Əbülfəs Qarayev “Sovetski”də söküntüsünə başlanılan qədim tikililərlə bağlı açıqlamalar verdi, səbəblər göstərdi; “Şəkilləri yayılan binaların arxa və yan divarları çatlayıb, dayanıqlığı itib”
“Sovetski” adlanan qədim məhəllədə tarixi abidələr siyahısında olan binaların sökülməsi ciddi müzakirələrə səbəb olub. Demək olar ki, hər gün mediada və sosial şəbəkələrdə bu mövzu müzakirə olunur. Hətta bir qrup tanınmış şəxslər tarixi binaların sökülməsinin dayandırılması ilə bağlı ölkə başçısına müraciət də ünvanlayıblar.
Lakin söküntü prosesi davam edir. Tarixi əhəmiyyəti olan, orijinal memarlıq üslubu ilə seçilən qədim binaların sökülməsi isə cəmiyyət tərəfindən tarixin məhv edilməsi kimi qiymətləndirilir. Hökumətin isə bu məsələdən geri dönüşü gözlənilmir. Çünki sökülməsi nəzərdə tutulan bir neçə bina Nazirlər Kabinetinin tarixi abidələr siyahısından çıxarılıb.
Prosesə nəzarət edən qurumlardan biri kimi, Mədəniyyət və Turizm Nazirliyi də bu işdə məsuliyyət daşıyan və həlledici qərarlar verən tərəfdir.
“Yeni Müsavat” qəzeti olaraq, “Sovetski”də tarixi abidələrin sökülməsi ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəyini öyrənməyə çalışdıq.
- Əbülfəs müəllim, son günlər mediada və sosial şəbəkələrdə tarixi abidələrin sökülməsi ilə bağlı bir ajiotaj yaranıb. Bu məsələdə rəy verən qurumlardan biri də sizin nazirlikdir. Bilmək istərdik, əslində nə baş verir?
“Burada təkcə nazir və ya baş nazir qərar qəbul etmir. Buna Elmlər Akademiyasının mütəxəssisləri, memarlar, hamısı bir yerdə baxırlar, rəy verirlər”
|
- Əslində şəhər inkişaf edir. Tarixi abidələr isə sökülmür, müvafiq qaydalara uyğun olaraq qorunur. Ancaq orada elə binalar var ki, mütəxəssislərin rəyi və nazirliyin qərarı ilə onların adı qorunan binaların siyahısından çıxarılıb. Bundan əvvəl Elmlər Akademiyasının mütəxəssisləri, Fövqəladə Hallar Nazirliyinin müvafiq tikintiyə nəzarət şöbəsinin işçiləri o binalara baxış keçiriblər, sonradan bu qərar qəbul olunub. Bu, göydəndüşmə və ya birdən-birə kiminsə ağlına gələn qərar deyil. Onların sırasında elə binalar da var ki, artıq dayanıqlığını itirib, ancaq onların bəzi elementləri memarlıq baxımından əhəmiyyət kəsb etdiyindən, xüsusi qrupun nəzarəti altında çıxarılacaq, sistemləşdiriləcək və onlar ayrıca bir yerdə saxlanılacaq. Hələ ki biz bunu belə nəzərdə tutmuşuq. Orada söküntü prosesi bitib, tikinti layihələri, inkişaf başlayanda həmin elementlərin bu ərazidə və ya ayrıca bir yerdə saxlanılması, hansısa binalarda istifadə olunması, onların haqqında ayrıca məlumatların yazılması və çatdırılması, o binaların fotolarının qoyulması (yəni vaxtilə bu yerdə belə bir bina var idi), bununla yanaşı olaraq müvafiq elementlərin də göstərilməsi nəzərdə tutulur.
“Mən özüm də, mütəxəssislərimiz də hər bir binanın aqibətinə çox böyük məsuliyyətlə yanaşırıq”
|
- Sökülməsi haqqında qərar verilən binaların şəkillərinə baxdıqda onların tarixi əhəmiyyət daşıdığını görmək mümkündür.
- Bilirsiniz, burada təkcə nazir və ya baş nazir qərar qəbul etmir. Buna Elmlər Akademiyasının mütəxəssisləri, memarlar, hamısı bir yerdə baxırlar, rəy verirlər.
- Yəni siz bir növ bu işdə məsuliyyəti öz üzərinizdən atırsınız?
- Yox, biz heç bir məsuliyyəti öz üzərimizdən atmırıq. Biz Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş siyahıda olan tarixi abidələrin müdafiəsini təmin etməliyik. Nazirliyin nəzdində buna nəzarət edən yeni qurum yaradılıb.
- Əbülfəs müəllim, cəmiyyəti narahat edən suallardan biri də budur ki, nə baş verdi ki, hazırda sökülməsi nəzərdə tutulan bu binalar Nazirlər Kabinetinin mühafizə olunan binalar siyahısından çıxarıldı? Memarlıq üslubuna görə də kifayət qədər əhəmiyyətli binalardır.
- Bilirsiniz, siz sadəcə şəkillərinə baxırsınız. Mütəxəssislər isə o binaların içinə də baxıblar, dayanıqlığını yoxlayıblar. Bu, bir günün prosesi deyil. Bu məhəllədə (“Sovetski” məhəlləsini nəzərdə tutur-red.) olan şəraitlə hamımız tanış idik, bütün Bakı sakinləri oranın vəziyyətini kifayət qədər tanıyırdı. Bu ziddiyyətlər hər yerdə var, hər zaman da olacaq. Çünki yeniliklər gəlir, nəqliyyat sistemi inkişaf edir, belə qərarların çıxarılmasına ehtiyac olur. Yenə də təkrar edirəm, mən özüm də, mütəxəssislərimiz də hər binanın aqibətinə çox böyük hörmətlə və məsuliyyətlə yanaşırıq. Harada imkan varsa, çalışırıq orada heç nə sökülməsin.
Yeri gəlmişkən, bir məsələyə toxunmaq istəyirəm. Məlumat gedir, guya Memarlar İttifaqının binası da söküləcək. Kimdir onu sökən?!
“Məlumat yayılıb ki, guya Memarlar İttifaqının binası da söküləcək. Kimdir onu sökən?!”
|
O elə binadır ki, sökülməsi heç kimin ağlına da gələ bilməz. Ancaq bir-iki bina var idi ki, girişi gözəl idi, lakin siz onun içini, yan və arxa hissəsini, çat vermiş divarlarını görsəydiniz, deməzdiniz ki, burada yaşamaq mümkündür.
- Bəs o cür binaları bərpa etmək mümkün deyildimi?
- O binaları ki, bərpa etmək olar, onların üzərində ayrıca bir layihələndirmə gedəcək və bərpa olunacaq. Bu indinin söhbəti deyil. Biz sabah da, birigün də belə faktlarla rastlaşacağıq. Bu, daimi prosesdir. Sabah başqa bir yerdə inkişaf gedəcək və orada hansısa problem ortalığa çıxacaqsa, siyahıda olan binanın sökülməsi gündəmə gələcək. Yenə onun üzərində də mübahisə gedəcək, fikir mübadiləsi aparılacaq, mütəxəssislər yoxlayacaq. Bu proses həmişə gedəcək. Bu, təkcə Bakıda yox, bütün dünyada gedən prosesdir.
- Tarixi abidə, arxeoloji qazıntılar güzəşt tələb edir axı...
“O binaları ki, bərpa etmək olar, onların üzərində ayrıca bir layihələndirmə gedəcək və bərpa olunacaq”
|
- Razıyam. Məsələn, mən sizə bir misal çəkim. Bir neçə dəfə yol tikintisi zamanı tarixi əhəmiyyəti olan faktlar aşkar olundu. Biz dərhal tikintini dayandırdıq. Nəqliyyat Nazirliyi ilə danışıqlar apardıq, onları razı saldıq və yolun bir hissəsinin istiqamətinin dəyişdirilməsini təmin etdik. Şabranda tarixi əhəmiyyəti olan arxeoloji qazıntını biz bu cür qoruduq və yolun altında qalmağa, məhv olmağa qoymadıq. Belə faktlar çoxdur, rayonlarda da var, Bakının özündə də.
- Belə çıxır, yerin altından tapılan arxeoloji qazıntılar qorunur, ancaq yerin üstündəkilər qorunmur...
- Bu proseslər hamısı nəzarət altında gedir. Bizim mütəxəssislər oradadır. Lazım olan bütün elementlər saxlanılır, xüsusi qaydada çıxarılıb bir kənara qoyulur. Lakin bu o demək deyil ki, bütün binalar saxlanılmalıdır. Gəlin təsəvvür edək ki, yeni bir küçə salınır və həmin küçənin ortasında bir dənə bina qalır... Bu, tam əhəmiyyətsiz və anormal bir şey olar. Buna kompleks yanaşmaq lazımdır. Yenə də deyirəm, bu, mənim təşəbbüsüm və ya kiminsə ölçülməmiş qərarı deyil. Bu, şəhərin ümumi inkişafı ilə bağlı olan bir prosesdir və biz belə proseslərlə gələcəkdə də rastlaşacağıq.
- Əbülfəs müəllim, bir qrup tanınmış şəxs həmin binaların sökülməməsi üçün ölkə başçısına müraciət edib. Yəqin ki, müraciətlə tanışsınız. Sizcə, müraciətin tarixi binaların sökülməməsi ilə bağlı hər hansı bir rolu olacaqmı?
““Abbas Mirzə Şərifzadənin vaxtilə yaşadığı binanın tarixi əhəmiyyətini nəzərə alaraq, burada hansısa çıxış yolu tapılacaq”
|
- Biz bu məsələyə daha ciddi və daha həssas yanaşacağıq. Sözsüz, bu müraciət mütəxəssislərin bir daha həmin binalara diqqətlə baxıb qiymətləndirməsinə səbəb olacaq. Ancaq qərarın çıxarılmasına nə kimi təsiri olacağını bilmirəm, qərar artıq sonrakı prosesdir.
- Mediada “Abbas Mirzə Şərifzadənin evi söküldü” deyə, xəbərlərə rast gəldik.
- Bəli, onu bilirəm. Biz orada frontonların hamısını çıxartmışıq. Mən bunun necə, nə zaman, harada olacağını bilmirəm, ancaq binanın memarlıq yox, tarixi əhəmiyyətini nəzərə alaraq, burada hansısa çıxış yolu tapılacaq.
- Yəni Şərifzadənin evi sökülməyə bilər?
- Biz frontonları çıxarırıq, sonrasına hələ ki baxacağıq...
- Əbülfəs müəllim, mətbuatın yazdığına görə, Rusiyadan Azərbaycana aviabiletlərin alınması çoxalıb. Bu isə o deməkdir ki, bu il Rusiyadan Azərbaycana gələn turistlərin sayı çox olacaq.
- Bu, təbiidir. Bəs biz nəyə görə Rusiyada təmsilçilik açırıq, sərgilərdə iştirak edirik. Qiymətlər də onları qane edir. İndi bəzi ölkələr rusiyalı turistlərin üzünə bağlı olduğuna görə onlar yeni məkanlar axtarırlar. Azərbaycan da onlar üçün əvəzolunmaz məkandır.
- Yəni Türkiyə-Rusiya münasibətləri də buna bir təkan verdi.
- Sözsüz, elədir. Ancaq həmişə deyirəm ki, heç kəsin çətinliyinə sevinməməliyik və mən arzulayardım ki, rus turistlər də azərbaycanlı turistlər kimi Türkiyəyə də, dünyanın başqa ölkələrinə də getsinlər. Ancaq eyni zamanda bazar özü istiqamətləri müəyyənləşdirir. Orada alternativ axtarılırsa, Azərbaycan öz xidmətlərini təqdim etməyə hazırdır. Biz də bunu etmişik.
“İndi bəzi ölkələr rusiyalı turistlərin üzünə bağlı olduğuna görə onlar yeni məkanlar axtarırlar. Azərbaycan da onlar üçün əvəzolunmaz məkandır”
|
- Bəs Azərbaycanın turizm sektoru buna hazırdırmı? Sizin də bu məsələ ilə bağlı dəfələrlə tənqidləriniz olub ki, xidmət səviyyəsi, hotel işi lazımınca inkişaf etməyib. Turist axını çoxalarsa, vəziyyət necə olacaq?
- Mən öz izahatlarımı vermişəm. Turizm mövsümü başlanıb və hazırlıq işləri davam edir. Lazımi təşkilatlar bu işlərlə məşğuldurlar. Kimi harada nə qane etmirsə, qoy bununla bağlı nazirliyin internet saytı üzərindən bizə məlumat versin.