"Eldar Mahmudov təklif edib ki, Vasif Talıbovu dinlə...” - vəkildən sensasiyalı açıqlama
Naxçıvanın sabiq milli təhlükəsizlik naziri, hazırda ev dustağı olan Vəli Əsgərov ötən həftə vəkili Vüqar Xasayev vasitəsi ilə ictimaiyyətə vacib hesab etdiyi məlumatları çatdırdı. Vəkil Vüqar Xasayev "Yeni Müsavat” əməkdaşına bildirib ki, Vəli Əsgərovun "vurulması”nın əsas səbəbini açıqlamaq istəyirlər.
Vəkil deyib: "Vəli Əsgərov bu məsələnin ictimailəşməsini istəyir. Eldar Mahmudov vəzifədə olarkən Vəli Əsgərova təklif edib ki, ”sən Vasif Talıbovu və ailə üzvlərini dinlə". Deyib ki, "dinlə və materialı mənə ötür”. Vəli Əsgərov isə bundan imtina edib. Deyib ki, ünvanı səhv salmısan, mən heç vaxt rəhbərimə xəyanət etmərəm. Mən belə qanunsuzluqla məşğul olmaram. İmtina edəndən sonra Eldar Mahmudov onun barəsində konrtmaterial yığmağa başlayıb. Guya Vəli Əsgərov Bakıya vəzifəyə gəlmək istəyir. Bu səpkili dezinformasiyanı Vasif Talıbova ötürüb. Bundan sonra Vəli Əsgərovun başına bu oyunlar gəlib".
Vəkil V.Əsgərovun istintaq təcridxanasına aparılaraq işgəncələrə, qeyri-insani rəftara məruz qaldığının təfərrüatlarını danışıb: "Səhər onun evinə 4 nəfər gəlib və istintaq təcridxanasına aparıblar. Orada başına torba keçirib, boynuna kəndir salıblar. Asacaqlarını, boğacaqlarını deyiblər. Sonra müstəntiq Pərviz Hüseynov təcridxananın zirzəmisinə gəlib. Vəli Əsgərova deyib ki, ”sən mətbuat konfransı keçirirsən, vəkil tutursan. Vəkil bizə nə edəcək? Sənin başına istədiyimiz oyunu gətiririk. Sənə əlavə 2 maddə ilə ittiham verəcəyik. Barəndə qətimkan tədbirini dəyişib göndərəcəyik həbsxanaya".
Vəli Əsgərov deyib ki, nə istəyirsiz edin. Bundan sonra Pərvizə zəng gəlib və Vəli Ələsgərovu yola salıblar. Deyiblər ki, sənin başına oyun açarıq, get sus".
V.Xasayev deyir ki, keçirdikləri mətbuat konfransında Baş Prokurorluğa və digər dövlət qurumlarına etdikləri müraciətlərə hələlik cavab verilməyib.
Qeyd edək ki, Vəli Ələsgərov 15 il Naxçıvanın milli təhlükəsizlik naziri olub. Həbsindən bir neçə ay əvvəl general-leytenant rütbəsi verilib. Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan çıxarılandan sonra onun postuna V.Əsgərovun namizədliyi müzakirə olunub. Vəkilləri bildiriblər ki, onun barəsində çirkin kampaniya bundan sonra başlanıb, özünü həbs edib yaxınlarının əmlaklarını əllərindən alıblar, 50-yə yaxın qohumu işdən qovulub.
V.Əsgərovun nazirliyi dövründə Naxçıvan MTN öndə gedən repressiv orqan kimi ad çıxarıb, orada ictimai fəallar, jurnalistlərə qarşı zorakılıqlara yol verilib, şantaj olunub, Naxçıvan sakinlərinin bir neçəsi qurumdakı dəhşətli işgəncələrin sonucu olaraq dünyalarını dəyişiblər.(musavat.com)