VƏLİ Əsgərovu da, istintaqını da bitirirlər...

 Vəli Əsgərovu da, istintaqını da bitirirlər...

Həbsdə olan sabiq milli təhlükəsizlik nazirinin istintaqının tələsik bitməsinin ilginc səbəbi bilindi; vəkil: “Bizə onunla görüşməyə imkan vermirlər”

 

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Əsgərovun barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Cinayət işinin materialları məhkəməyə göndərilib. V.Əsgərovun vəkili Vüqar Xasayev “Yeni Müsavat”a deyib ki, iş üzrə hazırlıq iclası iyunun 8-i, 10:00-a təyin olunub: “İşə Naxçıvan Hərbi Məhkəməsinin sədri Qasım Əliyevin sədrliyi ilə baxılacaq. Bizə məhkəmənin açıq və ya qapalı olması haqda məlumat verilməyib”.
 
V.Xasayev deyir ki, iş materialları ilə tanış ola bilməyiblər. Bu səbəbdən də müdafiə taktikasını necə quracaqlarına qərar verməyiblər: “Biz məhkəməyə faksla məktub göndərmişik. Məktubumuzda siyahı yer alır. Həmin siyahı üzrə iş materiallarında olan sənədlərin müdafiə tərəfinə təqdim olunmasını xahiş etmişik. Biz hazırlıq iclasının təxirə salınmasını və siyahı üzrə iş materialları ilə tanış olub vəsatətlər hazırlamağımız üçün bizə vaxt verilməsini də istəyəcəyik. Çünki ibtidai istintaq dövründə bizə iş materialları ilə tanış olmağa imkan verməyiblər”.
Vəkil istintaqın az qala ildırım sürəti ilə aparılması haqda suala belə cavab verdi: “Sizin sualı istintaq adı altında iş aparanlar cavablandırmalıdırlar. Bunu hansısa maraq üzündən ediblər. Bu ilin martında cinayət işi başlayıb iyunun 5-də işin yekunlaşdığını elan ediblər. Bu müddətdə Vəli Əsgərova özünü müdafiə etməyə imkan verilməyib. Bu işdə nə istəyiblər yazıb-pozublar, indi də işi bu şəkildə məhkəməyə göndəriblər. Vəli Əsgərov ittihamları qəbul etmir”.
 
Vəkil işin bu tezliklə yekunlaşmasının mümkün səbəbi haqda fikirlərini açıqladı: “Bizim işin Naxçıvan Prokurorluğundan alınaraq Bakıdakı müvafiq prokurorluq orqanında araşdırılması ilə bağlı çoxsaylı şikayətlərimiz vardı. Labüd idi ki, işi Naxçıvan Prokurorluğundan alıb Bakıda araşdırsınlar. Bunun qarşısını almaq üçün işi tələm-tələsik yekunlaşdırdılar və məhkəməyə ötürdülər. Məqsədləri işin Bakıdan tələb olunmasının qarşısının alınmasıdır. Düşünürlər ki, işin Bakıdan tələb edilməsinin qarşısını almaq üçün ən ideal variant budur”.
V.Xasayev iş materiallarının içində çox ciddi məsələlərin yer aldığını və bu səbəbdən istintaqın Bakıda araşdırılmasının qarşısının əngəlləndiyini istisna etmir: “İşin Bakıda araşdırılmasının qarşısının alınmasının məqsədi nədir, deyə bilmərəm. İş materiallarını da bizə təqdim etmirlər”.
Vəkil V.Əsgərovun işi üzrə istintaqın Bakıda “MTN işi”nə birləşdirilərək eyni icraatda araşdırılması üçün əsasların olmadığını diqqətə çatdırdı: “Vəli Əsgərovun işinin ”MTN işi"nə aidiyyəti yoxdur. Bu haqda deyilənlər doğru deyil".
V.Xasayev deyib ki, V.Əsgərovu tamamilə qapalı bir şəraitdə saxlayırlar: “Bizə onunla görüşməyə imkan vermirlər. Biz Vəli Əsgərovun vəziyyətinin necə olduğunu bilmirik. Hansı şəraitdə saxlandığı, ona təzyiqlərin olub-olmadığını da söyləyə bilmərik. Çünki israrlı tələblərimizə baxmayaraq, bizə Vəli Əsgərovla görüşməyə imkan vermirlər. Naxçıvan Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi hər vəchlə bizim görüşümüzün qarşısını alır”.
Vəkil deyib ki, Vasif Talıbovun və ailəsinin dinlənilməsi haqda V.Əsgərova ittiham verilməyib.
Qeyd edək ki, bundan əvvəl vəkil Eldar Mahmudovun vəzifədə olarkən Vəli Əsgərova Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovu və ailə üzvlərini dinləməsi tapşırığını verdiyini, lakin sabiq nazirin tapşırığa əməl etmədiyini açıqlayıb. İddia edib ki, V.Əsgərov tapşırığın icrasından imtina edəndən sonra Eldar Mahmudov onun barəsində kompromat material yığmağa başlayıb. Guya Vəli Əsgərov Bakıya vəzifəyə gəlmək istəyir. Bu səpkili dezinformasiyanı Vasif Talıbova ötürüb. Bundan sonra Vəli Əsgərovun başına bu oyunlar gəlib. Vəli Ələsgərov 15 il Naxçıvanın milli təhlükəsizlik naziri olub. Həbsindən bir neçə ay əvvəl general-leytenant rütbəsi verilib. Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan çıxarılandan sonra onun postuna V.Əsgərovun namizədliyi müzakirə olunub. Vəkilləri bildiriblər ki, onun barəsində çirkin kampaniya bundan sonra başlanıb, özünü həbs edib yaxınlarının əmlaklarını əllərindən alıblar, 50-yə yaxın qohumu işdən qovulub.
V.Əsgərovun nazirliyi dövründə Naxçıvan MTN öndə gedən repressiv orqan kimi ad çıxarıb, orada ictimai fəallar, jurnalistlərə qarşı zorakılıqlara yol verilib, şantaj olunub, Naxçıvan sakinlərinin bir neçəsi qurumdakı dəhşətli işgəncələrin sonucu olaraq dünyalarını dəyişiblər. 
Xatırladaq ki, V.Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci - mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə, 308.1-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 309.1-ci vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunub. Bir neçə gün əvvəl isə bu maddələrlə yanaşı, V.Əsgərova telefon danışıqlarını qanunsuz dinləməyə görə CM-in 302.2 - əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma maddəsi ilə də ittiham elan edilib.

 






Fikirlər