Neftçala təhsilində acınacaqlı vəziyyət: PUL YIGIMI davam edir
Dosye.org xəbər verir ki, Təhsil Naziri Mikayıl Cabbarov dərs ili başlamazdan öncə məktəb direktorlarına qanunsuz pul yığımları ilə bağlı ciddi göstəriş verib. Nazirin ünvanlandığı xəbərdarlıqda qeyd edilib ki, rüşvət alan müəllimlər, eləcə də məktəb direktorları dərhal işdən azad ediləcək, onlar barəsində qanunvericiliyin tələbinə uyğun olaraq ciddi addımlar atılacaq. M.Cabbarov direktorlara xatırladıb ki, bu günə kimi bir neçə təhsil işçisi məhz işdə verdikləri nöqsanlara görə işdən kənarlaşdırılıblar. Bu gün gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Belə olduğu halda isə bu tədris müəssisələrində şagirdlərdə hələ uşaq yaşlarından rüşvətə alışqanlıq yaradılması, korrupsiya mərəzinin onların şüuruna və qanına yeridilməsi, cəmiyyətimiz üçun məsum bir gəncin narkotik maddələrə alışdırılması qədər və bəlkə də daha çox təhlükəlidir. Təəssüflər olsun ki, nazirin tapşırıqlarına baxmayaraq bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “bayram pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi gülünc adlar altında hələ də rüşvət yığımı davam edir. Nia.az saytının redaksiyasına daxil olan məlumatlarda da vurğulanır ki, bu kimi yığımların xüsusi intensivliyi ilə seçilən tədris müəssisələrindən biri də Neftçala rayon Uşaq İncəsənət və Musiqi Məktəbidir.Nia.az saytına daxil olan məlumata görə, Neftçala rayon Uşaq İncəsənət və Musiqi Məktəbinin direktoru İlram Rəhimli bu ay müəllimlərin aylıq maaşından nə az nə çox 50 faizini kəsərək bildirib ki, bunu məndən Neftçala icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova tələb edir. Məlumat verən mənbə idda edir ki, hətta bir necə müəllim Neftçala rayon prokurorluğuna Neftçala rayon Uşaq İncəsənət və Musiqi Məktəbinin direktoru İlram Rəhimli barəsində ölçü götürülməsi üçün şikayət ərizəsi yazmaq istəyir.Xatırladaq ki, Neftçala icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova rayon təhsilinin «xaç anası» sayılır. Verilən bilgilərdə vurğulanır ki, xanım Sadıqovanın Əjdər Kərimovla birlikdə həyata keçirdiyi işlər isə nəticə etibarı ilə Neftçala təhsilini bərbad vəziyyətə salıb. AzerTaym.az