İcra başçısının oğlunun milyonluq maşın kolleksiyası – FOTOLAR

Vilyam Hacıyev 25 milyonluq villada yaşayır, İmişli camaatı isə dizə qədər palçığın içindədir
İcra başçısının Nərimanov Prokurorluğunda çalışan oğlu Məhəmməd Hacıyev davaya meylli birisi kimi ad çıxarıb Cəmiyyətdə özünü apara bilməyən məmur uşaqlarının sayı xeylidir.

Qeyd edək ki, prezident İlham Əliyev yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin bir çoxunda bu məsələyə toxunub və cəmiyyətdə özünü apara bilməyən məmur övladlarına xəbərdarlıq edib. 

Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, ölkə başçısının xəbərdarlığına baxmayaraq, hələ də bəzi məmurların övladları qanundan kənar işlərlə məşğul olurlar. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev də cəmiyyətdə özünü normal apara bilmir. 

Prokurorluq orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşlayır və atasının qazandığı pullarla demək olar ki, bütün günü kef çəkir. Məlumatlı mənbənin bildirdiyinə görə, əvvəllər Qaradağ rayon Prokurorluğunda işləyən, sonradan Nərimanov rayon Prokurorluğuna transfer olunan Məhəmməd Hacıyev sırf karyera naminə bu vəzifədə çalışır: «Belə ki, icra başçısının oğlu vaxtının böyük hissəsini özü kimi imkanlı dostları ilə birlikdə şəhərin elit məkanlarında keçirir. Məmur oğlu davaya meyllidir. İndiyə qədər onun iştirakı ilə paytaxtın məşhur restoranlarında bir neçə dəfə kütləvi dava baş verib. Məsələn, bir müddət əvvəl Bakının ən məşhur restoranlarından biri olan «Şirvanşah» restoranında Vilyam Hacıyevin oğlu ofsiantları döyüb. 

O ofsiantı təhqirlə çağırdığı üçün qalmaqal düşüb. Məsələyə restoran rəhbərliyi qarışsa da, icra başçısının oğlu və iki dostu restoranın işçisini əzişdirməyi bacarıblar».

Araşdırmalar nəticəsində onu da öyrəndik ki, icra hakiminin oğlu həm də bahalı maşın kolleksiyasına sahibdir. Məhəmməd Hacıyevin avtomobil kolleksiyasına 10-PP-369 dövlət nömrə nişanlı «Bentley», «Land Rover», 90 AA 369 dövlət nömrə nişanlı «Mercedes S class», həmçinin son model «Mercedes Galendevagen» daxildir. Sonda icra başçısı Vilyam Hacıyevə və oğluna bir sual vermək istəyirik: görəsən, İmişli camaatının dizə qədər palçığa batdığı bir vaxtda, Teymur Əliyev küçəsindəki 25 milyonluq villada yaşamaq çətin deyilmi?
Qeyd edək ki, Məhəmməd Hacıyev İmişli rayonunun mədəni, sosial və iqtisadi həyatını əks etdirən “İmishli Land” jurnalının təsisçisi və baş redaktorudur.  (Gündelikbakı.com)

  






Fikirlər