Qarabağın azərbaycanlı icması ERMƏNİ icmasından cavab istəyir
“ATƏT-in fəaliyyətdə olan sədri və Almaniyanın xarici işlər naziri Frank Volter Ştaynmayer Bakıda olan zaman biz ondan Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil edilməsini istədik. Müraciət edərək bildirdik ki, uzun müddətdir ki, Ermənistan tərəfinin münaqişədə ortaya qoyduğu qeyri-konstruktiv mövqeyə görə icmaların görüşü baş tutmur”. Bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycaqnı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib. O bildirib ki, Azərbaycan tərəfi erməni icması ilə hələ də dialoq axtarışındadır: “Qarşı tərəf bu dialoqdan imtina edir və görüşə gəlmir. Çünki hesab edirəm ki, onların deməyə sözü olmayacaq. İstənilən halda icmaların görüşməsi mütləq lazımdır. Hesab edirəm ki, Almaniya da bu istiqamətdə öz töhfəsini verə bicək bir dövlətdir”. R.Rzayevin sözlərinə görə, icmaların görüşünün təşkili üçün ATƏT-in və digər təşkilatların qərarını gözləyirlər: “Ştaynmayerə də bu barədə fikirlərimizi çatdırdıq. İndi hələ də ATƏT-in və digər beynəlxalq təşkilatların bu məsələdə ciddi, ədalətli, açıq və konkret mövqelərini gözləyirik. Biz hər zaman Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq bölgənin erməni icması ilə görüşə və dialoqa hazırıq. Hələ ki biz bu görüşün nə zaman baş tuta biləcəyini deyə bilmərik”.