmin edilib və bir çox Avropa ölkələrindən əvvəl qadınlara səs hüququ verilib. Ancaq təəssüf ki, iki il sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulub. Müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir. Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik".