Müəmmalı şəkildə HƏLAK olan birinci prokuror

8 oktyabr Azərbaycan Respublikasının ilk Baş Prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İsmət Qayıbovun anadan olduğu gündür.

AzerTaym.az Femida.az-a istinadən unudulmaz baş prokurorun xatirəsinə həsr edilmiş yazını təqdim edir.

Kimdir İsmət Qayıbov?
Qayıbov İsmət İsmayıl oğlu 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olub. Onun valideynləri, atası İsmayıl və anası Füruzə Respublikanın əməkdar müəllimi olub. Bunun da gələcək prokurorun həyatında rolu böyükdür.

Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə alan gələcək prokuror, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini bitirir.

1963-cü ildə əmək fəaliyyətinə başlamış, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1969-cu ildə Əli-Bayramlı Şəhər ( indiki Şirvan) Komsomol Komitəsinin birinci katibi seçilir.
1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilir.

1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987-1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışmışdır.

Ailəsi….
İsmət Qayıbov Leyla adlı bir xanımla ailə həyatı qurur. Onların bu nikahdan iki övladı olur. Qızları Firuzə, oğlu isə İsmayıl Qayıbov. Maraqlı məqamlardan biri də, onların övladlarına qoyduğu adların ata-analarının adı ilə bağlıdır.
Jurnalistlər İttifaqının üzvü Aida Eyvazova mərhum prokurorun oğlu İsmayıl Qayıbovla görüşünü belə xatırlayır:

“ Həmin o müdhiş və ağır ayrılıq günlərini xatırlamaq üçün Respublika Baş Prokurorluğunun Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət idarəsinin prokuroru İsmayıl Qayıbovla görüşdüm. Və bu görüşdən ürəyimdə bir azca sevinc göyərdi desəm, inanın mənə. İsmayılın səsi, ədaları da, danışıq tərzi də İsmət Qayıbova çox bənzəyir. İsmayıl dedi ki, atası haqqında atası olduğu üçün deyil, ədalətli orqan işçisi, gözəl bir insan olduğu üçün belə ürəklə danışır: 
- İndi məsləhətləşməyə bir kimsə tapmıram. İnsanın elə anları olur ki, məhz atasına çox ehtiyac duyur. Atamdan sonra çox şeylərə öyrəşirəm. Onun haqqında danışılanların artıq xatirə olmasına da, ondan sonra Azərbaycanda baş verən itkilərimizə də. Hətta yaxşını pisdən ayırd etməyi də, atamın yoxluğu öyrədib mənə. Dostlarını da saf-çürük etmişəm. Atamı unutmayanlar onu təkcə 20 noyabrda deyil, həm də 8 oktyabrda - doğulduğu gündə də yad edirlər. Atamın sağlığında “vəfalı” dost-tanışlarının bugünkü vəfasızlığını görəndə isə təəccüblənmirəm. Bü gün gördüyüm hər bir işə əvvəla atamın gözü ilə baxıb, sonra qərar qəbul edirəm. Əgər bundan sonra yaşadığım ömrümü atam kimi yaşamasam, onun adı ilə öyünməyə haqqım olmaz. İşimlə bağlı bir çox rayonlara gedirəm. Kimsə biləndə ki, İsmət Qayıbovun oğluyam, onu bir daha hörmətlə və məhəbbətlə yad edirlər, sevinc hiss keçirirəm, qürur duyuram. 

 İsmət Qayıbovun həyat yoldaşı Leyla xanım isə heç cürə bu ayrılığa öyrəşə bilmir. 20 noyabr 1991-ci ildə əlində tikib qurtara bilmədiyi yaşıl rəngli donluğu isə elə həmin gündən yarımçıq qaldı. İstəyirdi ki, bu yaşıl paltarı nəvələrinin babası qayıdandan sonra, göyərən, çiçək açan ümidi kimi tikib geyinsin əyninə. 




Müstəqil Azərbaycanın ilk prokuroru….

Onu əbədiləşdirən xüsusiyyətlərdən biri də, müstəqil Azərbaycanın ilk prokuroru olması məsələsidir. İsmət Qayıbov 1990-cı ilin avqustunda Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilir.Daha sonra isə müstəqillik əldə edən Azərbaycan Respublikasının ilk Baş prokuroru olur.Ancaq o bu vəzifədə cəmi bir il işləyə bilir.Vəzifəyə gəldiyi ilk gündən Azərbaycanın mənafeyini hər çeydən üstün tutan baş prokuror, erməni məsələsində də kifayət qədər ciddi idi. Bu səbəbdən də düşmən onu qara siyahıya salmışdı.
Prokurorun son müsahibəsi…



1991-ci ildə İsmət Qayıbovun verdiyi müsahibə mövzusu ilə xüsusi maraq kəsb edir. İ.Qayıbov Dağlıq Qarabağda baş verənlər barədə danışır. O, erməni hərbi dəstələrinin cinayətkar əməllərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edir.
Baş prokuror həmçinin Sumqayıt hadisələri ilə bağlı şərh verir və bildirir ki, o şəxsən 96 nəfər barəsində həbs-qəti imkan tədbiri seçib. Amma erməni separatçılarının törətədiyi cinayət nəticəsində asudə gəzmələrindən qəzəblə danışır.

Quqarkda azərbaycanlılara qarşı tördələn dəhşətli qırğına görə cəmi 4 erməninin saxlandığını deyən İ.Qayıbov “Bu dəhşətdi. Biabırçılqdı” deyir.

“Hər kəs öz günahına görə cavab verməlidir”-deyə İ.Qayıbov vurğulayır.

Mərhum baş prokuror 20 yanvar faciəsini “Azərbaycan xaqlnın öz müstəqilliyi uğrunda apardığı mübarizə” adlandırır və bildirir ki, “bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrı çıxmışdılar”.

İsmət Qayıbov ermənilər tərəfindən “qara siyahıya” salınmışdı. Baş prokurur Xankəndi və Dağlıq Qarabağın digər yerlərində ermənilər tərəfindən aparılmış etnik təmizləməni araşdıran istintaqa rəhbərlik etmiş, bu vəhşiliyin ermənilər tərəfindən törədildiyini subut etmişdi. Bəlkə də elə bunlar onun faciəli şəkildə ölümünün əsası oldu.

Müəmmalı ölümün açılmayan sirri….

Qısaca da olsa yaxın keçmişimizə, 20 noyabr 1991-ci ilə qayıdaq. 

“20 noyabr 1991-ci il.... Həmin gün respublikamızı acı bir xəbər sarsıtdı. Hərbi vertolyot qəzaya uğrarıb, şəxsi heyətin və sərnişinlərin hamısı Dövlət katibi T. İsmayılov, Baş prokuror İ. Qayıbov, dövlət müşaviri M. Əsədov, baş nazirin müavini Z. Hacıyev, deputatlar V. Məmmədov və V. Cəfərov, nazir müavini Q. Namazəliyev , Prezident Aparatında şöbə müdiri O. Mirzəyev , dövlət katibinin köməkçisi R. Məmmədov , telejurnalist A. Mustafayev, operator F. Şahbazov, işıqçı A. Hüseynzadə, DQMV prokuroru İ. Plavski, generallar R. Jinkin və V. Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi S. İvanov, Rusiya və Qazaxıstan müşahidəciləri M. Lukaşov, V. Koçerov, S. Serikov və heyət üzvləri V. Kotov, G. Domov, D. Yarovenko həlak olublar. Hamı eşitdiyi acı xəbərin sarsıdıcı təsiri altında oldugu bir vaxtda, hər kəsin əsəblərini bir az da gərginləşdirən daha bir xəbər: “Hərbi vertolyot dumanda dağa dəyib.” Halbuki qəza baş verən yerdə nə dağ var, nə də qayalıq...

 

Noyabrın 20-də həmin ərazinin nə dağında, nə aranında duman-çən olmayıb. Ağdam təyyarə vağzalının rəisi M. Məmmədov o vaxt müxbirlərlə söhbətində deyib: 
 

-Noyabrın 20-də iki təyyarə qəbul etmişik. Deməli, havanın uçuş üçün əlverişsiz olması fikri tamamilə əsassızdır. 
 Ağdamın Mərzilli kəndi, Martuni rayonundakı Qarakənd kəndi ilə qonşuluqda yerləşir. Həmin gün “Bir May ” kolxozunun çobanı Şəfa Babayev burada qoyun otarırmış. O, qəzanın necə baş verdiyini görən, bəlkə də yeganə şahiddir. 

-Günorta üstüydü. Bir vertolyot Ağdamdan Martuni tərəfə uçurdu. Qəfildən güllə səsi eşitdim. İkinci güllədən sonra vertolyotun səsi dəyişdi, az sonra isə dəhşətli gurultu qopdu. Ara sıra güllə atılırdı.Çox keçmədən göyə qalxan alov dilləri göründü. Axırıncı güllə səsindən az sonra hadisə yerinin lap yaxınlığında bir maşın peyda oldu. O yerlərə yaxşı bələdəm. Vertolyot partlayan yerdən Qarakəndə torpaq yol uzanır. Yük maşını həmin yolla sürətlə kəndə tərəf gedirdi. 
Hadisə olan yerdə nə hündür dağlar var, nə də sıldırım qayalar. Adicə təpəlikdir. 

Daha bir cəhət: hadisə əvvəllər deyildiyi kimi 16-30-da deyil, günorta radələrində baş verib. Respublika prokurorluğu xüsusi istintaq qrupunun rəyi belədir. 

Bir neçə gün idi ki, Martuni rayonunun Xocavənd kəndi erməni quldurları tərəfindən dağıdılmış, əhali kənddən qaçmaga məcbur olmuşdur. Azərbaycan Respublikasının dövlət katibi T. İsmayılov, dövlət müşaviri M. Əsədov, Prezident Aparatının şöbə müdiri O. Mirzəyev, jurnalist A. Mustafayev, deputatlar B. Məmmədov, B. Cəfərov və başqa rəsmi şəxslər də elə həmin gün, yəni noyabrın 20-də Bakıdan Ağdama gəlib, qaçqınlarla görüşüb, vəziyyətlə daha yaxından tanış olmaq məqsədilə Xocavəndə getməyi qərara alıblar. Fövqəladə vəziyyət rayonunun komendantı N. Jinkin, vilayət prokuroru İ. Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi V. Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi S. İvanov da elə bu məqsədlə Stepanakertdən (Xankəndi) Ağdama gəliblər. Baş prokuror İ. Qayıbov, nazir müavini Q. Namazəliyev isə artıq bir necə gün idi ki, Ağdamda idilər. Beləliklə, “Necə olub ki, bu qədər məsul adam eyni vaxtda, eyni vertolyotda olub?” Respublikanın və fövqəladə vəziyyət rayonunun məsul işçiləri, Rusiyanın və Qazaxıstanın müşahidəcilər qrupunun üzvləri Xocavəndə getmək, dağılmış, yandırılmış evləri öz gözləriylə görmək, müvafiq tədbirlər müəyyənləşdirmək istəyirdilər. 

Ağdam rayonu icra hakimiyyətinin başçısı, hərbi vertolyotun partlaması səbəblərini təhqiq edən dövlət komissiyasının üzvü S. Verdiyevin dediklərindən:
-Qəzadan təxminən yarım saat əvvəl bir yerdə idik. Operativ müşavirə keçirtdik. T. İsmayılov Qaradağlı, Umudlu, Sırxavənd kəndlərinə də getmək istəyirdi. O, fövqəladə vəziyyət rayonunun komendantlığından regionda tezliklə qayda-qanun yaradılmasını, vilayətin quldur dəstələrindən təmizlənməsini tələb edirdi.

Respublika prokurorluğu istintaq idarəsi rəisinin müavini A. Ağayevin rəhbərlik etdiyi xüsusi istintaq qrupu artıq bəzi məsələləri aydınlaşdırmışdılar.
-Vertolyotda güllə yerlərinin olması şəksizdir, - deyə Ağayev məlumat verir.- Hələlik istintaq gedir. Hər şey diqqətlə araşdırılır. Xəbər verildiyi kimi, hərbi qulluqçuların və hüquq mühafizə orqanları əməkdaşlarının üstündə 12 tapança olmuşdur. Qəzadan iki gün sonra onlardan 4-ü tapılmışdır. 

Müşahidələrimizə aydınlıq gətirə biləcək daha bir məsələ budur ki, erməni quldurlarının vertolyota atəş açmaları birinci dəfə deyil. Hərbi vertolyota isə, bəlkədə ilk hücumdur. Bəlkə də, onlar hərbi vertolyotda kimlərin getdiyini bilirdilər? Araşdırılmalı, aydınlaşdırılmalı çox məsələ var. 
Müəmmalı “qara qutun”-nun qara taleyi….

 Yeri gəlmişkən,deyək ki, “qara qutu”nun hansı əllərdə olması hələ də naməlumdur. 

SSRİ xalq deputatı Qalina Staravoytova həmişəki kimi yenə də uydurdu: Vertolyot ağaca toxunub. Ermənistan Daxili İşlər naziri Aşot Manuçaryan isə necə deyərlər, “kəndirini itirdi”: 
 Siz özünüz də dediniz ki, vertolyot dumana düşüb, dağa dəyib.

Martuni rayonunun Qarakənd kəndi yaxınlığında partladılmış hərbi vertolyotun “qara qutu”su əvvəlcə Gəncəyə, oradan da Moskvaya aparılıb. Məsələ burasındadır ki, Gəncədə onu “danışdırmaq” mümkün olmayıb. Mütəxəssislər bunu qara qutunun güclü deformasiyaya uğraması ilə izah etdilər. 
 Ona görə də “qara qutu” Moskvaya aparıldı. Ancaq aparıldı. 

Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovniki İ.Lazukitin 248-ci maddə ilə (RF CM) (Uçuşunun düzgün idarə olunması və insan təlafatı") cinayyət işi açdı. Polkovnik İ.Lazutkin ilkin istintaq materiallarını düzgün tərtib etmədiyindən heç nə anlamaq olmur. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya "..ermənilər göstərib..." 

Polkovnik bu terror aktını adi bir qəza kimi soyuqqanlıqla şərh edirdi. Helikopterin "qara qutusu"nu da əlinə keçirən polkovnik oldu. Ona toxunmaq qadağan edildi bele bir məlumatda yaydı ki, "qara qutu" "istidən" və yanğından", "partlayışdan" (onun sozləridi)... sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssislər yaxına buraxılmadı. Halbuki, "qara qutu" Gəncədəki avia təmiri zavodunda aşkarlana bilərdi. Lakin prokuror İ.Lazutkin öz yalanlarına davam edirdi. Onun əzilməsi və sıradan çıxması üçün 3.800 dərəcə istilik lazım idi. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi, vertolyotun vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir”. 

Tarixin qaranlıq səhifələrində qərq olan bu hadisə ölkədə böyük narazılığa və böyük hiddətə səbəb oldu. Bu faciəyə baxmayaraq, Azərbaycan xalqı bu gün də İsmət Qaibovu böyük etiramla xatırlayır. Mərhum baş prokurorun abidəsi Fəxri Xiyabanda yerləşir.






Fikirlər