Ceyhun Cəfərovun qeyri-rəsmi şəkildə Müslüm Məmmədov rayonda keçirilən tədbirlərdə iştirakını yasaqladığı iddia olunur.
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla bu rayondan seçilən yeni millət vəkili Müslüm Məmmədov arasında münasibətlərin qaydasında olmadığı haqqında məlumatlar yayılıb.
Editor.az-a məlumat verən mənbənin sözlərinə görə, hələ seçkilər dönəmində onun Kürdəmirdən deputat seçilməsini istəməyən başçı buna nail ola bilməsə də, seçkilərdən sonra ortaya qəti mövqe qoyub.
Deputat Müslüm Məmmədov artıq 6 aydır ki, millət vəkili mandatı daşımasına baxmayaraq rayonda keçirilən çoxsaylı tədbirlərin heç birində iştirak etməyib. İcra başçısı C.Cəfərovun qeyri-rəsmi şəkildə deputatın rayonda keçirilən tədbirlərdə iştirakını yasaqladığı iddia olunur.
Editor.az-ın əməkdaşı mənbənin dediyi informasiyalarla bağlı Kürdəmir rayon İcra Hakimiyyətinin rəsmi saytında kiçik araşdırma aparıb. Bəlli olub ki, həqiqətən də deputat Müslüm Məmmədov millət vəkili seçildikdən sonra rayonda təşkil olunan heç bir dövlət tədbirində iştirak etməyib. Bu sıraya aprel şəhidlərinin dəfn mərasimi, Ulu Öndər Heydər Əliyevin doğum günü, Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü kimi mühüm dövlət tədbirləri daxildir.
Editor.az iddia ilə bağlı Kürdəmir rayon İcra Hakimiyyəti ilə də əlaqə saxlayıb. İcra başçısının müavini Vəsilə Əsgərli informasiyanı nə təsdiq, nə də təkzib edib: "Məndə bu barədə heç bir məlumat yoxdur" deyib.
Deputat Müslüm Məmmədovla əlaqə saxlamaq cəhdlərimiz isə nəticə verməyib.